Şirvan şəhər Tahir Bağırov adına 11№-li tam orta ümumtəhsil məktəbində Xocalı soyqırımının 34 illiyinə aid tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və bütün şəhidlərimizi bir dəqiqəlik sükutla yad edilməklə başladı.Tədbirdə məktəbin direktoru Yusif Haxverdiyev çıxış edərək bu tarixi ədalətsizlikdən söhbət açdı. Tədbirin təşklatçısı məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Pərvin İbrahimova çıxış edərək “Xocalı-Hüzn və Qürur Günü” mövzusunda söhbət açdı. Bildirdi ki, sevimli şagirdləri ilə səhnələşdirilmiş tamaşa hazrlamışdır. Eləcə də bu hadisənin xalqımızın əbədi olaraq yaddaşında həkk olunduğunu vurğuladı. Sonda fərqlənən şagirdlərlə xatirə şəkilləri çəkildi.
#Xocalıya #ədalət istəyirik !
#KhojalyGenocide
#JusticeforKhojaly !
Bütövlükdə
Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz gəddarlığı
və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu
soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
-Heydər Əliyev-
Xocalı
soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi
daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının
on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: “Bu
amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından
biri kimi daxil oldu”. Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində
erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə
məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi
köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla
müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması
sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı
deportasiya olunmuş, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir.
1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən
qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən “Dağlıq
Qarabağ” ətrafında başlayan hadisələr erməni ideloloqlarının “dənizdən dənizə
Ermənistan” adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin
dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz
tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Bütün beynəlxalq hüquq
normalarına zidd olaraq Ermənistan dövləti “Dağlıq Qarabağ”ı özünə birləşdirmək
istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər.
XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin
nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına
deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən
biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli
faciələri ilə bir sırada dayanır. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi
nə idi? Bu bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət
olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən
ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə
bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir
dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət
tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri,
dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət
əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət
nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv
ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının
texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi
olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır. 1992-ci il fevralın
26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid
aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı
burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan
artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən
çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü,
1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər
qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq
hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən
gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum
deyil. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və
ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Hücumda həmçinin mayor Oqanyan
Seyran Muşeqoviçin komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni
Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi
Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və
praporşik iştirak etmişdir (“Xocalının işğalına dair istintaq materiallarından”).
Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən
düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın “Memorial” hüquq-müdafiə
mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş
200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması
faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13
uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən
edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə
yaraları səbəb olmuş,10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə
mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır. Xocalı
soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini Əntiqə erməni hərbçilərinin
tələb etdiyi “bu yerlər böyük Ermənistanın bir hissəsidir” sözlərini dilinə gətirmədiyinə
görə ermənilər tərəfindən diri-diri yandırıldı. Digər Xocalı sakini Səriyyə
Talıbova danışırdı ki, “4 mesxeti türkü və 3 azərbaycanlının erməni qəbirinin
üzərində başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar”.
Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata
keçirmişdilər. Onlarıın başının dərisini soymuş, başlarını və bədəninin digər
orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını
yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli
patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın
Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq
dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir. Xocalı
soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız,
alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə
gətirmişdir. Xocalı qaçqınlarının BMT, Avropa İttifaqı və Avropa Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatına müraciətində deyilir: “Artıq 10 ildən artıqdır ki,
biz, qaçqın vəziyyətinə düşmüş xocalılar, ürək ağrısı və eyni zamanda böyük
ümidlə bütün dünyanın sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara müraciət
edirik. Sizdən xahiş edirik, erməni hərbi təcavüzü nəticəsində bizim başımıza gələn
bəlaya laqeyd qalmayasınız. Biz inanırıq ki, dünyanın BMT, Aİ və ATƏT kimi
kifayət qədər nüfuzlu beynəlxalq təşkilatları, sülhsevər ölkələri Ermənistan
kimi dövlətin belə təcavüzkarlığına və özbaşınalığına qarşı tədbir görəcəklər”.
Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi
kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı
1948-ci il 9 dekabr “Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması”
konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq
məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir
ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün
sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. O dövrdə Ermənistanda
mühüm dövlət postları tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan eləcə də Robert
Köçəryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə
qarşısında cavab verməlidir. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi
təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar,
dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan
torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi
kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Prezident Heydər Əliyevin
1997-ci 25 fevral tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat
17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə
ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.
Şükürlər
olsun ki, qisas qiyamətə qalmadı. 44 günlük müharibədə Ali Baş Komandan- Müzəffər Xalq-Müzəffər Ordu birliyi dəmir
yumruğa çevrilərək düşmənin məhv edilməsində əsas rol oynadı. Dilindən, dinindən,
irqindən asılı olmayaarq, bütün Azərbaycan vətəndaşları yağı düşmənə qarşı bir
yumruq kimi birləşdilər. Müharibənin ilk günlərindən Azərbaycanda yaşayan bütün
xalqların nümayəndələri doğma vətənlərinin müdafiəsinə qalxdılar. XX əsrin
90-cı illərin əvvəllərindən fərqli olaraq ölkədə vahid komandanlıq, güclü
siyasi hakimiyyət var idi. Ən müasir silahlarla silahlanmış peşəkar ordu formalaşdırılmışdı.
1994-cü ildə imzalanmış atəşkəs sazişindən keçən 26 il ərzində Azərbaycan
Respublikasının rəhbərliyi dəfələrlə problemin sülh yolu ilə həll edilməsinin tərəfdarı
olduğunu bəyan etmişdi. Lakin bununla yanaşı, işğal edilmiş ərazilərin hərb
yolu ilə azad ediləcəyi Ermənistan rəhbərliyinin və Minsk qrupunun həmsədr ölkələrinin
diqqətinə çatdırılmışdı. Nəhayət Müzəffər Ali Baş Komandan, cənab Prezidentimiz
İlham Əliyevin rəhbərliyi altında işğal edilmiş tarixi torpaqlarımız azad
olundu. Vətən Müharibəsi dövründə Azərbaycan Ordusu 2908 nəfər şəhid verdi, 6 nəfər
itgin düşdü (Məlumat üçün bax: Zəfər tarixi dərsliyi, səh. 64). Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərəncamları ilə hər il 27 sentyabr Anım Günü, 8 noyabr Zəfər Günü kimi qeyd
edilir. Böyük Qayıdış Proqramı həyata keçirilir. Bu gün Xocalıda Azərbaycan
bayrağı dalğalanır.
Xocalı
söyqırımı isə xalqımızın tarixində təkcə faciə günü kimi deyil həmdə QÜRUR günü
kimi qalacaqdır.
Soyqırım
qurbanlarının ruhu qarşısında baş əyirik. Ruhları şad olsun! Unutmadıq!


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)