Haqqımda


   
    Mən Əsədov Seyyub Əsəd oğlu 22 fevral 1967-ci ildə Azərbaycan Respublikası Hacıqabul rayonunun Meyniman kəndində doğulmuşam. 1974-1984-cü illərdə orta təhsilimi həmin  kənddə başa vurub, ilk əmək fəaliyyətinə başlamışam. 1984-1985-ci illərdə Əli Bayramlı (Şirvan) şəhər 152№-li Peşə Məktəbini fərqlənmə diplomu ilə bitirmişəm. 1985- 1987- ci illərdə Almaniya Demokratik Respublikasında Havadan Müdafiə  Qüvvələri sıralarında hərbi xidmətdə olmuşam.    1989 - cu ildə Bakı Dövlət Universitetinin hazırlıq fakültəsinin müdavimi,1990-cı ildə bu ali təhsil müəssisəsinin tarix fakültəsinə (qiyabi) qəbul olmuşam. 1996-cı ildə Bakı Dövlət Universiretinin tarix fakültəsini  bitirərkən, ”Azərbaycan və Qızıl Orda” mövzusunda yazdığım diplom işi mütəxəssislər, alimlər tərəfindən yüksək qiymətləndirilmiş, elmi rəhbərim, tarix elmləri doktoru, professor mərhum Seyidağa Onullahi tərəfindən diplom işimə  yazılmış  rəydə mənim  araşdırmalar apararkən yüksək məntiqə, elmi - tarixi faktlara əsaslandığınım  qeyd edilmişdir. 1996 - cı ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini  bitirmişəm. Artıq 31-ci  ildir ki, tarix fənnini tədris edirəm. Pedaqoji fəaliyyətə 1993-cü ildə   Şirvan şəhər 14 № - li orta məktəbdə başlamış,  hazırda isə Azərbaycan Respublikasının  Milli Qəhrəmanı Tahir Bağırov adına Şirvan şəhər 11 № - li tam orta məktəbdə fəaliyyətimi davam etdirərək V - XI siniflərdə tarix fənnini tədris edirəm. 1993-1996-cı illərdə Azərbaycan Respublikası Şirvan şəhər 14№-li tam orta məktəbdə müəllim, 1996-2003-cü illərdə Şirvan şəhər 11№-li tam orta məktəbdə müəlim, 2003-2004-cü illərdə Şirvan şəhər 11№-li tam orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini, 2004-2005-ci illərdə isə həmən təhsil müəssisəsində direktor və hal-hazırda isə bu məktəbdə müəllim kimi fəaliyyət göstərirəm.

     Məktəbdə tarix fənni üzrə fənn birləşməsinin rəhbəriyəm. Məktəbin ictimai həyatında fəal iştirak edirəm. Dərs dediyim şagirdlər arasında şəhər  üzrə keçirilən olimpiada qalibləri və mükafatçıları  hər il olur. Şagirdlərim ali məktəblərə qəbul zamanı tarix fənni üzrə test imtahanlarından yüksək bal toplayırlar.

     İşlədiyim müddət ərzində daim öz üzərimdə  çalışmış, müasir təlim metodlarının mənimsənilməsi və tətbiqi məqsədilə Təhsil Nazirliyi, eləcədə  Azərbaycan Təhsil Şurası tərəfindən həyata keçirilən proqram və lahiyələrin iştirakçısı olmuş və peşəkarlıq səviyyəmi artırmağa daim səy göstərmişəm. Yetirdiyim şagirdlər doğma Şirvan şəhərimdə və digər bölgələrdə tarixçi (tarix müəllimi) kimi fəaliyyət göstərirlər.Təkcə onu qeyd edim ki, bu gün çalışdığım Şirvan şəhər  11№-li tam orta məktəbdə işləyən 6 nəfər tarix müəllimindən 3-ü öz yetirmələrimdir. Qeyd etmək istəyirəm ki, 1996- cı ildən Respublika və yerli qəzetlərdə, eləcədə internet saytlarında və portallarında elmi və publisistik məqalələrim nəşr olunur. Bütün yazdığım məqalələr Azərbaycan tarixinin  tədrisi problemlərinə və metodikasına, eləcə də Yeni Təlim Texnologiyaları məsələlərinə həsr olunmuşdur.

