Azərbaycan
dili milli kimliyimizin, mədəni irsimizin və dövlətçiliyimizin əsas
sütunlarından biridir. Lakin süni intellektin mətn yazdığı, sosial şəbəkələrin
gündəlik ünsiyyətə yön verdiyi, yeni söz və ifadələrin sürətlə yayıldığı müasir
dövrdə dillər də yeni sınaqlarla üzləşir. Belə bir vaxtda Azərbaycan dilinin zənginliyinin
qorunması, dövlət dilinin nüfuzunun artırılması və gənc nəsildə düzgün nitq mədəniyyətinin
formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.
Hər
il avqustun 1-də qeyd olunan Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü də ana
dilimizin keçdiyi inkişaf yoluna nəzər salmaqla yanaşı, onun müasir dövrün
çağırışları fonunda necə qorunacağı və inkişaf etdiriləcəyi barədə düşünmək
üçün bir fürsət yaradır. Bu səbəbdən Nazirlər Kabineti yanında Terminologiya
Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı
Sadıqova ilə həmsöhbət olduq.
–
Son illər süni intellekt həyatımızın ayrılmaz hissəsinə çevrilib. Sizcə, bu
texnologiyalar Azərbaycan dilinin inkişafına hansı imkanları qazandırır və eyni
zamanda hansı riskləri yaradır?
–
Bu gün cəmiyyətin bütün sahələrində süni intellektin təsiri diqqəti daha çox cəlb
edir. Süni intellekt texnologiyalarından istifadə dilin inkişafına öz müsbət təsirini
göstərir. İlk növbədə, Azərbaycan dilində məlumatın hazırlanmasını, tərcüməsini,
redaktəsini və geniş auditoriyaya çatdırılmasını asanlaşdırır. Bu həm də müxtəlif
mövzularda mətnlərin yaradılmasını, dil öyrənənlərə kömək göstərilməsini,
elektron lüğətlərin, tərcümə proqramlarının, nitqin tanınması və səsləndirilməsi
sistemlərinin hazırlanmasını və dilimizin rəqəmsal imkanlarını da genişləndirir.
Lakin süni intellektin əsas işləmə və düşünmə dili başqa dillər olduğundan bəzən
Azərbaycan dilinin qrammatik quruluşuna uyğun olmayan cümlələrin yaradılması,
dildəki kök və şəkilçilər əsasında uydurma sözlər yaratması, sözlərin üslub və
məna baxımından düzgün seçilməməsi, başqa dillərin sintaktik strukturunun Azərbaycan
dilinə tətbiq olunması halları izlənilir. Çünki süni intellekt nə qədər inkişaf
etsə də, dil daşıyıcısının mədəni yaddaşını, milli düşüncə tərzini, sözlərin
emosional çalarlarını hər zaman tam əhatəli şəkildə ifadə edə bilmir. Süni
intellekt insanların dil haqqında məlumatlarının daha asan və tez əldə etməsinə,
verilənlərdən istifadə edərək daha səmərəli
işləməsinə şərait yaradır. Bu həm
də dilin inkişafı üçün yeni imkanlar
açır. Buna görə süni intellekt sistemlərinin
effektiv işləməsi üçün məlumatların düzgün və standartlaşdırılmış formata
çevrilməsi vacibdir. Dilimizin zənginliyinin
və saflığının gələcək nəsillərə çatdırılması üçün ana dilinə həssas yanaşılaraq
düzgün və ədəbi normalara uyğun şəkildə işlədilməlidir.
–
Prezident İlham Əliyev Azərbaycan dilinin qorunması, dövlət dilindən düzgün
istifadə və onun rəqəmsal məkanda mövqeyinin gücləndirilməsinin vacibliyini hər
zaman xüsusi vurğulayıb. Bu çağırışlar fonunda Azərbaycan dilinin inkişafı üçün
hansı istiqamətlər prioritet hesab edilməlidir?
