Yoxluq,
gizliliyində bir xoşbəxt işıq saçdı,
Vücuda
gələn kimi hamıya qapı açdı.
-N. Gəncəvi. “Xəmsə”. Gənclik
nəşriyaytı. Bakı 1981. səh. 28.-
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 28 dekabr
2024-cü il tarixli Sərəncam
ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.
1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın
ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi
hələ SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin
mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə
1925-ci il martın 14-də qəbul olunmuşdu. SSRİ dövrünün son Konstitusiyası isə
1978-ci ilin aprelin 21-də qəbul edilmiş qanunvericilik toplusudur.
Müasir dövrdə ictimai həyatın, cəmiyyətin harmonik
və sabit inkişafının təmin edilməsi hüquqi dövlət quruculuğunun əsas istiqamətləri
sayılır.
Vətən müharibəsindəki qələbə, antiterror tədbirləri
nəticəsində suverenliyimizin bərpa olunması müasir Azərbaycanın yeni inkişaf mərhələsini
formalaşdırır. Atdığı addımlarda, apardığı uğurlu siyasətdə hər zaman beynəlxalq
hüquqa və ədalətə, Konstitusiyaya (Əsas Qanun), bir sözlə ali hüquqa və qanuna əsaslanan
dövlətimiz bütün dünyaya nümunə təqdim edir.
1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni
Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə hakimiyyətdə
olan qüvvələrin yarıtmaz fəaliyyəti ölkədə Konstitusiya qəbulunu mümkünsüz
etdi. Həmin illərdə dövlətin daxilindəki anarxiya, özbaşınalıq, dövlət idarəçiliyi
mexanizmlərinin formalaşdırılmaması vətəndaşların azad, hüquqi təminatını da təhlükə
qarşısında qoyurdu. 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə ilk
milli Konstitusiyamızın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən
biri olmaqla yanaşı, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi
qarşısındakı böyük xidmətlərindən biri kimi tarixə yazıldı. Konstitusiyamızda
insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya
ideallarına sadiqliyinin göstəricisidir.
Azərbaycan Respublikasının Konstitusiyasında
BMT-nin 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq
müqavilələrdə nəzərdə tutulmuş insan hüquq və azadlıqları əhatəli şəkildə təsbit
olunub.
Müstəqil Azərbaycanın Əsas Qanunu eyni zamanda,
milli inkişafın dərin siyasi-hüquqi əsaslarını formalaşdırdı. İlk milli
Konstitusiyamızın Azərbaycanın hüquqi, demokratik dövlət kimi formalaşmasındakı
rolu əvəzolunmazdır. Konstitusiya ölkəmizdə hakimiyyət bölgüsünü təmin etməklə
yanaşı, subyektlərin fəaliyyətinə hüquqi zəmində əlverişli şərait yaradıb.
Bütün bunların fonunda isə həyata keçirilən islahatların davamlılığını təmin
etmək mümkün oldu.
Sonrakı illərdə Kosntitusiyaya edilən əlavə və dəyişikliklər
müasir çağırışları və yenilikləri özündə əks etidirməkdədir. 24 avqust 2002-ci
il, 18 mart 2009-cu il, 26 sentyabr 2016-cı ildə keçirilən ümumxalq səsverməsi
- referendumlarda həyata keçirilən əlavə və dəyişikliklər qanunvericilik
bazasının zənginləşməsi, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsinin
genişlənməsi, sosial-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin
artırılması istiqamətlərində müstəsna əhəmiyyət kəsb etdi.
Konstitusiyanın preambulasında Azərbaycanın dövlət
müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən
biri kimi göstərilir. 30 ildən artıq davam etmiş erməni işğalı suveren
hüquqlarımızın ölkəmizin bütün ərazilərində tətbiqini mümkünsüz etmişdi.
