1926-cı ilin fevralında Bakı şəhəri təkcə regional
miqyasda deyil, bütövlükdə türk dünyasının elmi və mədəni xəritəsində simvolik
bir mərkəzə çevrildi. Birinci Türkoloji Qurultay - elmi ədəbiyyatda “Birinci
Türkoloji Qurultay”, “Bakı Türkoloji Qurultayı”, “1926 Bakı Qurultayı” adları
ilə də tanınan bu mötəbər tədbir, türk xalqlarının dilləri, mədəni irsi və elmi
əməkdaşlıq perspektivləri üzərində düşünən alimləri ilk dəfə bu qədər geniş və
sistemli şəkildə bir araya gətirdi. Qeyd edilməlidir ki, Qurultayın rəsmi və
orijinal adı Azərbaycan dilində nəşr olunmuş proqramın cildində “Birinci
Ümumittifaq Türkoloji Qurultay” kimi göstərilmişdir.
Türkologiyada multidisiplinar yanaşmanın əsasları
Qurultay çərçivəsində türk dillərinin elmi müzakirəsi
yeddi əsas problem sahəsi üzrə aparılmış və bu istiqamətlərdə müvafiq qərarlar
qəbul edilmişdir: əlifba məsələsi, imla və orfoqrafiya problemləri,
terminologiya, tədris və metodika məsələləri, qohum və qonşu dillərin
qarşılıqlı əlaqəsi və interferensiya problemləri, türk dillərinin ədəbi dil məsələləri,
o cümlədən ortaq ədəbi dil problemi, həmçinin ulu dil nəzəriyyəsi və türk dillərinin
tarixi məsələləri.
Bu müzakirələr türk dünyasında elmi birlik ideyasının
formalaşmasında mühüm dönüş nöqtəsi olmuşdur. Türkologiyanın inkişaf istiqamətini
müəyyən edən, türk xalqlarını ortaq mədəniyyət və dil platformasında birləşdirən
bu intellektual təşəbbüs - 1926-cı il fevralın 26-dan martın 6-dək Bakı şəhərində
İsmailiyyə sarayında keçirilmiş Birinci Türkoloji Qurultay - XX əsrdə türk
xalqlarının mədəni inteqrasiyasında yeni bir mərhələnin əsasını qoymuş, geniş
coğrafiyada yaşayan müxtəlif türk toplumları üçün taleyüklü məsələlərin müzakirə
edildiyi və elmi əsaslandırılmış həll yollarının formalaşdırıldığı tarixi bir
tribuna rolunu oynamışdır.
Bu Qurultay təkcə Azərbaycan elmi mühitində deyil,
bütövlükdə Türk dünyasında türkologiya elminin sistemli inkişaf mərhələsinin
formalaşmasında mühüm rol oynamış, türk xalqlarının dillərinin, ədəbiyyatının,
etnoqrafiyasının və tarixi-mədəni irsinin elmi əsaslarla öyrənilməsi üçün möhkəm
nəzəri və praktik baza yaratmışdır. Qurultay yalnız əlifba və orfoqrafiya məsələləri
ilə məhdudlaşmamış, elmi terminologiyanın sistemləşdirilməsi, türk dillərinin
orfoqrafik tədqiqi, ölkəşünaslıq, arxeoloji və etnoqrafik araşdırmalar kimi sahələri
də əhatə etməklə türkologiyada multidisiplinar yanaşmanın əsasını qoymuşdur.
Ortaq əlifba və dil məsələləri
Bu gün Birinci Türkoloji Qurultayın keçirilməsindən
bir əsr ötür. Tarixi sınaqlardan keçmiş bu ideyalar çağdaş dövrdə yenidən
aktuallıq qazanmaqdadır. Qloballaşmanın artan təsiri fonunda türk xalqları
arasında ortaq əlifba və dil məsələlərinin həlli həm elmi və akademik birliyin
güclənməsinə, həm də milli-mənəvi bütövlüyün bərpasına xidmət edən mühüm amillərdən
biri kimi çıxış edir.
Birinci Bakı Türkoloji Qurultayının tarixi və elmi əhəmiyyətini
daha dolğun təsəvvür etmək üçün bir sıra faktlar xüsusilə diqqətəlayiqdir.
Qurultayda ümumilikdə 12 ölkədən: Azərbaycan, Türkiyə, Almaniya, Macarıstan,
Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Gürcüstan və
Ermənistandan nümayəndələr iştirak etmişdir. Bununla yanaşı, Krım, Tatarıstan,
Başqırdıstan, Dağıstan, Çuvaşiya, Kalmıkiya, Kabarda-Balkar, İnquşetiya, Noqay
ordası, Çeçenistan və digər bölgələrdən müxtəlif türk toplumlarını və muxtar
qurumları təmsil edən nümayəndələr qatılmışdır.
