Bəşəriyyətin ən qədim bayramlarından biri olan Novruz təkcə təbiətin oyanışını deyil, həm də insanlığın yenilənmə, dirçəliş və harmoniya arzusunu ifadə edir. Minilliklər boyu qorunaraq bu günə gəlib çatan bu bayram müxtəlif xalqları və mədəniyyətləri ortaq dəyərlər ətrafında birləşdirən mənəvi körpüyə çevrilib.
Martın 21-i Beynəlxalq Novruz Günüdür. 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub.
AZƏRTAC xəbər verir ki, “Yeni gün” mənası verən
Novruz dünyada 300 milyondan artıq adam tərəfindən yeni ilin başlanğıcı kimi qəbul
olunur. Bu bayram üç min ildir ki, Qafqazda, Balkan, Qara dəniz hövzəsi, Mərkəzi
Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edilir.
Novruzun qədim xalq bayramı olması haqqında miflərdən
tutmuş tarixi və ədəbi mənbələrədək müxtəlif məlumatlara rast gəlinir. Zərdüştilik
dövründə qeyd edilən bayramların ən maraqlısı Novruz olub. Bu qədim bayramla bağlı
məlumatlara Nizamülmülkün “Siyasətnamə”sində də rast gəlirik. Ömər Xəyyam
(1048-1131) “Novruznamə” əsərində astronomik tədqiqatlara əsasən elmi surətdə
göstərib ki, Novruzun yaranması Günəş təqvimi ilə bağlıdır. Novruz həqiqətən də
ilin dəyişməsi deməkdir.
XVII əsrdə yaşamış fransız səyyahı Jan Şarden Şərq
ölkələrinə səyahəti zamanı Gəncədə, Naxçıvanda, Tiflisdə, İrəvanda, Təbrizdə,
İsfahanda olub. Vətənə qayıtdıqdan sonra “Səyahətnamə” adlı kitab yazıb.
Maraqlıdır ki, onun səfərlərindən biri mart ayına düşdüyündən o, Azərbaycanda
qeyd edilən Novruz bayramının şahidi olub. Həmin bayramla bağlı “Səyahətnamə”də
yazırdı ki, Səfəvilərdə dini və mülki bayramlar lap çoxdur. Bu bayramların üçü
təntənəli surətdə qeyd edilir: Ramazan, Qurban və Yaz bayramı. Yaz bayramı əslində
Yeni il deməkdir. Həmin gün gecə ilə gündüz bərabərləşir. Səyyahı heyrətə gətirən
yumurtaların qızıl suyuna boyanması və insanların bir-birinə nadir tapılan, həm
də bahalı əşyalardan – qızıldan, gümüşdən, parçadan, ətriyyatdan, qaş-daşdan hədiyyə
verməsi olub. Bu cür bayramlaşmanın əkinçidən şaha qədər davam etməsi avropalı
səyyahı daha çox heyrətləndirib. Xüsusilə də İrəvan bəylərbəyliyində keçirilən
Novruz bayramı Jan Şardeni valeh edib. Onu təəccübləndirən amillərdən biri də
insanların bayramın birinci günü Allaha dua etmələri olub. Səyyah yazırdı:
“Onlar sübh çağı bütün bədənlərini su ilə yuyurlar. Sonra tərtəmiz paltar
geyinirlər, xoş sözlər danışırlar, bir-birləri ilə mehribançılıq edirlər. Bu
ovqat onlarda Yeni ilin xoş keçəcəyinə, xoşbəxtlik gətirəcəyinə inam yaradır”.
Mətbuatımızın cəfakeşi Həsən bəy Zərdabi “Quyruq doğdu, çillə çıxdı” adlı məqaləsində yazırdı: “Təəccüblüdür ki, bizim heç bir yerdə oxumamış kəndli nə filan ayın neçəsi olduğunu, hətta ayların adlarını belə bilməyib. Amma onunla belə, təsbehini alaraq Novruzdan tutub hesab çəkib ki, quyruq doğmağa neçə gün qalıb və filan gün çillə çıxacaqdır. Bundan belə məlum olur ki, bu hesab çox doğru və asan hesabdır və bunun belə olmağına səbəb hesabın Novruzdan çəkilməyidir. Novruz ki o vaxt gün - bahar nöqtəsindən keçir, heç vaxt dəyişmir”.
Orta əsrlərdə Azərbaycanda münəccimlər Günəşin hərəkətini
izləyər, bu barədə əhaliyə məlumat verərdilər. 1637-ci ildə alman səyyahı Adam
Oleari Şamaxıda azərbaycanlıların Yeni il mərasimini - Novruzu necə
qarşılamalarının şahidi olub və bu barədə yazıb: “Astroloq tez-tez stolun
arxasında durur, xüsusi alətlər vasitəsilə Günəşi müşahidə edir, Günəşin gecə
ilə gündüzün bərabərlik nöqtəsinə çatacağı anı müşahidə edirdi. Elə ki, gözlənilən
məqam çatdı, astroloqun xəbəri ilə əlaqədar şəhərdə yaylım atəşləri açıldı.
Şamaxı şəhərinin Qala divarları boyunca təbillər döyüldü, xalq şənliyə
başladı”.
Bu faktlar bir daha göstərir ki, Novruz kor-koranə
qəbul edilməyib. Onun kökündə elmi əsaslar dayanıb. Yeni ilin məhz martın 21-də
başlanması tam elmi təsdiqini tapıb. Novruz xalqımızın məişəti, adət-ənənəsi, həyat
tərzi, təfəkkürü, intellektual səviyyəsi ilə qırılmaz tellərlə bağlıdır. Novruz
nəsildən-nəslə, əsrdən-əsrə keçərək milli bayram və xalq mərasimi kimi
yaşamaqdadır.
Mənbə: https://azertag.az/xeber/21_mart___beynelxalq_novruz_gunudur-4089447


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)