Azərbaycanda “İnsan Hüquqları Aylığı” elan olunub

Bununla bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dövlət və yerli özünüidarə orqanlarına, elm, təhsil və tibb müəssisələrinə, vətəndaş cəmiyyəti institutlarına müraciət edib.

Müraciətdə deyilir:

“Məlum olduğu kimi, Azərbaycanın müxtəlif inkişaf mərhələlərində insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına xidmət edən bir sıra strateji əhəmiyyətli sənədlər – dövlət proqramı, milli fəaliyyət planı və proqramı hazırlanmış və təsdiq edilərək icra olunmuşdur. Böyük ehtiram hissi ilə qeyd etmək lazımdır ki, ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində təsdiq edilmiş və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunmuşdur.Bunu nəzərə alaraq ölkə başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edilir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, həmin əlamətdar gün ərəfəsində ölkədə “İnsan Hüquqları Aylığı” (18 may - 18 iyun) elan edirəm. Bununla əlaqədar dövlət və yerli özünüidarə orqanlarına, elm, təhsil və tibb müəssisələrinə, vətəndaş cəmiyyəti institutlarına, o cümlədən qeyri-hökumət təşkilatları və mediaya müracət edərək təşəbbüsümüzə qoşulmaqla Aylıq çərçivəsində insan hüquqlarına həsr olunmuş silsilə tədbirlər təşkil etməyə çağırıram. Hər il olduğu kimi builki Aylığın da elan olunmasında əsas məqsəd insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, əldə olunmuş nailiyyətlər barədə ictimaiyyəti məlumatlandırmaq, mövcud problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən etmək, habelə əhalinin hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyin yolverilməzliyinin zəruriliyini diqqətə çatdırmaqdan ibarətdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli Sərəncam ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır.  Azərbaycanın Konstitusiya quruluşunun tarixi hələ SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. SSRİ dövrünün son Konstitusiyası isə 1978-ci ilin aprelin 21-də qəbul edilmiş qanunvericilik toplusudur.

Müasir dövrdə ictimai həyatın, cəmiyyətin harmonik və sabit inkişafının təmin edilməsi hüquqi dövlət quruculuğunun əsas istiqamətləri sayılır.

Vətən müharibəsindəki qələbə, antiterror tədbirləri nəticəsində suverenliyimizin bərpa olunması müasir Azərbaycanın yeni inkişaf mərhələsini formalaşdırır. Atdığı addımlarda, apardığı uğurlu siyasətdə hər zaman beynəlxalq hüquqa və ədalətə, Konstitusiyaya (Əsas Qanun), bir sözlə ali hüquqa və qanuna əsaslanan dövlətimiz bütün dünyaya nümunə təqdim edir. 1995-ci il noyabr ayının 12-də  ümumxalq səsverməsi (referendum) yolu ilə ilk milli Konstitusiyamızın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri kimi tarixə yazıldı. Konstitusiyamızda insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.

Ombudsman - İsveç mənşəli sözdür. Mənası müvəkkil, sədr deməkdir. Ombudsman dedikdə; parlament tərəfindən insan hüquq və azadlıqlarının müdafiəçisi kimi səlahiyyət verilən, dövlət funksiyalarının daşıyıcısı olan vəzifəli şəxslərin üzərində birbaşa parlament nəzarətini həyata keçirən, lakin onlar tərəfindən qəbul edilmiş qərarları dəyişdirmək hüququ olmayan, etibarlı və layiqli vəzifəli şəxs başa düşülür. Şikayətləri qəbul edən rəsmi şəxsə verilən addır.

Ombudsman təsisatı nə qanunverici, nə icra, nə də məhkəmə hakimiyyətinə aid olmayan, ilkin öz mahiyyətinə görə dövlətin ali təsisatlarına aid orqandır. Ombudsmanın birinci səciyyəvi əlaməti onun tam müstəqiliyyidir. Dünya təcrübəsinə görə, bu orqan parlament tərəfindən təsis olunur və onun qarşısında hesabat verir.Ombudsman, funksiyalarını vətəndaşların tələbləri və şikayətləri üzrə öz şəxsi təşəbbüsü ilə həyata keçirir. Ombudsmanın hüquq statusu Konstitusiya və digər hüququ aktlarla müəyyən edilir.

İnsan hüquqlarına hörmət cəmiyyətin demokratikliyini sübut edən əsas atributlardan biridir. Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda qəbul edilən Konstitusiyası insan hüquqlarının və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çəkib. Azərbaycan Konstitusiyasının təxminən üçdə biri birbaşa insan hüquq və azadlıqlarının təsbitinə və qorunmasına həsr olunub.

Müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının təmini istiqamətində baş verən bütün köklü müsbət dəyişikliklər Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar nəticəsində mümkün olub. Bu sahədə bir çox sənədlər qəbul edilib. Həmin siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamına əsasən, hər il 18 iyun Azərbaycanda “İnsan hüquqları günü” kimi qeyd olunur. Bu isə müstəqil dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin bariz nümunəsidir.Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra, ölkədə bu sahədə demokratik, hüquqi islahatların həyata keçirilməsi və insan hüquqlarının səmərəli təmini məqsədilə institusional mexanizmlər sistemi yenidən qurulmuşdur.

Son dövrlər aparılmış hüquqi islahatlar nəticəsində insan hüquq və azadlıqlarının təminatı sahəsində bir çox beynəlxalq prinsiplər Azərbaycanın milli qanunvericiliyində öz əksini tapmışdır. Lakin bəzi humanitar aspektlərdə insanların elan edilmiş hüquqlarının müdafiəsinin daha da təkmilləşdirilməsi, beynəlxalq norma və standartlara uyğun təşkilinə ehtiyac duyulurdu. Bu səbəbdən, Ombudsman vəzifəsinin təsis olunması bizim gerçəkliyimizin mühüm tələbatı idi. Bu təsisatın yaradılması hüquq-müdafiə strukturları sistemini tamamlamaqla, həm də mövcud boşluqları aradan götürərək, insanların hüquq və azadlıqlarının müdafiəsi mexanizmində qüsurları aradan qaldırmaq üçün yeni imkanlar yaratmış oldu.

Azərbaycan Respublikasında insan hüquqlarının təmin edilməsini ümumdövlət vəzifəsi hesab edərək, ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanda nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 18 iyun 1998-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “İnsan Hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda İnsan Hüquqları üzrə Müvəkkil təsisatının yaradılması nəzərdə tutulmuşdur.

28 dekabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edildi, 5 mart 2002-ci ildə isə ölkə başçısı tərəfindən bu Qanunun tətbiq edilməsi haqqında Fərman imzalandı və beləliklə də təsisatın yaradılması və fəaliyyət göstərməsi üçün hüquqi baza yaradıldı.

Azərbaycan Respublikasının ilk Ombudsmanı 2002-ci il iyulun 2-də Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Prezidentinin təqdim etdiyi üç namizəd arasından 111 səslə  seçildi. Müvəkkilin seçilməsindən üç ay sonra, 2002-ci il oktyabrın 28-də artıq Ombudsman Aparatında ərizəçilərin qəbuluna və şikayətlərin araşdırılmasına başlanıldı.

Hazırda Azərbaycanda  İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

Səbinə Yaşar qızı Əliyevadır (7 may 1980, Bakı). O,  ixtisasca  hüquqşünasdır. 2019-cu ildən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili, 29 noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Ombudsman vəzifəsinə irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən Ombudsman seçilmişdir. Səbinə Əliyeva bir sıra beynəlxalq konfranslarda, o cümlədən Çin, Avstriya, Böyük  Britaniya və Yunanıstanda keçirilən simpoziumlarda iştirak etmişdir. MDB-nin Parlament Assambleyasının xüsusi kurslarını bitirmişdir. Türkiyə Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təşkil olunmuş Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının “Söz və toplaşmaq azadlığı” mövzusunda keçirilən yay məktəbinin iştirakçısı olmuşdur. Almaniya Federativ Respublikasında “Hüquqi transformasiya naminə hüquqi dialoq” adlı təlimlərdə, Fransanın Sarbon Biznes Məktəbində “Liderlik və strateji idarəçilik bacarıqları” adlı seminarda iştirak etmişdir. Rus və ingilis dillərini bilir.  27 iyun 2013-cü ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı medalı ilə, 29 dekabr 2020-ci ildə “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə, eləcə də bir neçə yubiley medalı ilə təltif edilmişdir.

İstifadə edilmiş resurslar:

1.https://az.wikipedia.org/wiki/Ombudsman

2.https://ombudsman.az/az/pages/1

3.https://www.copat.gov.az/az/news/18-iyun-milli-insan-huquqlari-gunu

4. https://sinxronfenler.blogspot.com/2025/05/2025-ci-il-konstitusiya-v-suverenlik-ili.html

5.https://www.gununsesi.info/az%C9%99rbaycanda-insan-huquqlari-ayligi-elan-olunub/

Hazırladı:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.