134 iştirakçı, 17 iclas
Qurultayda ümumilikdə 134 nəfər iştirak etmiş, 17
iclas keçirilmişdir. Bu iclaslarda türk xalqlarının, bütövlükdə Türk dünyasının
dili, tarixi, etnogenezi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyəti ilə bağlı 38
elmi məruzə təqdim olunmuşdur. Qurultaya Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin
sədri Səmədağa Ağamalıoğlu sədrlik etmiş, Rəyasət Heyətinə isə həm yerli, həm də
xarici nüfuzlu alimlər seçilmişdir. Onların sırasında Azərbaycandan Ruhulla
Axundov və Həbib Cəbiyev, tanınmış şərqşünas və tarixçi alim akademik Vasili
Bartold, akademik Sergey Oldenburq, Avropa alim heyətinin nümayəndəsi professor
Teodor Menzel, RSFSR Xalq Maarif Nazirliyindən İosif Naqovitsin, professor Bəkir
Çobanzadə, SSRİ Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Samoyloviç,
Qazaxıstandan Əhməd Baytursun, Yakutiyadan İsidor Baraxov, Şərqşünaslıq
Assosiasiyasından İlya Borozdin və Mixail Pavloviç, Tatarıstandan Qalimcan
İbrahimov, Başqırdıstandan Kərim İdelqujin, Türkiyədən SSRİ EA-nın xarici
müxbir üzvü professor Fuad Köprülüzadə, Dağıstandan Cəlaləddin Qorxmazov, Özbəkistandan
Rəhim İnoqamov, Qırğızıstandan Qasım Tınıstanov, Türkmənistandan Bekki
Berdiyev, Krımdan Hüseyn Ağçokraklı və Həbibulla Odabaş, Şimali Qafqazdan isə
Umar Əliyev kimi tanınmış alim və ictimai xadimlər yer almışdır.
Bundan əlavə, Azərbaycan nümayəndə heyətinin və digər
respublikaların təklifləri əsasında Əli bəy Hüseynzadə, Villi Banq, Mustafa
Quliyev, akademik Nikolay Marr, Anatoli Lunaçarski və Vilhelm Tomsen Qurultayın
Rəyasət Heyətinə fəxri üzv seçilmişdir. İştirakçıların müxtəlif coğrafi bölgələri
və elmi məktəbləri təmsil etməsi, məruzələrin elmi-metodoloji zənginliyi, eləcə
də etnoqrafiya, dilçilik və tarixşünaslıq sahələrində multidissiplinar
yanaşmaların tətbiqi Qurultayı XX əsr Azərbaycan elmi-mədəni həyatının ən
parlaq və yaddaqalan hadisələrindən birinə çevirmişdir.
59 çıxışın nə müəllif yazıları, nə də tam stenoqrafik
mətnləri...
Təəssüf ki, stenoqramda adı çəkilən 59 çıxışın nə müəllif əlyazmaları, nə də tam stenoqrafik mətnləri bu günədək aşkar edilməmişdir.
Xalid Səid Xocayev, Nemət Hakimov və Həbibulla Habitov
kimi nümayəndələrin çıxış mətnləri nə Milli Arxiv İdarəsində, nə də Əlyazmalar
İnstitutunun materialları sırasında yoxdur. Ehtimal edilir ki, bu materiallar
ya şəxsi arxivlərdə saxlanılır, ya da 1930-cu illərin repressiyaları zamanı məhv
edilmiş əlyazmalar arasında olmuşdur. Ümid edilir ki, Qurultayın 100 illik
yubileyi ərəfəsində bu qiymətli materialların heç olmasa bir hissəsi
aşkarlanaraq elmi ictimaiyyətə təqdim ediləcəkdir.
İclasda SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri Qəzənfər
Musabəyovun təbrik nitqi ilə çıxış etməsi də Qurultayın mötəbərliyini bir daha
təsdiqləyir. Qeyd etmək lazımdır ki, Qurultay məşhur türkoloq V.V.Radlovun və
İsmayıl bəy Qaspıralının xatirəsinə həsr edilmişdir. Akademik Vasili Bartold,
Mehmet Fuad Köprülüzadə, Əli bəy Hüseynzadə, Aqafangel Krımski, Nikolay Poppe,
Nikolay Aşmarin və Sergey Malov kimi tanınmış türkoloq və şərqşünasların
iştirakı da bu elmi toplantının yüksək statusunu və nüfuzunu göstərirdi.
Qurultayda çıxış edən alimlər yalnız öz sahələrinin
spesifik problemlərinə toxunmaqla kifayətlənməmiş, həm də iştirakçıları
türkoloji tədqiqatların metodologiyası, elmi terminologiyanın
formalaşdırılması, müqayisəli dilçilik və coğrafi-etnoqrafik yanaşmalar barədə
düşünməyə sövq etmişlər. Bu məruzələr nəticəsində geniş fikir mübadiləsi
aparılmış, müxtəlif türk xalqlarının dil və mədəniyyət xüsusiyyətlərinin öyrənilməsində
yeni elmi perspektivlər müəyyənləşdirilmişdir.
