1
İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür!
Cəmiyyətin
həssas təbəqəsi olan uşaqların hər zaman müdafiəyə, diqqət və qayğıya ehtiyacı
var. Uşaqlar dünyada baş verən proseslərdən ən çox təsirə məruz qalan əhali
qruplarındandır. Onların hüquqlarının qorunması hər bir dövlətin, cəmiyyətin
qarşısında duran ümdə öhdəliklərdəndir.
Valideynlərini
itirmiş, valideyn himayəsindən məhrum olmuş, əlilliyi olan, baxımsız, kimsəsiz,
sosial təhlükəli vəziyyətdə olan, zorakılığa məruz qalmış və digər çətin həyat
şəraitində olan uşaqlar xüsusi qayğı ilə əhatə olunmalıdırlar. Bu həssas
kateqoriyadan olan uşaqların hüquqlarının müdafiəsi xüsusilə diqqətdə
saxlanılmalı, onların təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri
addımlar atılmalıdır.
Azərbaycan
Respublikası BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və onun ilk iki
Fakultativ Protokoluna qoşulmaqla uşaqların müdafiəsi sahəsində mühüm nailiyyətlər
əldə etmişdir. Bu istiqamətdə ölkədə aparılan genişmiqyaslı islahatlar nəticəsində
milli qanunvericilik və institusional mexanizmlər təkmilləşdirilmiş, uşaqların
rifahı yaxşılaşdırılmış, müxtəlif kateqoriyalardan olan uşaqların xidmətlərə əlçatanlığının
təmin edilməsində irəliləyişlərə nail olunmuşdur.
Dövlətimiz
uşaqların hüquqlarının qorunmasını hər zaman prioritet istiqamət kimi müəyyən
etmişdir. Uşaq hüquqlarının müdafiəsi sahəsində aparılan dövlət siyasətinin əsası
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu
Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul
olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyasında uşaqların hüquq və
azadlıqlarının qorunması istiqamətində mühüm müddəalar təsbit edilmişdir.
Konstitusiyanın “Ailə, uşaqlar və dövlət” adlı maddəsi uşaq hüquqlarının həyata
keçirilməsində ailənin və dövlətin öhdəliklərini ehtiva edir. Konstitusiyanın
“Əsas hüquqlar, azadlıqlar və vəzifələr” adlı bölməsində bərabərlik, yaşamaq,
azadlıq, təhsil, sağlamlığın qorunması, şəxsi toxunulmazlıq və digər hüquqlarla
bağlı əks olunmuş mühüm müddəalar uşaqlar da daxil olmaqla insan və vətəndaş
hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində münasibətlərin tənzimlənməsində
baza rolunu oynayır.
Uşaqlar
barəsində dövlət siyasəti uşaqlara diqqət və qayğının artırılmasına, onların
müdafiəsinə, layiqli həyat səviyyəsinin təmininə, hərtərəfli inkişafına yönəlmişdir.
Yeni
reallıqlar və çağırışlar nəzərə alınaraq, ölkəmizdə uşaq hüquqlarının qorunması
ilə bağlı yanaşmalar davamlı olaraq təkmilləşir, uşaq müdafiə sistemi gücləndirilir.
Ölkəmizdə hər bir uşaq üçün bərabər imkanların təmin edilməsi, onların öz
potensiallarını tam reallaşdırmaları üçün şəraitin yaradılması uşaqların cəmiyyətin
tamhüquqlu üzvü kimi formalaşmalarına və gələcəkdə ölkəmizin ümumi inkişafında
fəal rol oynamalarına zəmin yaradır.
Ölkə
Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ildə
Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin
5-ci ildönümü nəzərə alınaraq bu il Azərbaycanda “Konstitusiya və Suverenlik
İli” elan edilmişdir. Dövlət başçısının rəhbərliyi ilə uşaqların layiqli həyat
səviyyəsinin təmin edilməsi məqsədilə mühüm islahatlar aparılmış və hazırda da
bu istiqamətdə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir.
Təqdirəlayiq
haldır ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab
İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş torpaqlarda yüksək
standartlara uyğun şəkildə təhsil, səhiyyə müəssisələri və digər zəruri
infrastruktur obyektləri inşa edilərək istifadəyə verilir, uşaqların sağlam, təhlükəsiz
və qayğı ilə əhatə olunan bir mühitdə yaşamasının təmin edilməsi üçün lazımi şərait
yaradılır.