–
Prezident İlham Əliyevin ana dilimizin qorunması, inkişaf etdirilməsi və
saflığının saxlanılması, dövlət dilindən
düzgün istifadə və onun rəqəmsal mövqeyinin gücləndirilməsi ilə bağlı fikirləri
strateji əhəmiyyət daşımaqla yanaşı, qurumlar qarşısında mühüm vəzifələr də gündəmə gətirir. Bu çağırışlar fonunda Azərbaycan
dilinin müasir dövrün tələblərinə uyğun inkişafı üçün terminologiya və kompüter
dilçiliyi sahəsinə xüsusi fikir verilməlidir. Həmçinin Azərbaycan dilinin tətbiqi
məsələlərinə, xüsusən elmdə, təhsildə, informasiya məkanında ədəbi dilin
qorunması olduqca önəmlidir. Qloballaşma dövründə dünyada baş verən
ictimai-siyasi proseslər, elmi-texniki tərəqqi ilə bağlı Azərbaycan dilinə
daxil olan həddən artıq alınmalar dilin inkişafına təsir edir. Qloballaşma şəraitində
Azərbaycan dilinin xarici təsirlərdən qorunması üçün dilimizin zəngin söz ehtiyatından, yeni
anlayışların ifadəsində, ilk növbədə, dilimizin daxili imkanlarından istifadə
edilməklə, leksik və üslubi zənginliyi qorunmalıdır. Alınmaların dilin daxili
imkanları hesabına qarşılıqları yaradılmalı və istifadəyə verilməlidir. Ədəbi
dilin qorunması media ilə bağlı
qurumların, eləcə də telekanalların da öhdəsinə yeni vəzifələr qoyur.
“Təhsil
sahəsində dilin tədrisi müasir metodlarla zənginləşdirilməlidir”
–
Bəs bütün bu çağırışlar fonunda Azərbaycan dilinin qorunması və inkişafı üçün
hansı konkret addımlar atılmalıdır?
–
Burada ilk istiqamət Azərbaycan dilinin rəqəmsal bazasının genişləndirilməsidir.
Dilin böyük həcmli elektron korpusunun yaradılması, müxtəlif dövrlərə,
üslublara və sahələrə aid mətnlərin bu korpusda toplanması süni intellekt əsaslı
platformaların Azərbaycan dilini daha düzgün şəkildə istifadəsinə imkan
yaradacaq.
Həmçinin
təhsil sahəsində dilin tədrisi müasir metodlarla zənginləşdirilməlidir. Şagirdlərə
yalnız qrammatik qaydaları öyrətmək kifayət deyil. Onlarda düzgün danışmaq, məntiqi
və ardıcıl yazmaq, mətn yaratmaq, oxuduğunu təhlil etmək və fikrini əsaslandırmaq
bacarığı formalaşdırılmalıdır. Rəqəmsal savadlılıqla dil savadlılığı paralel
inkişaf etdirilməlidir.
Azərbaycan
dilində fəaliyyət göstərən süni intellekt modellərinin, avtomatik tərcümə,
nitqin tanınması, mətn redaktəsi və səsli köməkçi sistemlərin yaradılmasına
dövlət, elm və özəl sektor səviyyəsində dəstək verilməlidir. Bu prosesə dilçilər,
proqramçılar, terminoloqlar, tərcüməçilər və təhsil mütəxəssisləri birlikdə cəlb
olunmalıdırlar. Ən başlıcası, dövlət dilindən düzgün istifadə yalnız rəsmi tələb
kimi deyil, milli məsuliyyət və ictimai mədəniyyət göstəricisi kimi qəbul edilməlidir.
Süni
intellekt və digər rəqəmsal texnologiyalar dövründə qarşımızda duran əsas vəzifə
dilimizi dəyişikliklərdən təcrid etmək deyil. Vəzifəmiz dili zamanın tələblərinə
uyğun inkişaf etdirməklə yanaşı, milli xüsusiyyətlərini və normativ əsaslarını
qorumaqdır.