Qeyd edilməlidir ki, Birinci Türkoloji Qurultayın qəbul
etdiyi qərarlar arasında ortaq əlifba, ortaq ədəbi dil, ortaq terminologiya və
digər əlaqəli məsələlər xüsusi əhəmiyyət kəsb edirdi. Bu problemlər yalnız XX əsr
üçün deyil, müasir dövrdə də türkologiyanın və türk xalqlarının mədəni
inteqrasiyasının aktual istiqamətləri kimi qiymətləndirilir. Qurultay tərəfindən
irəli sürülən ortaq yazı və dil prinsipləri, elmi terminologiyanın sistemləşdirilməsi
və ədəbi dilin inkişafına dair tövsiyələr bu gün də strateji və elmi əhəmiyyətini
qoruyub saxlayır.
İlk hüquqi qiymət
Azərbaycan XX əsrdə dövlət müstəqilliyini bərpa etdikdən
sonra I Bakı Türkoloji Qurultaya dövlət səviyyəsində hüquqi qiymət verildi. Belə
ki, 5 noyabr 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev Qurultayın 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı və
2006-cı ildə Bakıda bu yubileyə həsr olunmuş Beynəlxalq konfrans təşkil
edildi. Birinci Türkoloji Qurultayın 90
illik yubileyi Prezident İlham Əliyevin 18 fevral 2016-cı il Sərəncamı ilə dövlət
səviyyəsində qeyd olundu. Sərəncamda xüsusi olaraq vurğulanırdı ki, XX
yüzilliyin sonlarına doğru Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa
etməsi ilə Azərbaycan dilinin rəsmi dövlət dili statusu təsbit edilmiş,
Türkoloji Qurultay tərəfindən irəli sürülmüş qərar və tövsiyələrin müasir şəraitdə
həyata keçirilməsi üçün əlverişli zəmin yaranmışdır. Ötən dövr ərzində
türkologiyaya dair yeni elmi konsepsiyalar formalaşmış, Azərbaycan dünya
miqyasında nüfuzlu türkoloji araşdırma mərkəzlərindən biri kimi tanınmış və
türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsi yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin imzaladığı “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin
keçirilməsi haqqında” Sərəncam bu yubileyin dövlət səviyyəsində qeyd olunmasını
nəzərdə tutur. Bu, təsadüfi deyil, əksinə tarixi ardıcıllığın və ideya
varisliyinin təbii nəticəsidir. Çünki Birinci Türkoloji Qurultayda irəli sürülən
bir çox ideyalar bu günün reallığında uğurla həyata keçirilir və Türk
dünyasının yenidən vahid ailə kimi formalaşması istiqamətində mühüm və diqqətəlayiq
nailiyyətlər əldə olunub.
Bu sərəncam Qurultayın tarixi və elmi əhəmiyyətini
daha da möhkəmləndirir, türkologiya elminin inkişafına, türk xalqlarının mədəni-mənəvi
irsinin qorunması və təbliğinə dövlət səviyyəsində dəstək göstərir, eyni
zamanda Qurultayın irsinin müasir elmi mühitdə aktual və əhəmiyyətli olmasını təmin
edir.
Sərəncamda xüsusi olaraq qeyd olunur ki, Birinci
Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni
inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq
miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və
sistemli müzakirə obyektinə çevrilmiş, Türk dünyasının dili, tarixi, etnoqrafiyası,
ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilmiş,
latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində
saxlanılmışdır.
Türk dövlətləri arasında qardaşlıq və qarşılıqlı
etimada əsaslanan müttəfiqlik münasibətləri möhkəmlənir, mədəni əməkdaşlıq əlaqələri
isə getdikcə daha da dərinləşir. 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində
keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının 12-ci
Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik
yubileyinin qeyd olunması ilə bağlı çağırışın yer alması da bu prosesin bariz
göstəricisidir.
Bütün bu qeyd olunanlar və qeyd olunmayan digər önəmli
məsələlər bizi Birinci Türkoloji Qurultayı başqa bir aspektdən də araşdırmağa
sövq etmişdir. Məhz buna görə, bu tarixi hadisənin arxa planı və onun davamı da
diqqətdən kənarda qalmamalıdır.
