Təxminən 700 il əvvəl Monqolustanda kağız istehsal olunurdu

Kağız, mübahisəsiz ki, bəşəriyyət tarixində bütün dövrlərin ən vacib ixtiralarından biridir. Onun mənşəyi yazının yaranmasından qaynaqlanır - axı əlifba və qrammatikanın ixtirasına əlavə olaraq, hər hansısa bir şeyin üzərində yazmaq da lazım idi. Arxeoloji tapıntılar kağızın qədim Monqolustanda istehsal olunduğunu sübut edir. Selenge əyalətinin Orxon çayı sahilindəki Sant Dərz  adlı ərazidə Ali Monqol Xaqanlığı dövründə kağız istehsalının izləri tapılmışdır. Bu ərazidə əvvəllər qədim bir şəhərin xarabalıqları aşkar edilmiş və hazırda yeni tədqiqatlar aparılır. Alimlər kağızın hazırlandığı daş konstruksiyaları və dəyirmanları, eləcə də digər tapıntıları müəyyən etmişlər. Sant Dərzin xarabalıqları XIII - XIV əsrlərdə Ali Monqol Xaqanlığına  aiddir və maraqlıdır ki, saman daş dəyirmanında üyüdülür və kağız hazırlamaq üçün istifadə olunurdu. Monqol dilindəki “dərz” sözü rus dilinə “lələkli ot” və “saman” kimi tərcümə olunur.

Qədim kağız fabrikinin qalıqları Monqolustanda ilk belə kəşf olması ilə unikaldır. Bu, köçəri monqolların təxminən 700 il əvvəl öz ərazilərində kağız istehsal etdiklərini və mədəni tarixdə yeni bir fəsil açdıqlarını göstərir.

Alim Oçir Ayuday Beynəlxalq Köçəri Sivilizasiyaların Tədqiqi İnstitutuna istinadən bildirib ki, Sant Dərz  xarabalıqlarında iki kağız fabriki tapılıb və tədqiqatlar davam edir.

Monqollar dünyada kağız pul buraxan ilk xalq olublar. 1260-cı ildə, Xubilay xanın hakimiyyətinin ilk ilində iki fərqli Çao əskinası buraxıldı. Çaolar tut ağacının qabığından hazırlanmışdı.

Əvvəlcə kağız pulların çapı üçün taxta bloklardan istifadə olunurdu, lakin 1275-ci ildə istehsal bürünc lövhələrə keçdi. Bu, Çin tarixində əsas mübadilə vasitəsi kimi istifadə edilən ilk kağız pul idi. Əvvəlcə əskinaslar 1260-cı ildə, ehtimal ki, Şanqduda qurulan imperator zərbxanasında çap olunurdu. İmperator zərbxanası daha sonra Xanbalığa köçürüldü. Əyalət mərkəzləri də bəzən əskinaslar çap edirdilər.

 Şəkildə:

Mongol-Yuan dynasty banknote with its printing wood plate.

Yuan sülaləsi əskinası və onun taxta çap lövhəsi. Əskinas 1287-ci ildə Xubilay xanın hakimiyyəti dövründə buraxılmışdır.

Üst tərəfdəki yazıda “至元通行寳鈔” (Zhì yuán tōng xíng bǎo chāo) yazılıb.

Əskinasın nominalı 2 quandır (貫貳).

Alt hissədəki kiçik işarələr əskinasın müxtəlif əyalətlərdə istifadə müddəti bitmədən istifadə edilə biləcəyini göstərir.

Orijinal əskinaslar Tokiodakı Valyuta Muzeyində saxlanılır.

Mənbə: https://bit.ly/49x6gYI 

Rus dilindən tərcümə:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.