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın fəaliyyətində uşaqların rifahı, hərtərəfli inkişafı,
yüksək mənəvi dəyərlərə əsaslanan sosial mühitdə böyüməsi üçün zəruri şəraitin
yaradılması əsas prioritetlərdən biri kimi daim diqqət mərkəzində saxlanılır.
Birinci vitse-prezidentin uşaqların sevgi, diqqət və qayğı ilə əhatə
olunmasının təmin edilməsi istiqamətində daim irəli sürdüyü təşəbbüslər bütün
uşaqların firavan yaşamasına, layiqli vətəndaş kimi formalaşmasına xidmət edir.
Heydər
Əliyev Fondu tərəfindən ölkədə müxtəlif sosial layihələr icra edilir, bütün
kateqoriyalardan olan uşaqların sağlam, təhlükəsiz mühitdə böyüməsi və bərabər
imkanlardan istifadə etməsi üçün önəmli addımlar atılır.
Gələcək
nəsillər üçün nümunə olan qəhrəman şəhidlərimizin ailələri, övladları, habelə
döyüşlərdə sağlamlığını itirmiş şəxslər dövlətin xüsusi qayğısı ilə əhatə
olunur. Bu kateqoriyaya aid insanların sosial rifahının yüksəldilməsi məqsədilə
mütəmadi olaraq müxtəlif proqramlar icra edilir, davamlı layihələr həyata
keçirilir.
Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) uşaq hüquqlarının
müdafiəsi sahəsində müstəqil monitorinq funksiyalarını həyata keçirən mexanizm
olaraq çoxşaxəli fəaliyyət həyata keçirir. Uşaq hüquqlarının müdafiəsi və təşviqi
Ombudsmanın əsas fəaliyyət istiqamətlərindən olaraq daim diqqətdə saxlanılır.
“Uşaq
hüquqları haqqında” 1998-ci il 19 may tarixli Azərbaycan Respublikasının
Qanununa əsasən, ölkədə uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti,
məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), bələdiyyələr, habelə
ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Qanunda bu orqanlar, birliklər və təşkilatların
fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmaları əks
olunmuşdur. Qeyd olunmalıdır ki, həmin qanunda Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), həmçinin “Uşaq hüquqları haqqında”
Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil
monitorinq mexanizminin funksiyalarını həyata keçirməsi təsbit edilmişdir.
Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) uşaq
hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən struktur bölməsi “Uşaq
hüquqları haqqında” BMT Konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan
Respublikasının Qanununda təsbit olunmuş prinsiplərə və müddəalara əsaslanaraq,
uşaqların hüquqlarının qorunması, təşviqi və pozulmuş hüquqlarının bərpası sahəsində
kompleks və ardıcıl fəaliyyət həyata keçirir. Struktur bölmə, eyni zamanda,
uşaqların mənafelərinin üstün tutulması, onların zorakılıqdan müdafiəsi,
iştirak hüququnun təmin edilməsi və digər mühüm istiqamətlərdə məqsədyönlü tədbirlər
həyata keçirməklə uşaq hüquqlarının effektiv müdafiəsinə töhfələr verir.
“Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanununa edilən dəyişikliklər nəticəsində təsbit
olunmuş Müvəkkilin müstəqil monitorinq mexanizminin funksiyalarının həyata
keçirilməsi məqsədilə 2024-cü ildə təsisatda “Uşaq hüquqları haqqında”
Konvensiyanın həyata keçirilməsi üzrə Monitorinq Qrupu yaradılmışdır.
Monitorinq Qrupunun fəaliyyəti hazırda təsisatın Uşaq hüquqlarının müdafiəsi
sektoru tərəfindən əlaqələndirilərək Müvəkkilin bu sahədə funksiyalarının daha
səmərəli formada həyata keçirilməsinə xidmət edir. Bu da BMT-nin Uşaq Hüquqları
Komitəsinin ölkənin 5-ci və 6-cı dövri məruzəsi üzrə qəbul etdiyi Yekun Müşahidələrində
müstəqil monitorinqlə bağlı verdiyi tövsiyələrin icrası baxımından əhəmiyyətlidir.
