Elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə əmr imzalayıb.
Əmrə əsasən, WUF13-ün keçiriləcəyi 17-22 may tarixlərində
Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində (məktəbəqədər və
internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla) tədris və təlim-tərbiyə
prosesinin təşkilində bəzi dəyişikliklər ediləcək.
Belə ki, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq
qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-dək tətil (1-5 may tarixləri
əvəzinə) müəyyən ediləcək.
Bundan başqa, Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu
və Nizami rayonları istisna olmaqla, Bakı şəhərinin digər rayonlarında fəaliyyət
göstərən ümumi təhsil müəssisələrinin V-XI siniflərində dərslər mayın 18-dən
22-dək distant (məsafədən) formada keçiriləcək.
Eyni zamanda Bakı şəhərində yerləşən peşə, orta
ixtisas və ali təhsil müəssisələrində də tədrisin mayın 18-dən 22-dək distant
(məsafədən) formada təşkili əmrdə qeyd olunur.


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)