Ümumtəhsil məktəblərində təhsilin keyfiyyəti cəmiyyətin
gələcəyini müəyyən edən əsas göstəricilərdən biridir. Son illər bu sahədə
aparılan islahatlar, qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi və məktəbdaxili
proseslərin obyektiv monitorinqi xüsusilə aktuallaşıb. “Azərbaycan müəllimi”nin
sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin
(MÜTDA) təqdim etdiyi məlumatlar isə göstərir ki, bu gün məktəblərin fəaliyyəti
yalnız imtahan nəticələri ilə deyil, daha geniş və çoxölçülü meyarlar əsasında
dəyərləndirilir.
Məktəblərin keyfiyyəti necə ölçülür?
Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin
“Azərbaycan müəllimi”nin sorğusuna cavabında bildirilir ki, hazırda məktəblərdə
keyfiyyətin qiymətləndirilməsi xüsusi çərçivə sənədi əsasında aparılır və əsas
məqsəd məktəbin real fəaliyyətinin obyektiv şəkildə dəyərləndirilməsidir.
Monitorinqlər məktəblərin güclü tərəflərini və
inkişaf ehtiyacı olan sahələri müəyyən etməyə, eləcə də tədrisin keyfiyyətini
davamlı şəkildə yaxşılaşdırmağa xidmət edir. Bu proses yalnız nəticələrə deyil,
məktəb daxilində baş verən proseslərin özünə fokuslanır.
Keyfiyyət monitorinqləri dörd əsas istiqamət üzrə
aparılır:
– şagirdlərin davranışı və nizam-intizamı,
– öyrətmə və öyrənmə prosesinin təşkili,
– məktəbdə dəstəkləyici mühitin yaradılması,
– liderlik və idarəetmə.
Bu sahələr çərçivəsində dərslərin planlaşdırılması,
müəllimin sinfi idarəetmə bacarığı, formativ qiymətləndirmənin tətbiqi,
psixoloji mühitin sağlamlığı, xüsusi qayğıya ehtiyacı olan və istedadlı şagirdlərlə
iş, həmçinin məktəbin strateji idarəetmə mexanizmləri ayrıca dəyərləndirilir.
Qiymətləndirmə zamanı yalnız bir mənbəyə istinad
edilmir. Dərs müşahidələri, məktəb sənədlərinin təhlili, müəllim, şagird və
valideyn sorğuları, fokus qrup müzakirələri və müsahibələrdən əldə olunan məlumatlar
birlikdə analiz olunur. Nəticə isə bu müxtəlif mənbələrin sintezi əsasında
formalaşdırılır.
Maraqlı məqamlardan biri də odur ki, məktəblərin məzunlarının
ali təhsil müəssisələrinə qəbul göstəriciləri monitorinq zamanı əsas indikator
kimi götürülmür. Agentlik bildirir ki, qəbul nəticələri məktəbin daxili tədris
prosesinin real keyfiyyətini tam əks etdirmir. Çünki bu göstəricilərə repetitor
hazırlığı kimi məktəbdənkənar faktorlar ciddi təsir göstərir.
Bu səbəbdən də monitorinq zamanı diqqət şagirdlərin dərs prosesində fəallığına, bacarıqlarının necə formalaşdığına, diferensial yanaşmanın tətbiqinə və formativ qiymətləndirmənin effektivliyinə yönəldilir. Məktəbin verdiyi töhfə ilə kənar hazırlığın təsiri arasında fərq qoyulmasına xüsusi əhəmiyyət verilir.
MÜTDA-nın yekun yanaşmasına görə, məktəblərin
keyfiyyəti imtahan və qəbul nəticələri ilə deyil, məktəbin öz daxilində qurduğu
təlim-tərbiyə proseslərinin səviyyəsi, idarəetmənin effektivliyi və şagirdlərin
hərtərəfli inkişafı ilə ölçülməlidir. Bu isə məktəbin yalnız bilik ötürən
deyil, şəxsiyyət formalaşdıran bir mühit kimi dəyərləndirildiyini göstərir.
Mənbə:
https://muallim.edu.az/yaxsi-mekteb-olmaq-ucun-imtahan-neticesi-esas-deyil-sebebini-mutda-aciqlayir


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)