20 yanvar 1990-cı il: 36 il bundan əvvəl …

Ümummilli lider Heydər Əliyev demişdir: - “…Tariximizi, milli dəyərlərimizi bilməyən gənc vətənpərvər ola bilməz”.

Görkəmli Azərbaycan mütəfəkkiri Sultan Məcid Qənizadənin belə bir kəlamı vardır: - Vətəni özünə dogma bilən insanlar tərbiyə etməyi bacarırıqsa, insanların  xoşbəxtliyini təmin etmək mümkündür”.

Bəzən Qanlı Yanvar və ya Qara Yanvar faciəsi adlandırılan bu hadisə  - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində keçmiş SSRİ-nin qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğındır. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Sovet qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş;  hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım və milis işçiləri olmuşdur. Qanlı Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq, xalqımızın gözünü qorxutmaq məqsədi daşımışdır:

Qərənfil - şəhid qanı!

Qan götürdü dünyanı...

Ağla, inlət meydanı,

Ağla, qərənfil, ağla!

Xalqın bir millət olaraq meydana çıxması üçün hər şeydən əvvəl etnoqrafik birliyə malik olması və o xalqın hüdudları bəlli bir torpaq üzərində birlikdə yaşaması, yəni sosial həyat sürməsi lazımdır. Əsrlər boyu Azərbaycan xalqı cənubda Qızıl Üzən çayı, Şimalda Qafqaz sıra dağları, şərqdə Xəzər dənizi sahilləri, qərbdə isə Gürcüstan sərhədlərinə qədər uzanan və sahəsi təqribən 410 min km2 olan ərazidə yaşamışlar. Tarixin böyük bir amansızlığına düçar olan Azərbaycan xalqı işğalçı dövlətlər arasındakı müharibələr nəticəsində ikiyə bölünmüş, lakin bu parçalanma xalqımızın nə dilinə, nə dininə, nə də ki, mədəniyyətinə təsir edə bilməmişdir.

1990-cı il yanvarın 19-dan 20 - nə keçən gecə xalqımıza qarşı törədilən qanlı qırğından 36 il keçir. Bu hadisə Azərbaycan xalqının və bütün tərəqqipərvər , sülhsevər bəşəriyyətin tarixinə əsrin ən qanlı bir  hadisəsi kimi düşmüşdür.

 Ən ağrılı o idi ki, ölkəyə rəhbərlik edənlər və özlərini milli qəhrəman, azadlıq aşiqləri sayanlar  əliyalın, torpağı, milləti, xalqı dildə deyil, ürəklərində sevən oğullarımızı qabağa verib, özləri müəmmalı şəkildə “qeyb” oldular.

Azərbaycanımızın müstəqil bir dövlət kimi yaşaması ilə düşmənlərimiz barışmaq istəmirdilər. SSRİ dağıldıqdan sonra Azərbaycanda hakimiyyətdə olanlar hər nəyin hesabına olursa olsun hakimiyyətdə qalmaq istəyirdilər. Azərbaycanın müstəqilliyinə mane olmaq istəyənlər Qarabağda vəziyyəti gündən - günə gərginləşdirirdilər. Hakimiyyət uğrunda gedən mübarizə, torpaqlarımızın hissə -hissə işğalı ilə müşayiət olunurdu.

20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı ağır iflic vəziyyətinə və informasiya blokadasına salınmışdı, radio, televiziya susdurulmuş, onun enerji bloku silahlı hərbiçilər tərəfindən partladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. Azərbaycan sakit və ölü bir dənizə bənzəyirdi. Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan  dinc sakinlər öldürüldü, yaralandı. Bu hadisə hakimiyyətin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi. Xalqın bu ağır günlərində, yanvarın 21-də Azərbaycan xalqının mərd oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda  çıxış edərək, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi.

Belə bir Şərq məsəli var:” Can həkimə, ölkə isə rəhbərə etibar edilər”.  Bu çətin dövrdə xalqımız öz seçimini etdi: - Ümummilli lider Heydər Əliyev xalqımızı bəladan qurtaracaq! Heydər Əliyev Azərbaycanın haqq işini dünyaya çatdırdı. Daxili siyasi sabitlik təmin edildi, iqtisadi tənəzzülün qarşısı alındı. Milli-mənəvi dəyərlərimiz bərpa və inkişaf etdirildi.

20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi.

Hakimiyyətin mənbəyi sayılan və öz hüquqları uğrunda düşüncəsi, fikri, sözü, həmrəyliyi ilə mübarizəyə qalxmış bir xalq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə öz zəhmli ordusunun tankları, işıq saçan zəhərli güllələri, xüsusi təyinatlı hərbi dəstələri ilə üzləşdi...Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan xalqı şəhidləri ilə vidalaşdı. Bakıda keçirilən matəm mərasimində bir milyondan çox insan iştirak etdi.           

Bu, Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə əzmi idi.     

Hal-hazırda Prezidentimiz,  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev uğurla dövlətimizin inkişafına rəhbərlik edir.

Hörmətli yurddaşlar!

II Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsi oldu. Ordumuz döyüş meydanında tarixi ədaləti bərpa etdi. Belə bir məsəl var: “ Azərbaycan cənnət ölkə, Qarabağ isə onun tacıdır”. 2020-ci il sentyabr ayının 27-dən noyabr ayının 10-na qədər tariximizin ən şanlı, ən qürurverici səhifələrini yaşadıq. Xalqımızın ürəyi bu 44 gündə bir amal, bir məqsəd üçün döyünürdü. Hər bir Azərbaycan vətəndaşı vətəninə, dogma yurduna və ailəsinə dərin hörmət etməyi özünə borc bilməlidir. Vətən uğrunda öz sağlamlıqlarını itirənlər və əziz canlarından keçənlər heç vaxt unudulmamalıdır!

Bu gün Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir. Şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi qanımızla və canımızla qorumalı, Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, onu daimi, əbədi və dönməz etməliyik.

1992-ci il yanvarın 18-də Azərbaycan Respublikasının qanunu ilə “Şəhidlər günü” adı altında Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinə əlavə edilmiş 66-1-ci maddənin adı və mətni 1999-cu ildə qüvvəyə minmiş ƏM-də tamamilə dəyişildi və yeni redaksiyada belə verildi:

Maddə 106. Ümumxalq hüzn günü

Hər il yanvarın 20-si Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü - ümumxalq hüzn günüdür. Bu gün iş günü hesab edilmir.

1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atıldı. 20 Yanvar faciəsinin xalqımızın tarixində yeri və rolu, bu faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görüldü.

Ümummilli liderin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı verdiyi Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul etdi. Bununla da Prezident Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi.

Bakı şəhərinin ən hündür yerində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Azərbaycan Prezidentinin 2000-ci il, yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir.

Azərbaycanın bütövlüyü uğrunda öz əziz canlarından keçən bütün şəhidlərimizi dərin hörmətlə anır, onlara Ulu Yaradandan rəhmət diləyirəm.

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.