Bakı
Dövlət Universitetinin Kimya fakültəsinin tələbəsi İnci Mikayıllı təhsilini Çin
Tibb Universitetinin Klinik tibb fakültəsində “Scholarship” proqramı ilə davam
etdirir. O, təqaüd proqramı çərçivəsində Çin dilində tam təqaüdlə təhsil almaq
hüququ qazanmışdır.
Sinxron Fənlər “Azərbaycan müəllimi”nə istinadən məlumat verir ki, İnci Mikayıllı proqram üzrə keçirilən
CSCA imtahanlarında yüksək nəticə göstərərək universitetin klinik tibb
ixtisasına qəbul olub. O, Bakı şəhəri 165 nömrəli tam orta məktəbin məzunudur. İnci Mikayıllı tam orta məktəbdə təhsil
aldığı illərdə yüksək akademik göstəriciləri, kimya elminə marağı və müxtəlif
bilik yarışlarında fəal iştirakı ilə seçilib.
Kimya
fənni üzrə respublika və beynəlxalq səviyyəli yarışlarda uğurla çıxış edən İnci
orta təhsilini əla qiymətlərlə başa vurub.
Uşaqlıqdan
həkim olmağı arzulayan İnci Mikayıllı bu məqsədinə çatmaq üçün məktəb illərindən
etibarən təbiət elmlərinə, xüsusilə kimya və biologiya fənlərinə xüsusi maraq
göstərib. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Kimya
fakültəsinə (tədris ingilis dili) qəbul olunan tələbə burada qazandığı nəzəri
bilikləri gələcək tibb təhsili üçün mühüm baza kimi dəyərləndirib.
BDU-nun
ikinci kursunda təhsil aldığı müddətdə o, təqaüd proqramı çərçivəsində Çin Tibb
Universitetinə müraciət edib. Qəbul prosesinin müvafiq mərhələlərini uğurla keçən, CSCA imtahanlarında yüksək nəticə göstərən tələbə
tam təqaüdlü təhsil imkanı əldə edib.
Çin
dilində klinik tibb təhsili almaq İnci Mikayıllı üçün yalnız yeni bir akademik
mərhələ deyil, eyni zamanda fərqli səhiyyə sistemi, tibbi yanaşmalar və beynəlxalq
təcrübə ilə yaxından tanış olmaq imkanıdır. O, təhsil müddətində Çin dilini
yüksək səviyyədə mənimsəməyi, fundamental və klinik tibb üzrə biliklərini dərinləşdirməyi,
müasir diaqnostika və müalicə üsullarını öyrənməyi qarşısına məqsəd qoyub.
İnci
gələcəkdə peşəkar və savadlı həkim kimi yetişməyi, klinik fəaliyyətlə yanaşı,
elmi-tədqiqat işlərində də iştirak etməyi planlaşdırır. Onun əsas arzularından
biri xaricdə qazandığı bilik və təcrübəni gələcəkdə Azərbaycanda tətbiq etmək,
insanların sağlamlığının qorunmasına töhfə verməkdir.
O,
həmçinin Azərbaycan və Çin arasında tibb, təhsil və elmi əməkdaşlığın
inkişafına öz töhfəsini verməyi, beynəlxalq tibbi mühitdə ölkəsini layiqincə təmsil
etməyi qarşısına məqsəd qoyub.
İnci
Mikayıllının əldə etdiyi bu nəticə onun uzunmüddətli zəhmətinin, məqsədyönlülüyünün
və həkimlik peşəsinə olan marağının göstəricisi olmaqla yanaşı, Azərbaycan gənclərinin
beynəlxalq təhsil imkanlarından uğurla yararlana bildiyini nümayiş etdirir.
Mənbə:
https://muallim.edu.az/bdu-nun-telebesi-cin-tibb-universitetinde-tam-teqaudle-tehsil-alacaq
Uğurlar arzulayırıq İnci!


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)