Təsisatımıza
uşaq hüquqları ilə bağlı daxil olan hər bir müraciətə həssaslıqla yanaşılır,
mütəmadi olaraq uşaq müəssisələrində monitorinqlər keçirilir, uşaq hüquqları ilə
bağlı maarifləndirmə və təşviqat tədbirləri təşkil olunur, tərəfdaşlarla əməkdaşlıq
çərçivəsində uşaqların hüquqlarının daha etibarlı müdafiəsi və təmini üçün təşəbbüslər
həyata keçirilir. Uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin öyrənilməsi
məqsədilə təhlillər aparılaraq qanunvericiliyin və mövcud mexanizmin təkmilləşdirilməsi
istiqamətində Ombudsman tərəfindən təkliflər irəli sürülür.
Məlum
olduğu kimi, cari il bitdikdən sonra 2 aydan gec olmayaraq Müvəkkil ölkədə
insan hüquqlarının qorunması haqqında Azərbaycan Respublikası Prezidentinə
illik məruzəni təqdim edir və həmin məruzə ilə Azərbaycan Respublikası Milli Məclisi
qarşısında çıxış edir.
Ombudsmanın
illik məruzələrində uşaq hüquqlarının təmini sahəsində vəziyyətin təkmilləşdirilməsi
məqsədilə çoxsaylı təkliflər yer almışdır. Eyni zamanda, uşaqlara qarşı
zorakılığın aradan qaldırılması istiqamətində mütəmadi olaraq aidiyyəti səlahiyyətli
orqanlara təkliflər verilir.
Ötən
dövrdə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsinə
və digər əlaqəli normativ hüquqi akt layihələrinə, habelə “Uşaqlara dair
Strategiyanın həyata keçirilməsi üzrə 2026-2030-cu illər üçün Fəaliyyət
Planı”nın layihəsinə Ombudsman tərəfindən rəy və təkliflər hazırlanaraq aidiyyəti
üzrə təqdim edilmişdir. Həmin təkliflərdə müxtəlif kateqoriyadan olan uşaqların
hüquqlarının müdafiəsinə yönəlmiş, o cümlədən uşaqlara qarşı zorakılıqla
mübarizə ilə bağlı bir sıra məsələlər əks olunmuşdur. Bununla yanaşı, “Məişət
zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə
qruplarının fəaliyyət Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin Qərarına, “Azərbaycan Respublikasında məişət
zorakılığı ilə mübarizəyə dair 2025-2029-cu illər üzrə Milli Fəaliyyət
Planı”nın və “Azərbaycan Respublikasında Gender Bərabərliyi üzrə 2025-2027-ci
illər üçün Milli Fəaliyyət Planı”nın layihələrinə dair verilən rəy və təkliflər
nəzərə alınmışdır.
Ombudsman
qəyyumluq və himayə, həmçinin ünsiyyət tələbinə dair məhkəmə qərarlarının
icrası zamanı metodların təkmilləşdirilməsi və icra prosesində psixoloqun
iştirakının təmin olunması ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin
edilməsini təklif etmişdir. Ombudsman tərəfindən
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşadığı
müəssisələrdə kadr potensialının təkmilləşdirilməsi məqsədilə təkliflər irəli
sürülür. Həmin təkliflər uşaqların sağlamlığına və təhlükəsizliyinə nəzarətin
effektiv şəkildə təmin edilməsi baxımından əhəmiyyətlidir.
Müəllim-şagird
münasibətlərinin tənzimlənməsində, məktəblərdə psixoloji yardımın təşkilində təkmilləşdirilmənin
aparılması uşaqlara qarşı zorakılığın qarşısının alınması baxımından mühüm əhəmiyyət
kəsb edir.
Ölkə
Konstitusiyasında hər bir vətəndaşın dövlət tərəfindən pulsuz icbari ümumi orta
təhsil almaq hüququnun təmin edilməsi təsbit edilmişdir. Ombudsman tərəfindən
uşaqların təhsildən yayınması, erkən evlilik, məcburi əmək və digər hüquq
pozuntularının qarşısının alınması məqsədilə qanunvericiliyə dəyişikliklərin
edilməsi ilə bağlı təkliflər irəli sürülmüşdür.
