-Yaxşı adam
olmaq üçün dünyanın sonunu arzulamaq yaxşı deyil-
Rabban Sauma (Suriya dilində” bar sauma” – “oruc
tutanın oğlu”, “rabban”- “müəllim”), (təxminən 1220, Xanbalıq - 1294, Marağa). Nestorian
rahibi, Hülakülərin (Elxanilər) səfiri. Avropadakı
səyahətləri haqqında təsvir qoymuş orta əsr çinli yeganə şəxs. Onu “Uyğur Marko
Polosu” adlandırırlar.
Sofiya Kostoqrızova yazır...
Şərqdə Avropa diplomatları haqqında çoxlu film və
seriallar çəkilmişdir. Amma Qərbdə Şərq filmlərini xatırlaya bilmirəm. Rabban
Saum haqqında serial çəkilməsini arzulayıram, amma o, rahibdir və problem də elə
bundadır (bu, sevgi hekayəsini aradan qaldırır).
Paris və Qaskoniyaya səfər etdikdən sonra səfirlik qışı Genuyada
keçirdi və orada təbii şəraitin ətraflı təsvirlərini yazdı. Rabban Saumanın Romaya
ilk səfərindən bir il sonra yeni
papa, IV Nikolay seçildi. Papa və onun kardinallarının iştirakı ilə monqol səfirləri
evxaristiya ayinini qeyd etdilər. Diqqətəlayiqdir ki, bu mərasimin təşəbbüskarı
Rabban Saumanın özü idi. Nestorian evxaristiya ayini katolik ayini ilə eyni idi
və mətnə görə, bu, kardinalları məmnun etdi və katolik ruhaniləri üçün ayinlərdə
oxşarlıqların vacibliyini nümayiş etdirdi.
Papanın kardinalları Elxanın elçilərindən daha çox
dini ehkam və rituallardakı fərqlərə diqqət yetirirdilər. Bu məsələlərə münasibətdəki
bu fərqin səbəblərini nestorianların qeyri-xristian dinlərinin nümayəndələrinin
(müsəlmanlar, buddistlər, manixeylər və politeistlər), eləcə də müxtəlif
xristian hərəkatlarının nümayəndələrinin (yakovitlər, qriqorianlar və
pravoslavlar) daxil olduğu çoxkonfessiyalı bir mühitdə yaşamaq təcrübəsi ilə əlaqələndirmək
olar. Bu, həm də diplomatik danışıqlarda nəticə əldə etmək - Roma kilsəsini və
Avropa krallarını Elxanilərlə birlikdə Məmlüklərə qarşı birləşdirmək istəyi ilə
bağlı idi.
Bundan əlavə, Rabban Sauma, vəzifəyə təyin
olunmasından sonrakı bazar günü papalıq tərəfindən təşkil edilən xeyriyyə
bayramında iştirak etmişdi. Mətndə Şərqin
Suriyalı kilsəsinin rahibi üçün katolik ayinlərinin yerinə yetirilməsinin qəbuledilməz
və ya günahlı olduğuna dair birbaşa və ya dolayı əlamət yoxdur. “Tarix”in müəllifləri
Rabban Saumanın hərəkətlərini nəinki qınayır, həm də papa ilə görüşün və onun
günahlarının bağışlanmasının nestorian ruhanisi üçün sevincli bir hadisə
olduğunu vurğulayırlar. Bundan əlavə, Rabban papadan Elxani zadəganlarının və
ruhanilərinin nümayəndələrinə “Vatikanda saxlanılan qalıqlardan bir şey”
çatdırmasını xahiş edir [11, s. 708]. Papa Məryəmin pərdəsinin bir parçasını,
naməlum müqəddəslərin parçalarını və papanın mənəvi hakimiyyətini simvolizə edən
əşyalar göndərdi: başından tac, “qızıl ilə toxunmuş bənövşəyi libaslar”, “kiçik
mirvarilərlə bəzədilmiş corablar və ayaqqabılar” və “barmağından üzük” [11, s.
708]. Mətndə həmçinin “ona Şərqin bütün oğulları üzərində patriarxal hakimiyyət
verən icazədən” bəhs olunur [11, s. 708]. Burada Papanın Şərq xristianları
arasında hakimiyyətə sahib olmaq istəyi açıq şəkildə görünür. Bəs o, nestorianların
nəzərində həqiqətən belə idimi?
“Mar
Yabalaha və Rabban Saumanın tarixi” mətninin təhlili, Elxan elçilərinin başqa bir xristian hərəkatının
nümayəndələri ilə ünsiyyət qurarkən istifadə etdikləri ortaq xristian dəyərlərinə
vurğu ilə yanaşı, diplomatik taktikaları da ortaya qoyur, yəni bir vaxtlar Qərb
və Şərq xristianları arasında “su hövzəsi”nə çevrilən doktrinal məsələlər üzrə
müzakirələrdən yayınmaq. Rabban Sauma, Papanın kardinalları tərəfindən
başladılan “felioke” ilə bağlı müzakirəyə girməyə məcbur oldu: “Onlar
(kardinallar) ona dedilər: “Müqəddəs Ruh Atadan, yoxsa Oğuldan, yoxsa
ayrı-ayrılıqda gəlir?” O cavab verdi: “Bəs Ata, Oğul və Ruh - onlar mahiyyətcə
birləşiblər, yoxsa ayrı-ayrı?” Onlar cavab verdilər: “Onlar mahiyyətcə birləşiblər
və xüsusiyyətlərcə ayrıdırlar”. O dedi: “Onların xüsusiyyətləri nədir?”. Onlar
cavab verdilər: “Nəsilcə Ata, doğuşdan Oğul, gedişdən Ruh”. O dedi: “Onlardan hansı digərinin səbəbidir?”.