Torpaqlarımızın 20 faizə yaxınını 30 il ərzində işğal altında saxlayan Ermənistan
beynəlxalq hüququ pozmuşdu. Müstəqillik dövründən indiyə qədər ölkəmiz bütün
daxili, hərbi resurslarını bu problemin həllinə, Konstitusiya ilə bəyan edilmiş
suveren hüquqlarımızın bərpasına səfərbər etdi. Bu mənada, Ermənistanın
işğalçılıq siyasətinə qarşı aparılan mübarizə həm də Konstitusiyanın müddəalarının
bərpası uğrunda aparılan bir mübarizə idi.
Ötən müddət ərzində ərazi bütövlüyünün,
suverenliyinin bərpa edilməsi müasir Azərbaycan tarixinin ən mühüm hadisəsinə
çevrildi. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq
başlanmış Vətən müharibəsində əldə edilmiş Zəfər, eləcə də 2023-cü il
sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı sayəsində ərazi
bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Bu isə həm də o demək idi ki,
artıq Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə
bərqərar olub. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr
tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan
Respublikasında Dövlət Suverenliyi Günü elan edilib.
Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli sərəncam
ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan
edilmişdir. Məhz bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan
Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsinin 30
illiyi və 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq
başlanmış Vətən müharibəsində tarixi Zəfərin 5-ci ildönümüdür.
Bu sərəncam dövlətçilik tariximizin daha da dərindən
öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı cənab İlham
Əliyev tərəfindən imzalanan sərəncam ölkəmizin keçmişi, bu günü və gələcəyi
üçün xüsusi məna ifadə edərək, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin
yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün bir fürsət kimi dəyərləndirilə
bilər.
“Konstitusiya və Suverenlik İli” dövlətin hüquqi əsaslarının
möhkəmləndirilməsi, dövlət suverenliyinin daha da gücləndirilməsi məqsədi
daşıyır.
İstənilən xalq üçün müstəqil, suveren dövlətini
yaratmaq və onu inkişaf etdirmək ən böyük nailiyyətdir. Ərazi, əhali və siyasi
hakimiyyət kimi əsas atributları özündə ehtiva edən hər hansı siyasi varlığın
dövlət olması üçün suverenlik, müstəqillik xüsusiyyətinə malik olması vacib şərtdir.
Suverenlik istənilən dövlətin mövcudluğunun və davamlı inkişafının ilkin və əsas
şərti qismində çıxış edir.
1990-cı illərin əvvəllərindən hərbi təcavüz ilə üzləşən
ölkəmiz beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərinin 20%-nin işğal
edilməsi ilə qarşı-qarşıya qaldı. Ermənistanda və işğal olunmuş torpaqlarımızda
azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə və hərbi
cinayətlər törədilmiş, təbii resurslar talan edilmiş, şəhər və kəndlərimiz
viran edilmişdir. Lakin bu ərazilər otuz ilə yaxın müddət ərzində işğal altında
qalsa da, hər zaman suveren Azərbaycan əraziləri olaraq tanınırdı.
Qeyd edilməlidir ki, istənilən dövlətin mövcudluğu
və inkişafı dövlət hakimiyyətinin təşkilinə dair əsas konstitusiya prinsiplərinin
mövcudluğu ilə şərtlənir. Belə ki, hər bir hüquqi dövlətin Konstitusiyası bu təməl
prinsipləri müəyyən edərək, insan hüquqları və azadlıqlarının müdafiəsi, hakimiyyətlərin
bölgüsü və digər bir sıra mühüm hüquqi başlanğıcları özündə ehtiva edir.
1995-ci il iyunun 5-də yeni Konstitusiya layihəsini
hazırlayan Komissiyanın ilk iclası keçirilmişdir. Həmin iclasda geniş nitq ilə
çıxış edən Ulu öndər Heydər Əliyev dövlətimizin konstitusiya quruculuğu tarixinə
geniş şəkildə toxunmuş və qeyd etmişdir ki, müstəqil dövlətimizin ilk
Konstitusiya layihəsinin hazırlanması tarixi nöqteyi-nəzərdən olduqca böyük və
mühüm bir hadisədir. Həmin çıxışında Ümummilli lider qeyd etmişdir: “Biz elə
bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o
müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət
sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Ona görə də mən
dedim ki, üzərimizə düşən vəzifə həm şərəflidir, həm də çox məsuliyyətlidir”.