Sovet rejiminin repressiya qurbanları
Qurultay nə qədər elmi-intellektual zirvə idisə, onun
ardınca baş verən hadisələr bir o qədər faciəvi olmuşdur. Tədbirdə iştirak
etmiş, Türk dünyasının gələcəyi naminə çalışan bir çox ziyalı, alim və mütəfəkkir
sonrakı illərdə totalitar sovet rejiminin repressiyalarına məruz qalmış, edam,
sürgün və susdurma siyasətinin qurbanına çevrilmişdir. Onların bəziləri fiziki
məhvə, bəziləri isə mənəvi təcridə düçar olmuş, əsərləri yasaqlanmış, əlyazmaları
və kitabları məhv edilmiş, adları uzun illər tarixdən silinmişdir.
Bu proses bütövlükdə türk xalqlarının intellektual
inkişafına, milli yaddaşına və mədəni irsinə ağır zərbə vurmuşdur. Birinci
Türkoloji Qurultayın ideyaları, elmi baxışları və gələcək layihələri uzun müddət
arxa plana atılmış, onların gerçəkləşməsi onilliklər boyu yubadılmışdır. Bu da
Qurultayın təkcə elmi deyil, həm də siyasi və ideoloji baxımdan nə qədər mühüm
və həssas bir hadisə olduğunu sübut edir. Bu gün həmin tarixi hadisəyə qayıdarkən
yalnız onun nailiyyətlərini deyil, həm də bu nailiyyətlərin müqabilində baş verən
acı təcrübələri unutmamalı, intellektual yüksəlişin qorunması və davam etdirilməsi
üçün güclü hüquqi və ictimai zəmin yaratmalıyıq.
XX əsrin sonlarında Sovet İttifaqının süqutundan sonra
türk dünyasında yenidən intellektual reaktivasiya yaşandı. Müstəqil türk dövlətləri
formalaşdı, təhsil və elmi institutlar yenidən quruldu və türk dünyasında ortaq
elmi məkan ideyası yenidən gündəmə gəldi. Bu yeni kontekstdə, Birinci Türkoloji
Qurultayın 1926-cı ildə səsləndirdiyi ideyalar yenidən aktuallaşdı. 100 il
sonra, Türk Dövlətləri Təşkilatının dəstəyi və Beynəlxalq Türk Akademiyası ilə
Türk Dil Qurumunun nəzdində fəaliyyət göstərən Ortaq Əlifba Komissiyasının fəaliyyəti
nəticəsində Türk dünyasında ortaq əlifba qəbul edildi. Bu, Qurultayın 100
illiyinə də töhfə verdi.
Ortaq türk əlifbası ilə nəşr edilən ilk kitablar
Yuxarıda qeyd olunan siyasətin məntiqi davamı olaraq
ortaq türk əlifbası ilə nəşr edilən ilk kitablar Türk dünyasında bu problemin həlli
istiqamətində atılmış uğurlu addımlar kimi qiymətləndirilə bilər. Ortaq əlifba
ilə çap olunmuş ilk kitablar arasında Türk Akademiyası tərəfindən nəşr edilən
Abay Kunanbayın “Qara sözlər” və Çingiz Aytmatovun “Ağ gəmi” əsərləri yer alır.
Bu əsərlərin təqdimatları Qazaxıstan və Qırğızıstanda keçirildi və Türk Dövlətləri
Təşkilatının zirvə toplantısında iştirakçılara hədiyyə edildi.
Bu baxımdan, Birinci Türkoloji Qurultayın 100 illiyi təkcə
yubiley deyil, Türk Dünyasında elmi birlik ideyasının tarixi bir mərhələsinin təntənəsidir.
1926-cı ildəki Qurultayı yalnız keçmişin hadisəsi kimi qiymətləndirmək kifayət
deyil; bu hadisə müasir türkoloji tədqiqatlarda, tədris metodikasında, ümumtürk
elm və mədəniyyət əlaqələrində öz əksini tapmışdır. 100 illik perspektiv göstərir
ki, elmi birlik yalnız ideya deyil, konkret praktik fəaliyyətin məhsulu olmuş və
türk dünyasında uzunmüddətli intellektual prosesə çevrilmişdir.
Birinci Türkoloji Qurultay Türk Dünyasının elmi həyatında dönüş nöqtəsi olmuşdur. O, yalnız əlifba və dil məsələsi ilə məhdudlaşmır, həm də elmi birlik, kollektiv qərarvermə və metodoloji vahidlik ideyalarının formalaşması baxımından tarixi əhəmiyyət kəsb edir. 100 illik yubiley təntənəsi də göstərir ki, elmi birliyin ideyası keçmişdə başlamış, indiki dövrdə inkişaf etmiş və gələcək üçün perspektiv yaratmışdır. Birinci Türkoloji Qurultay həm tarixi hadisə, həm də Türk Dünyasında elmi inteqrasiyanın davamlı təşəbbüsü kimi qiymətləndirilə bilər.
Mənbə:
https://muallim.edu.az/turk-xalqlarinin-medeni-inteqrasiyasinda-tarixi-hadise


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)