      2003-cü ildə  “ Müasir dövrdə təlim - tərbiyə prosesinin təkmilləşdirilməsi və təhsilin keyfiyyətcə yüksəldilməsinin aktual məsələləri” mövzusunda  keçirilən Respublika Pedaqoji Mühazirələrində “Təlim və tərbiyə metodları arasında qarşılıqlı əlaqə” mövzusu ilə iştirak etmiş və  Azərbaycan Respublikası Təhsil Nazirliyinin Diplomuna, Şirvan şəhər icra hakimiyyətinin mükafatına layiq görülmüşəm. Qabaqcıl təcrübəm haqqında ilk dəfə Təhsil Şurasının orqanı olan  “Körpü” qəzetində 15 may 2003 - cü il tarixli sayında  məqalə nəşr olunub. Eləcə də 2015-ci ildə  Azərbaycan Respublikası Təhsil Şurası tərəfindən, yazıçı jurnalist B. Mikayıllının “Yaradıcılıq axtarışları” adlı kitabda qabaqcıl təcrübəm Respublikada geniş yayılmış və işıqlandırılmışdır. 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 1635 nömrəli Sərəncamı ilə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşam. 2016-cı ildə “Qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması” layihəsi çərçivəsində çap edilmiş “Müasir dərs: yeni yanaşmalar” adlı kitabın rəyçisi olmuşam (müəllif, Böyükağa Mikayıllı). 2017-ci fevral ayında  Azərbaycan Respublikası Təhsil Şurası tərəfindən “Gənc nəslin təlim-tərbiyəsi işində fəallıq göstərdiyimə, sağlam vətəndaş mövqeyimə, tədrisdə innovasiyalardan bacarıqla istifadə etdiyimə görə”Nəsirəddin Tusi” Diplomuna, 26 dekabr 2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi “Elektron Təhsil” Respublika Müsabiqəsində “Təhsildə ən yaxşı internet resursları” nominasiyası üzrə Fərqlənmə diplomuna layiq görülmüşəm. 2018-ci ildə üç dildə (Azərbaycan, Ukrayna və Rus)  nəşr edilmiş “Bir səma altında” adlı kitabbın ərsəyə gəlməsində xüsusi minnətdarlıq almışam.

    Qabaqcıl təcübəmi mətbuatda və internet saytlarında müəllimlərlə həmişə bölüşürəm. Belə ki, “Nəsillərə örnək tarixi şəxsiyyət - Heydər Əliyev”, “ VIII sinif Azərbaycan tarixində toxunulmayan bəzi məqamlar”, ” Qədim türk tayfası- kolanılar”, “Qədim dövrlərdə Azərbaycan xalq sənəti”, Q.Təbrizinin “ Divan”ı Azərbaycan tarixində mühüm qaynaqdır”, “ Taclı xanım kimdir ? “, “ Qərb alimləri və Azərbaycan”, “Tarixin elmi-kütləvi cəhətdən işıqlandırılması təcrübəsindən “, “ Tarix dərslərində bədii zövq tərbiyəsi”, “ Monqolların Azərbaycana III yürüşü”, “ Cəlaləddin Münəccim Yəzdi və onun Tarixi -Abbasi əsəri” və s. adlı mövzularla “ Təhsil və zaman”, “İşıq”, “İşıqlı səhər”,”Təhsil Dünyası” qəzetlərində, (http://bizim.info/?p=3966 )“Cəlaləddin Məhəmməd Münəccim Yəzdi və onun “Tarixi Abbasi” əsəri” (http://doqquz.az/arasdirma/120-seyyub-esedli-yazir-karfagen-lenetlenmish-sheher.html) “Karfagen - lənətlənmiş şəhər”, (http://www.tarix.info/ “Azərbaycan xanlıqları” xəritə) məqalələrim çap olunmuşdur. İnternet məkanında  https://www.facebook.com/Seyyub1967/ adlı səhifəm, https://www.facebook.com/groups/696764187121719/ “Tarixçi Müəllimlər Akademiyası (TMA)”,  https://www.facebook.com/groups/5014801915293951

“Pedaqoq; şəxsi təcrübə: Sual bizdən, cavab sizdən” adlı  qruplar yaratmışam. Eləcə də https://multiurok.ru/seyyubasadov2/ adlı müəllim saytının yaradıcısıyam. Bu məkanlarda və eləcə də,“Təhsil və zaman qəzeti”,”Təhsil Dünyası”qəzetlərində,”Pedaqoji mətbuat və müasir müəllim”, “Tarix.info”  və digər pedaqoji yönümlü  qrup və saytlarda müntəzəm yazılarla çıxış edərək öz bildiklərimi bölgə müəllimləri ilə bölüşürəm.

    Bununla yanaşı təcrübəmi  Dünya ölkələrin müəllimləri ilə də  paylaşıram. Belə ki,“kopilka.ru”,”Metod kopilka.ru”, “Edcommunity.ru”, “videouroki.net”, ”multiurok.ru” kimi müəllim saytlarında, (“Международный Современный Учительский Портал”) - Beynəlxalq Müasir Müəllimlər Portalında Azərbaycan tarixi ilə bağlı yazılarım sertifikat, Təşəkkürnamə və Tərifnamələrə layiq görülmüşdür. Bu yazılarda əsas diqqəti Qarabağ həqiqətlərinin böyüyən nəslə düzgün çatdırılması məsələlərinə yönəltmiş və yazılarım xarici həmkarlar tərəfindən yüksək qarşılanmışdır.

