17-25 iyun tarixlərində dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib. 35 imtahan mərkəzində baş tutan imtahanlarda ümumilikdə 22 mindən çox müəllim iştirak edib, davamiyyət göstəricisi 96 faiz təşkil edib.
Bu
barədə BAKU.WS-ə Təhsil İnstitutundan məlumat verilib.
Sertifikatlaşdırma
prosesinə Azərbaycan dili, rus dili, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat,
fransız dili, alman dili, təsviri incəsənət, musiqi, fizika, kimya, biologiya,
riyaziyyat, coğrafiya, informatika, ingilis dili, ibtidai sinif, tarix, fiziki
tərbiyə və texnologiya fənlərini tədris edən təhsilverənlər cəlb olunublar.
Test
imtahanı mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbulu 26 iyul saat
12:00-da başa çatdıqdan sonra daxil olan bütün müraciətlər aidiyyəti üzrə
ekspertlər tərəfindən yenidən nəzərdən keçirilib və test tapşırıqları ətraflı təhlil
edilib. Ekspertlər test tapşırıqlarının tərtibatında müvafiq çərçivə sənədləri
və tədris vəsaitləri ilə hər hansı bir uyğunsuzluq olmadığını müəyyənləşdiriblər.
Eyni zamanda, bəzi suallarda texniki problemlərin olduğunu qeyd ediblər.
Belə
ki, 24 iyun tarixində keçirilmiş imtahanda tarix fənni üzrə Azərbaycan və rus
bölmələrində 2, 24 iyun tarixində keçirilmiş imtahanda riyaziyyat fənni üzrə Azərbaycan
və rus bölmələrində 1, 25 iyun tarixində keçirilmiş imtahanda texnologiya fənni
üzrə Azərbaycan bölməsində 1 və fiziki tərbiyə fənni üzrə rus bölməsində 1 test
tapşırığı ilə bağlı qiymətləndirməyə təsir edən texniki xarakterli uyğunsuzluq
müəyyən olunub.
Texniki
səhvlər nəzərə alındıqdan sonra həmin test tapşırıqları üzrə müvafiq bal düzəlişləri
sualların təqdim olunduğu müəllimlərin xeyrinə hesablanıb.
Yenilənmiş
nəticələr artıq müəllimlərin portal.edu.az platformasındakı şəxsi kabinetlərinə
göndərilib. Müəllimlər platformanın "Sertifikatlaşdırma" bölməsinə
daxil olaraq apellyasiya nəticələri ilə tanış ola bilərlər.
Mənbə:https://baku.ws/social/bezi-muellimlerin-sertifikatlasdirma-ballari-artirildi


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)