Rəqəmsal
texnologiyaların sürətli inkişafı uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm
imkanlar yaratsa da, bu proses, eyni zamanda, uşaqların təhlükəsizliyi üçün müəyyən
təhdidlər doğura bilər. Zorakılığı təbliğ edən halların müəyyən edilməsi və
qarşısının alınması məqsədilə ölkəmizdə uşaqların daha çox istifadə etdikləri
sosial şəbəkə, platforma və internet saytları, o cümlədən televiziya
proqramları, filmlər və oyunlar üzrə davamlı monitorinqlərin aparılması, bu
yaşda olan şəxslərin psixikasına, sağlamlıq durumuna və davranışına mənfi təsir
edə biləcək halların müəyyən edilməsi və məhdudlaşdırıcı tədbirlərin görülməsi,
bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi zəruridir.
Qeyd
edək ki, ötən il “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı,
Ombudsman Aparatı, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və
“ADA” Universitetinin tərəfdaşlığı, “Nar”ın dəstəyi ilə həyata keçirilmiş “Rəqəmsal
cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” layihəsi çərçivəsində
Ombudsmanın məktəblilərlə görüşü keçirilmiş və müzakirələr aparılmışdır.
Bununla yanaşı, layihə çərçivəsində təsisatın əməkdaşları tərəfindən Bakı, Gəncə,
Lənkəran, Qəbələ şəhər və rayonlarında uşaqlar və valideynlər üçün keçirilmiş təlimlər
bu sahədə məlumatlılığın artırılmasına töhfə vermişdir.
Ombudsman
tərəfindən şəxsiyyət vəsiqəsi olmayan 16 yaşına çatmış şəxslərə doğum haqqında
təkrar şəhadətnamənin verilməsində mövcud problemlərin aradan qaldırılması məqsədilə
bu şəxslərə doğum haqqında təkrar şəhadətnamənin verilməsi üçün müvafiq icra
hakimiyyəti orqanının sorğusu əsasında doğumun qeydə alınmasına dair məlumatların
həmin orqana təqdim edilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif
edilmişdir.
Bununla
yanaşı, regionlarda uşaqların xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədilə
Ombudsman tərəfindən təkliflər irəli sürülmüşdür ki, həmin təkliflər uşaqların
bərabərlik hüququnun daha effektiv təmini və onların inkişafına xidmət edir.
Ombudsman
mütəmadi olaraq həssas kateqoriyadan olan uşaqlarla görüşlər keçirir, onların
hüquqlarının təmini ilə maraqlanaraq zəruri tədbirlər həyata keçirir.
Şəhid
ailələrinin və övladlarının hüquqlarının müdafiəsi Ombudsmanın fəaliyyətində
xüsusi yer tutur. Təsisat tərəfindən şəhid ailələrinin qayğıları diqqətdə
saxlanılır, mütəmadi görüşlər təşkil olunur, şəhid övladlarının iştirakı ilə
müxtəlif genişmiqyaslı layihələr həyata keçirilir. Eyni zamanda, işğaldan azad
edilmiş ərazilərdə mina təhlükəsinin mülki əhali, o cümlədən uşaqlar üçün yaratdığı
ciddi risklərə diqqət çəkilərək, bu məsələ ilə bağlı Ombudsman tərəfindən beynəlxalq
təşkilatlara bəyanatlar təqdim olunur, əhalinin təhlükəsiz geri qayıdışı üçün zəruri
tədbirlərin görülməsi istiqamətində çağırışlar edilir.
Qürurverici
haldır ki, Vətən müharibəsində və antiterror əməliyyatında əldə etdiyimiz qələbə
nəticəsində suverenliyimizin bərpa edilməsi işğaldan azad olunmuş ərazilərimizdə
də uşaqların hüquqlarının təmin edilməsi, bu sahədə tədbirlərin keçirilməsinə
imkan verir. Ombudsman Aparatı tərəfindən ötən il ilk dəfə olaraq işğaldan azad
edilmiş ərazilərimizdə yerləşən təhsil müəssisələrində keçirilmiş maarifləndirici
görüşlər şagird və müəllimlərin məlumatlılığının artırılmasına xidmət etmişdir.
Keçirilən tədbirlər zamanı Şuşa, Füzuli, Cəbrayıl və Zəngilanda istifadəyə
verilmiş təhsil müəssisələrinin yüksək standartlara cavab verdiyi müşahidə
edilmişdir.