   Dərslərimdə fənn kurikulumlarının tələbini ödəyən nümunəvi dərslərin təşkilinə xüsusi diqqət yetirirəm. Belə ki, Şirvan şəhəri üzrə  2012-2013-cü tədris  ilində V sinif, Azərbaycan tarixindən “Şəmsəddin  Eldəniz necə hökmdar oldu?”, 2013-2014-cü tədris ilində VI sinif, Ümumi tarixdən “ Qədim Hindistan”, 2014-2015-ci tədris ilində VII sinif, Azərbaycan tarixindən “ Monqolların III yürüşündə yaranmış dövlət”, 2015-2016-cı tədris ilində VIII sinif, Ümumi tarixdən”ABŞ-ın yaranması”, 2016 -2017-ci tədris ilində IX sinif, Azərbaycan tarixindən “Azərbaycan SSR II Dünya müharibəsi illərində”, 2017-2018-ci tədris ilində X sinif, Azərbaycan tarixindən “Qazan xanın islahatları” və “İrəvan xanlığı” mövzularında nümunəvi dərslər keçirmiş və bu dərslərin video çəkilişini  YouTube (https://www.youtube.com/c/SeyyubAsadov ) kanalımda yerləşdirmişəm.

  Tərəfimdən hazırlanmış “Azərbaycan xanlıqları“ adlı xüsusi xəritə isə  tarix.info saytında yerləşdirilmişdir. İKT-nin təlim - tədris prosesinə tətbiqini reallaşdıraraq  müasir dərs nümunələri və V-XI siniflər üçün Ümumi tarix, Azərbaycan tarixindən hazırladığım illik Test Bank, İş vərəqləri, Cari (gündəlik) və Perspektiv planlaşdırma nümunələrim ilə öz çalışdığım məktəbdə, eləcə də şəhər və Respublika məktəb müəllimlərinin, şagird və valideynlərin  diqqətini cəlb etməyə çalışmışam. Azərbaycan Respublikası Təhsil Şurasının keçirdiyi “ Pedaqoji mətbuat və müasir müəllim”,“Məktəbdə təlim keyfiyyətinin yüksəldilməsi problemi” mövzusunda keçirilən konfransların təşkilində fəal iştirak etdiyimə və səmərəli təkliflər irəli sürdüyümə görə dəfələrlə  mükafatlandırılmış və sertifikatlara layiq görülmüşəm. Yeniliklərin öyrənilməsi baxımından Təhsil Nazirliyinin və QHT-lərin keçirdiyi Yeni Təlim Texnologiyalarının təhsilə tətbiqi, təhsilə müasir yanaşmalar, fəal təlim, İKT bacarıqları ilə bağlı təlimlərdə iştirak etmişəm və öyrəndiklərimi dərslərimdə tətbiq etməklə yanaşı Respublikada və xaricdə yaşayan həmkarlarımla da bölüşmüşəm. 12-16 noyabr 2014-cü il tarixində Gürcüstanda, Acarıstan  Muxtar Respublikasının Kobuleti şəhərində təşkil edilmiş “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi“ adlı  beynəlxalq elmi - təcrübi konfransda iştirak etmiş və  bu konfransda informasiya - kommunikasiya texnologiyalarından istifadə etməklə “Qarabağ xanlığı”  movzusunda dərs nümüyiş etdirərək, mövzunun verdiyi imkanlardan istifadə çərçivəsində, Qarabağ xanlığının tarixi haqqında faktlara əsaslanmaqla verdiyim məlumatlar  gürcü həmkarların dərin marağına səbəb olmuşdur. Bu barədə “Azərbaycan müəllimi” qəzetinin 5 dekabr 2014-cü il tarixli sayında məqalə dərc olunmuşdur. 6-7 mart 2015-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanması İnstitutu, Azərbaycan Respublikası Təhsil Şurası tərəfindən təşkil edilmiş “Qarabağ həqiqətlərinin böyüyən nəslə çatdırılmasının elmi-metodiki və praktik məsələləri” Respublika elmi-praktik konfransında “Qarabağ həqiqətlərinin məktəblilərə öyrədilməsində tarixi qaynaqların rolu” mövzusunda çıxışım yüksək qiymətləndirirlərək Sertifikata layiq görülmüşdür. İş təcrübəm Azərbaycan Təhsil Şurası tərəfindən öyrənilərək haqqımda “Təhsil və zaman” qəzetinin 11 oktyabr 2014-cü il tarixli sayında “Hər müəllimin öz dünyası var” adlı məqalə dərc olunmuş, 2015-ci ildə “Yaradıcılıq axtarışları” adlı kitabda  Respublikada yayılmışdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına Dəstək Proqramı çərçivəsində Azərbaycan Respublikası Təhsil Şurasının 24.01.2015-ci ildə təşkil etdiyi “Öyrədənlərin Öyrədilməsi“ lahiyəsinə uyğun “Elektron Tədris Resurslarının Hazırlanması və Tətbiqi”kursunu bitirərək “Təlimçi”statusu almışam. 25 iyun 2019-cu il tarixində Respublika Pedaqoji Mühazirələrində iştirak etmiş və Tərifnaməyə layiq görülmüşəm. Azərbaycan Respublikası Təhsil nazirliyinin 2020-ci ildə həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (fərdi kateqoriya) qalibi olmuşam.

Tag

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.