Müstəqil Azərbaycan Respublikasının ilk
Konstitusiyası preambula, 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından
ibarət olmaqla 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi - referendum
yolu ilə qəbul edilmiş, 1995-ci il noyabrın 27-də isə qüvvəyə minmişdir.
Konstitusiyanın qəbul edilməsinin milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti
nəzərə alınaraq, Ulu öndər Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1
noyabr tarixli fərmana əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü
kimi qeyd edilməyə başlanıldı.
Əsas Qanun Konstitusiya quruluşunun ən mühüm
başlanğıcı kimi xalq hakimiyyətini bəyan edir, Azərbaycan Respublikasında dövlət
hakimiyyətinin yeganə mənbəyi kimi Azərbaycan xalqını elan edir, sərbəst və
müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etməyi
Azərbaycan xalqının suveren hüququ kimi təsbit edir. Həmçinin Əsas Qanun Azərbaycan
dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edir, Azərbaycan
Respublikasında dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız hüquqla, xarici
məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşdığını bəyan edir.
Əsas Qanun sosial-iqtisadi, ictimai-siyasi sistemlərin
əsasını təşkil edir, insan və vətəndaş hüquq və azadlıqlarına əsaslı təminat
yaradır. Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan
Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin
dövlətin ali məqsədi olaraq müəyyən edilməsi, Konstitusiyada təsbit edilmiş
insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumağın
qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi olmasının nəzərdə
tutulması vacib əhəmiyyət kəsb edir. Bu, insana, onun hüquqları və
azadlıqlarına dövlət tərəfindən verilən dəyərin bariz göstəricisidir.
Xüsusilə vurğulanmalıdır ki, Əsas Qanunda insan və
vətəndaş hüquq və azadlıqları, onların reallaşdırılmasının ümumi mexanizmləri
olduqca geniş şəkildə öz əksini tapıb. Konstitusiyada bu hüquq və azadlıqlar
xüsusi imtiyaz olaraq deyil, məhz hər kəsin doğulduğu andan malik olduğu
toxunulmaz, pozulmaz və ayrılmaz ali dəyərlər kimi ifadə edilir. İnsan
hüquqlarına etibarlı və davamlı təminat yaradan Konstitusiyanın ən böyük fəslində
hüquqi dövlətdə təmin edilməsi zəruri olan hüquq və azadlıqlar, onların həyata
keçirilməsi mexanizmləri, habelə ayrı-ayrı hüquqların beynəlxalq standartlara
müvafiq olaraq, qanuni məhdudlaşdırılmasının yol verilən hədləri nəzərdə
tutulmuşdur. Məlum olduğu kimi, konstitusiyaların hüquqi əlamətlərindən biri
onların stabilliyidir. Konstitusiyanın stabilliyi ölkədə qanunçuluğun, dövlət
hakimiyyətinin təşkili və həyata keçirilməsinin, şəxs, dövlət və cəmiyyət
arasındakı münasibətlərin əsas şərtlərindən biridir. Konstitusiya uzunmüddətli
fəaliyyət üçün nəzərdə tutulan normativ hüquqi aktdır. Bununla belə,
konstitusiyaların qəbulu zamanı onların tənzimetmə predmetini təşkil edən
ictimai münasibətlər və bu münasibətlərin tərkib hissəsi olan hüquqi, siyasi,
sosial və iqtisadi vəziyyət dəyişir, cəmiyyət elmin və texnologiyaların
inkişafı baxımından keyfiyyətcə yeni dövrə qədəm qoyur.
Hazırladı:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)