“Tələbə
süni intellektin yaratdığı mətni bütövlükdə öz işi kimi təqdim edirsə, burada
ciddi problemlər yaranır”
–
Bu gün məktəblilər və tələbələr referat, esse, hətta kurs işlərini süni
intellekt vasitəsilə hazırlayırlar. Sizcə, bu proses gənclərin yazılı nitqinin
inkişafına necə təsir göstərəcək?
–
Süni intellektdən təhsil prosesində düzgün istifadə edildikdə o, şagird və tələbələr
üçün faydalı köməkçi vasitəyə çevrilir. Süni intellekt vasitəsilə mövzu
haqqında ilkin məlumat toplamaq, plan hazırlamaq, mətnin strukturunu müəyyənləşdirəmək,
fikirlərini sistemləşdirmək və yazdıqları mətndəki bəzi dil qüsurlarını aşkar
etmək mümkündür. Bu texnologiya zəif yazı bacarığı olan şagirdlərə nümunələr təqdim
etməklə yanaşı, söz ehtiyatının genişlənməsinə və fərqli ifadə vasitələrinin
öyrənilməsinə kömək göstərə bilər. Lakin şagird və ya tələbə süni intellektin
yaratdığı mətni bütövlükdə öz işi kimi təqdim edirsə, burada ciddi problemlər
yaranır. Hazır mətnə alışan gənc müstəqil düşünmək, mövzu üzərində araşdırma
aparmaq, fikirlərini ardıcıl şəkildə ifadə etmək və nəticə çıxarmaq bacarığını
tədricən itirə bilər. Yazılı nitq yalnız düzgün cümlə qurmaq deyil, həm də təfəkkür
tərzini, düşüncəni formalaşdırmaq prosesidir. İnsan yazarkən müqayisə edir,
seçir, ümumiləşdirir və öz mövqeyini müəyyənləşdirir. Bu işi tamamilə
texnologiyaya həvalə etdikdə düşüncə ilə dil arasındakı təbii əlaqə zəifləyir.
Digər mənfi nəticə gənclərin dilində standart və bir-birinə bənzər ifadələrin
artması ola bilər. Süni intellektin yaratdığı mətnlər çox vaxt ümumi, şablon
xarakteri daşıyır və artıq fərdi üslub anlayışı aradan qalxır. Belə mətnlərdən
davamlı istifadə edən şagird və ya tələbənin özünəməxsus yazı tərzinin, ifadə
qabiliyyətinin formalaşmasına mane olur. Bundan əlavə, süni intellektin təqdim
etdiyi materiallarda yanlış faktlara, uğursuz tərcümələrə rast gəlinir ki, bu
da tapşırığın doğru yerinə yetirilməməsinə səbəb olur. Buna görə təhsil
sistemində süni intellektdən istifadəni məhdudlaşdırmaq yox, əksinə, ondan
düzgün istifadə edilməsi yolları təmin edilməlidir. Yəni süni intellekt insan
intellektinin istifadəsində köməkçi vasitə kimi təqdim edilməli və şagirdlərə,
tələbələrə ondan düzgün istifadə öyrədilməlidir.
“Evdə
düzgün danışıq mühitinin yaradılması gələcək nitq mədəniyyətinin əsasını təşkil
edir”
–
Bəs müəllimlər, valideynlər və gənclər süni intellekt dövründə ana dilinin
qorunması və düzgün istifadəsi üçün nələrə diqqət yetirməlidirlər?
–
Müəllim yalnız hazır nəticəni deyil, işin hazırlanma prosesini də qiymətləndirməli,
şagirddən istifadə etdiyi mənbələri göstərmək, süni intellektin yaratdığı mətni
təhlil etmək, səhvləri müəyyənləşdirmək, mətni öz sözləri ilə yenidən işləmək və
şifahi şəkildə ifadə etməyi də tələb etməlidir.
