Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi
qeyd olunur. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin
Benqal şəhərində ana dilinin rəsmi dil statusu qazanması uğrunda mübarizə
aparan dörd tələbənin öldürülməsi hadisəsini insanların yaddaşında bir daha
canlandırır. UNESCO-nun Baş Konfransı üzv ölkələrə tövsiyə edib ki, həmin gün məktəblərdə
və universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar və
seminarlar keçirilsin.
Beynəlxalq Ana Dili Günü 1999-cu ilin noyabr ayında
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı –
UNESCO-nun Baş Konfransı tərəfindən elan edilib. Günün təsis olunması ideyası
Banqladeşin təşəbbüsü ilə irəli sürülüb. Birləşmiş Millətlər Təşkilatının Baş
Assambleyası 2002-ci il qətnaməsində 21 fevralın Beynəlxalq Ana Dili Günü elan
edilməsini alqışlayıb. Həmçinin Baş Assambleya 16 may 2007-ci il tarixli xüsusi
qətnaməsi ilə üzv dövlətləri “dünya xalqları tərəfindən istifadə edilən bütün
dillərin qorunmasını və təşviqini təmin etməyə” çağırıb. Eyni qətnamə ilə
2008-ci il çoxdillilik və multikulturalizm vasitəsilə müxtəliflikdə birliyin və
beynəlxalq anlaşmanın təşviqi məqsədilə Beynəlxalq Dillər İli elan olunub.
Məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə
hər il qeyd edilən Beynəlxalq Ana Dili Günü hər kəsə doğma dilinin varlığını
hiss etmək, onunla qürur duymaq, onu qorumaq və inkişaf etdirmək hüququnu bir
daha xatırladır. UNESCO-nun bu gün münasibətilə yaydığı açıqlamada qeyd olunur
ki, Beynəlxalq Ana Dili Günü inklüzivliyin təşviqində və Davamlı İnkişaf Məqsədlərinə
nail olunmasında dillərin rolunu vurğulayır. Çoxdilli təhsil yalnız inklüziv cəmiyyətlərin
formalaşmasına xidmət etmir, eyni zamanda dominant olmayan, azlıq və yerli dillərin
qorunmasına dəstək verir. Bu yanaşma bütün fərdlər üçün təhsilə bərabər çıxışın
və ömürboyu təhsil imkanlarının təmin olunmasının əsasını təşkil edir.
2026-cı ilin mövzusu: “Çoxdilli təhsildə gənclərin səsi”
UNESCO bildirir ki, son illərdə dünyanın dil mənzərəsi
artan miqrasiya, sürətli texnoloji inkişaf və çoxdilliliyin idrak, sosial və
iqtisadi faydalarının daha geniş şəkildə tanınması fonunda ciddi dəyişikliklərə
məruz qalıb. Bu gün çoxdillilik təkcə sosial reallıq deyil, həm də fundamental
insan xüsusiyyəti və güclü təhsil yanaşması kimi dəyərləndirilir. Gənclər dilləri
müdafiə və canlandırmaq, rəqəmsal məzmun yaratmaq, texnologiyadan istifadə etməklə
dil müxtəlifliyini daha görünən və dəyərli etmək istiqamətində mühüm rol
oynayırlar. Bu səylər dil, kimlik, öyrənmə, rifah və cəmiyyətdə iştirak
arasındakı dərin əlaqəni gücləndirir, eyni zamanda öyrənənlərin dillərini
tanıyan və dəstəkləyən təhsil sistemlərinə ehtiyac olduğunu göstərir.
Bununla yanaşı, ciddi çətinliklər qalmaqdadır. Dünyada
təhsil alanların 40 faizi hələ də ən yaxşı başa düşdükləri dildə təhsil ala
bilmir və bundan ən çox yerli, miqrant və azlıq icmalarına mənsub gənclər əziyyət
çəkirlər. Bu boşluğun aradan qaldırılması üçün inklüzivliyi, bərabərliyi və
hamı üçün effektiv təlimi təşviq edən, çoxdilli təhsili əsas götürən siyasət və
təcrübələrə ehtiyac var. Konkret tədbirlərin irəli sürülməsi, uğurlu təcrübələrin
paylaşılması və gənclər, təhsil işçiləri, siyasətçilər arasında dialoqun təşviqi
qlobal səviyyədə fikir mübadiləsinə və məktəblərdə, icmalarda dil müxtəlifliyini
gücləndirən həllərin müəyyənləşdirilməsinə imkan yaradır.
Dillər kimlik, ünsiyyət, sosial inteqrasiya, təhsil və
inkişaf baxımından mürəkkəb və çoxşaxəli təsirlərə malik olmaqla insanlar və
planet üçün strateji əhəmiyyət daşıyır. Lakin qloballaşma prosesləri nəticəsində
dillər getdikcə təhlükə altına düşür və ya tamamilə yox olur. Dillərin yoxa
çıxması ilə dünyanın zəngin mədəni müxtəlifliyi də zəifləyir; imkanlar, ənənələr,
kollektiv yaddaş, unikal düşüncə və ifadə formaları itirilir.
Hər iki həftədən bir bir dil yox olur və özü ilə
birlikdə bütöv mədəni və intellektual irsi aparır. UNESCO-nun hesablamalarına
görə, dünyada danışıq və ya işarə dili formasında 8324 dil mövcuddur. Onlardan
təxminən 7000-i hələ də istifadə olunur. Təhsil sistemlərində və ictimai müstəvidə
yalnız bir neçə yüz dilə yer verilir, rəqəmsal mühitdə isə yüzdən az dil
istifadə edilir.
Beynəlxalq Ana Dili Günü hər il dil və mədəni müxtəlifliyi,
eləcə də çoxdilliliyi təşviq etmək məqsədilə qeyd olunur. Bu gün dillərin
inkişafda, mədəni müxtəlifliyin və mədəniyyətlərarası dialoqun təmin edilməsində,
əməkdaşlığın gücləndirilməsində, hamı üçün keyfiyyətli təhsilin əlçatanlığında,
inklüziv bilik cəmiyyətlərinin qurulmasında, mədəni irsin qorunmasında və elm və
texnologiyanın nailiyyətlərinin davamlı inkişafa tətbiqində mühüm roluna dair məlumatlılığın
artırılmasına xidmət edir.
Mənbə: https://muallim.edu.az/fevralin-21-i-beynelxalq-ana-dili-gunudur


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)