Onlar dedilər: “Ata Oğulun, Oğul Ruhun səbəbidir”. O dedi: “Əgər onlar mahiyyətcə, hərəkətdə,
gücdə, səlahiyyətdə bərabərdirlərsə və üç şəxs və bir nəfərdirlərsə, necə ola
bilər ki, biri digərinin səbəbi olsun? Ruhun da başqa bir şeyin səbəbi olması
vacibdir; şifahi mübahisə müdriklərin etirafından kənardır” [11, s. 701].
Mətnin bu fraqmenti göstərir ki, Elxanın səfiri
doktrinadakı fərqləri vurğulamaqdan çəkinməyə və bunun əvəzinə katolik ruhaniləri
və kralları ilə ünsiyyəti asanlaşdıra biləcək ortaq xristian dəyərlərini
vurğulamağa çalışmışdır. Tarixçi A.Q. Yurçenko monqolların diplomatiyada, xüsusən
də Qızıl Orda hökmdarı Bərkə ilə Misir sultanı Bəybars arasındakı təmaslar
zamanı dini təsirdən istifadəsini qeyd edir. Tədqiqatçının fikrincə, Cuçi
Ulusunda İslamın rolu qəsdən şişirdilmişdir [16, s. 10].
Mənbədə “Pyotr və Pavel kilsəsi” adlandırılan və nə
diplomatik, nə də kəşfiyyat məqsədləri üçün praktik olaraq zəruri olmayan Müqəddəs
Pyotr bazilikasının görünüşünün təsviri (həvarinin məzarının qeyd edilməsi məhz
bu abidənin olduğunu göstərir), Monqol səfirlərinin özlərinin yalnız
diplomatlar deyil, xristianlar kimi pravoslav və katolik mədəniyyətlərinə olan
marağından xəbər verir.
Fransa kralı IV Gözəl Filipplə görüşdə Elxanın
elçisi ortaq xristian dəyərlərini də vurğulayaraq monarxdan şəhərin xristian
ziyarətgahlarına tur sifariş etməsini xahiş etdi. Parisdə bir ay qaldıqları
müddətdə səfirlik həmçinin universitetin tələbə heyəti (“13.000 ”) və orada tədris
olunan fənlər (“kilsə elmlərini, yəni təhsili, eləcə də dünyəvi elmləri öyrənənlər,
bütün Müqəddəs Yazıların təfsiri və izahını, hikməti, yəni fəlsəfəni və tibb, həndəsə,
hesab, sfera və ulduzların öyrənilməsi ilə məşğul olan ritorikanı öyrənənlər və
yazı ilə səylə məşğul olanlar”) haqqında məlumat verir [11, s. 704]. Həmçinin,
onun (universitetin) saxlanması üçün vəsaitin haradan gəldiyi də bildirilir -
kral xəzinəsindən.
Parisdən Rabban Sauma İngilis kralı I Eduard
Lonqşanka məxsus Qaskoniyaya səyahət
etdi. Lakin kral Bizans imperatoru, Papa və Fransa kralından fərqli olaraq, Elxani
səfirliyinə yalnız rəsmi qəbul verdi. Monqol səfirlərinin yerli xristian
qalıqlarına baxmaq üçün icazə istəməsinə cavab olaraq kral hədiyyələr təqdim
etdi və cavab verdi: “Kral Arquna və bütün Şərq oğullarına deyin: biz hər şeydən
daha təəccüblü bir şey gördük, yəni: Frank torpaqlarında iki deyil, bütün
xristianların inancı olan İsa Məsihin bir etirafı var” [11, s. 708]. Burada nəzakət
nümayişini və İngilis kralının Hülakülərlə ittifaqda maraqlı olmamasını görürük [11, s.
705].
Baxılan mənbənin xarakterik xüsusiyyəti ondan ibarətdir
ki, Rabban Sauma heç vaxt görüşdüyü hökmdarların adlarını çəkmir: “basilevs”,
“Fransa kralı”, “İngiltərə kralı”. P. Borboneyə görə, dini fərqlərə baxmayaraq,
o, avropalı kimi “iddia edir” [17, s. 236].
Nestorianların və digər Şərq xristianlarının katolik
Avropası ilə diplomatik əlaqələrdə iştirakı mədəniyyətlərarası qarşılıqlı əlaqənin
başqa bir sahəsini - Şərq və Qərb xristianlığı arasında olduğunu göstərir. Həm
Papa, həm də onun kardinalları, həm də Elxanın elçiləri Suriya xristianlarının
katolik ayinlərində iştirakını məqbul hesab edirdilər. Bu, bu dövrdə müxtəlif
xristian hərəkatları arasındakı qarşıdurmanın sonrakı əsrlərdəki qədər kritik
olmaya biləcəyini göstərir.
Kostoqrızova S.E. “Mar Yabalahi və Rabban Saumanın
tarixi” Yuan İmperiyası və Elxanilər dövlətində mədəniyyətlərarası qarşılıqlı əlaqələrin
öyrənilməsi üçün mənbə kimi. Türkşünaslıq. 2023; 6 (3): 7-19.
İstifadə edilmiş resurslar:
Rus dilindən tərcümə:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta ümumtəhsil məktəbinin tarix müəllimi, “Ən yaxşı müəllim”
müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən
yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika
“Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə)
təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin
(2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik
vəsait müəllifi).


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)