Ombudsmanın
Milli Preventiv Qrupu və Monitorinq Qrupu tərəfindən müəssisələrə həyata
keçirilən başçəkmələr, aparılan araşdırmalar zamanı uşaqlarla və müəssisə əməkdaşları
ilə görüşlər keçirilir, uşaqların hüquqlarının təmini vəziyyəti öyrənilərək
müvafiq tövsiyələr verilir, zəruri tədbirlər görülür.
Uşaq
hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən, uşaqlarla təmasda olan şəxslərin
uşaqların hüquqları barədə məlumatlı olmaları və bu hüquqları təmin etmələri
uşaqların qorunması baxımından olduqca əhəmiyyətlidir.
Təhsil,
səhiyyə, ədliyyə, sosial xidmət, idman, mədəniyyət, media və digər sahələrdə
çalışan şəxslər tərəfindən uşaq hüquqları, uşaqyönümlü yanaşmanın tətbiqinə önəm
verilməsi uşaqların təhlükəsizliyi üçün vacib şərtdir.
Ombudsman
Aparatı tərəfindən uşaqlara qarşı zorakılıqla mübarizə, rəqəmsal cəmiyyətdə
uşaqların qorunması, uşaq əməyinin istismarı, uşaq alverinin, erkən evliliklərin
qarşısının alınması məqsədilə mütəmadi olaraq maarifləndirmə tədbirləri
keçirilir. Maarifləndirmə işinin xüsusi əhəmiyyət daşıdığını nəzərə alaraq, Müvəkkilin
təşəbbüsü ilə 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günü münasibətilə
hər il mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı”,
BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının qəbul edilməsi günü ilə bağlı
20 oktyabr – 20 noyabr tarixlərində “Uşaq Hüquqları Aylığı” keçirilir.
Hər
il aylıqlar çərçivəsində Ombudsman Aparatı, mərkəzi və yerli icra hakimiyyəti
orqanları, vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları
və media nümayəndələri, icmalar tərəfindən uşaq hüquqlarına dair müxtəlif
maarifləndirmə tədbirləri keçirilir, müsabiqələr, sərgilər təşkil olunur,
araşdırmalar aparılır və hüquqların təmin olunması istiqamətində digər tədbirlər
görülür.
Müvəkkilin
Aparatı və regional mərkəzləri tərəfindən müntəzəm olaraq, o cümlədən bu
aylıqlar çərçivəsində uşaqlar və onlarla işləyən şəxslər üçün uşaq hüquqlarının
müxtəlif aspektləri üzrə çoxsaylı maarifləndirici tədbirlər həyata keçirilir.
Ombudsman
uşaq hüquqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığa önəm verir. Təsisatın
üzv olduğu Avropa Uşaq Ombudsmanları Şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində müntəzəm
olaraq bu sahədə təcrübə mübadiləsi aparılır.
Ombudsman
uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti
institutları, o cümlədən qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir, mövcud
problemlərin həlli istiqamətində müzakirələr aparılır, birgə işlər həyata
keçirilir. Həyata keçirilən fəaliyyət zamanı uşaqların mənafelərinin üstünlüyü
prinsipi nəzərə alınmaqla heç bir ayrı-seçkiliyə yol vermədən bütün uşaqların
hüquqları bərabər şəkildə qorunur və uşaqların iştirakçılığına önəm verilir.
Uşaqların
konstitusion hüquq və azadlıqlarının təmin olunması onların gələcək inkişafının
və rifahının əsas şərtidir. Bu sahədə atılan bütün addımlar gələcək nəsillərin
layiqli həyat səviyyəsini təmin etmək üçün mühüm töhfələr verməklə yanaşı,
ümumilikdə humanist dəyərlərə sadiq, sağlam cəmiyyətin formalaşmasına xidmət
edir.
Bu
baxımdan uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən qurumlar,
uşaqlarla təmasda olan bütün şəxslər bu hüquqların təmin edilməsi məqsədilə səylərini
birləşdirməli və ardıcıl addımlar atmalıdır.
#SəbinəƏliyeva
#AzərbaycanRespublikasınınİnsanHüquqlarıüzrəMüvəkkili
(#Ombudsman), hüquq üzrə fəlsəfə doktoru
Mənbə:
https://azturkxeber.az/2025/06/01/uaqlarn-konstitusion-huquqlar-ombudsmann-diqqtinddir.html


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)