AMEA-nın
Mərkəzi Elmi Kitabxanasının tərtibatında görkəmli tarixçi-şərqşünas alim, tarix
elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinin
biblioqrafik göstəricisi çapdan çıxıb.
Vəsait
N.Vəlixanlının 85 illik yubileyinə həsr olunub və Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Rəyasət Heyətinin müvafiq qərarına əsasən tərtib edilib.
Biblioqrafik
göstəricidə görkəmli şəxsiyyətlərin alim haqqında fikirləri, alimin nəşr
etdirdiyi elmi və publisistik əsərlərin, tezis və məruzələrin, elmi rəhbəri
olduğu dissertasiya işlərinin biblioqrafik təsvirləri toplanılıb.
Görkəmli
tarixçi-şərqşünas alim ərəb xilafətinin, o cümlədən Azərbaycanın orta əsrlər
tarixinin mənbəşünaslıq problemlərinin öyrənilməsi, orta əsr mənbələrinin tədqiqi,
təhlili, nəşri, regionun sosial-iqtisadi münasibətləri, siyasi-mədəni tarixi və
tarixi coğrafiyası, Azərbaycan tarixinə dair muzey materiallarının tədqiqi
haqqında məlumatların yer aldığı 200-dən artıq elmi əsərin müəllifidir.
Nailə
Vəlixanlı AMEA-nın vitse-prezidenti seçilən ilk qadın alim olub. Hazırda görkəmli
alim, Azərbaycanın ən böyük muzeyinin – Milli Azərbaycan Tarixi Muzeyinin
direktoru vəzifəsində çalışır.
“Elm”
nəşriyyatında çapdan çıxan nəşrin elmi redaktoru MEK-in direktoru texnika elmləri
doktoru Hüseyn Hüseynovdur. Vəsaitin redaktoru Biblioqrafiya şöbəsinin müdiri,
filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva, tərtibçisi isə Elmi
biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzovadır.
Biblioqrafiya
tarixçilər, arxeoloq və etnoqraflar, elmi tədqiqatçılar, o cümlədən geniş oxucu
kütəsi üçün nəzərdə tutulub. Nəşrin elektron formatı ilə kitabxananın saytının
Elektron kitabxana bölməsində tanış olmaq mümkündür.
©
Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına
istinad zəruridir.
Mənbə: https://science.gov.az/az/news/open/36973


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)