Süni
intellekt gəncin əvəzinə düşünən müəllif deyil, onun düşünməsinə yardım edən
vasitə olmalıdır. Əks halda texnologiyanın yaratdığı rahatlıq yazılı nitqin,
müstəqil təfəkkürün və yaradıcılığın zəifləməsinə gətirib çıxara bilər. Müəllimlər
uşaqlarda mütaliəyə maraq yaratmalı, onlara fikirlərini sərbəst, məntiqli və ədəbi
dil normalarına uyğun ifadə etməyi öyrətməlidirlər.
Valideynlər
də uşağın dil inkişafında mühüm rol oynayırlar. Uşaq ilk dil vərdişlərini ailədə
qazanır. Evdə düzgün danışıq mühitinin yaradılması, uşaqların kitab oxuması,
onların söz ehtiyatının zənginləşdirilməsi və qarışıq ifadələrdən uzaq
tutulması gələcək nitq mədəniyyətinin əsasını təşkil edir. Gənclər isə Azərbaycan
dilinin gələcək daşıyıcılarıdır. Sözləri bilərəkdən təhrif etmək, Azərbaycan əlifbasının
hərflərini başqa işarələrlə əvəz etmək, fikri həddindən artıq qısaltmalarla
ifadə etmək və xarici sözləri ehtiyac olmadan işlətmək tədricən dil vərdişlərinə
təsir göstərir. Rəqəmsal mühitdə istifadə etdiyimiz dil bizim ümumi dil mədəniyyətimizin
bir hissəsidir. Azərbaycan dilində keyfiyyətli elmi, bədii, publisistik və rəqəmsal
məzmun yaratmaq da dilin qorunmasının ən təsirli yollarından biridir.
“Azərbaycan
dilinin tədris saatları artırılmalıdır”
–
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə cəmiyyətə,
xüsusilə müəllimlərə, valideynlərə və gənclərə hansı mesajı vermək istərdiniz?
–
Ümummmili Lider Heydər Əliyevin təşəbbüsü ilə hər il Azərbaycanda avqustun 1-i
Azərbaycan Əlifbası və Azərbaycan Dili
Günü kimi qeyd olunur. Azərbaycan dilinin qorunub inkişaf etdirilməsi müstəqillik
illərində dövlətimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq
kimi dəyərləndirilməlidir. Azərbaycan dili xalqımızın qədim tarixini, mənşəyini,
milli-mənəvi dəyərlərini yaşadan ən zəngin
sərvətimizdir. Bu dil əsrlər ərzində formalaşaraq inkişaf etmiş,
tariximizi, mədəniyyətimizi qoruyub
saxlamış və müstəqil dövlətimizin əsas rəmzlərindən birinə çevrilib. Müstəqillik
dövründə Azərbaycan dilinin dövlət dili kimi mövqeyi möhkəmləndirilir, bu sahədə
qəbul edilən qanunlar, dövlət proqramları və
hüquqi sənədlər dövlət dilinin inkişafı, onun tətbiq sahələrinin genişlənməsi,
ədəbi dil normalarının qorunması və terminoloji bazanın zənginləşdirilməsi
istiqamətində mühüm işlər görülüb. Ona görə də Azərbaycan dilinin qorunması hər
kəsin borcudur. Bu gün Azərbaycan dilinin təhsildə, elm sahələrində, mediada tətbiqi daha da möhkəmləndirilməlidir.
Ali məktəblərdə fəaliyyət göstərən
qeyri-ixtisas fakültələrində Azərbaycan dilinin, nitq mədəniyyətinin tədrisinə
xüsusi diqqət verilməlidir. Bu prosesin səmərəli olması üçün Azərbaycan dilinin
tədrisinə verilən saatların miqdarı artırılmalıdır.
Mənbə:
https://muallim.edu.az/reqemsal-dovrde-azerbaycan-dilini-nece-qoruyaq-dilci-alimle-musahibe


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)