Bu barədə sualı olan izləyicilərimizi nəzərə
alaraq, 2006-cı ildən əvvəl və sonra pensiyanın necə hesablandığını izah
edirik.
1.Əmək
pensiyası necə təyin edilir?
Azərbaycanda 2006-cı ildən bəri yaşa görə əmək
pensiyası almaq üçün iki şərt var: pensiya kapitalı və sığorta stajı.
Pensiya kapitalı hər ay fərdi uçot hesabınıza ödədiyiniz
sosial sığorta məbləğindən formalaşan vəsaitdir.
Məsələn, əgər 10 il ərzində hər ay 100 manat (hər
il 1200 manat) məcburi sosial sığorta ödənişi edibsizsə, o zaman sizin pensiya
kapitalınız 12 min manat olacaq.
Hazırda pensiya almaq üçün tələb olunan minimum
pensiya kapitalı 46 080 manatdır.
Fərdi uçot hesabında bu məbləği olan şəxsdən
pensiya yaşına çatdıqda 25 illik sığorta stajı tələb olunmur.
Amma fərdi uçot hesabında bu qədər məbləğ yoxdursa,
onda minimum pensiya təyin edilməsi üçün sizdən 25 illik sığorta stajı tələb
olunur.
Məsələn, 25 il işləyən şəxs bunun cəmi 15 ili üzrə
məcburi sığorta ödənişi edibsə, onun sığorta stajı 15 il sayılacaq. Əgər
pensiya kapitalı da minimum tələbə uyğun gəlməsə, o zaman şəxs pensiya ala bilməyəcək.
Ona ancaq yaşa görə müavinət təyin edilə bilər.
Azərbaycanda hazırda yaşa görə verilən müavinətin məbləği
220 manatdır.
2.
Bəs 2006-cı ilədək işləyənlər üçün qaydalar nədir?
2006-cı il yanvarın 1-dən etibarən ölkədə fərdi
uçot sistemi tətbiq olunmağa başladı: bu vaxta qədər işləyənlərin sosial
sığorta ödənişləri isə fərdi hesaba yox, ümumi fonda gedirdi.
Bunu nəzərə alan hökumət də 2006-cı ilədək işləyib-işləməməsindən
asılı olmayaraq, bütün vətəndaşlar üçün güzəşt tətbiq edir: yəni, onlara 25
illik sığorta stajı verilir, amma bir şərtlə ki, 2006-2018-ci illər ərzində,
azı 1 ay məcburi sosial sığorta ödənişi edilsin.
Yəni, 2026-cı ilə qədər pensiya yaşınız çatarsa və
2006-2018-ci illər ərzində azı 1 ay məcburi sosial sığorta ödənişi etmisinizsə,
o zaman avtomatik 25 illik sığorta stajınız yaranmış olacaq, bu isə minimum
pensiya almağa imkan verəcək.
2026-cı ildən isə 25 illik sığorta stajı güzəşti ilə
bağlı vəziyyət dəyişəcək.
3.
2026-cı ildən 25 illik sığorta stajı güzəştində hansı dəyişikliklər olacaq?
2026-cı ildən etibarən, bu güzəştin müddəti hər il
üzrə 1 il azaldılacaq.
Yəni gələn il pensiya yaşına çatmış şəxsə 2006-cı
ildən əvvəlki dövr üçün 25 il yox, 24 il staj güzəşti ediləcək və o, minimum
sığorta stajı tələbini tamamlamaq üçün azı 1 il məcburi sığorta ödənişi etməlidir
ki, pensiya ala bilsin.
Əgər vətəndaş 2030-cu ildə pensiya yaşına
çatacaqsa, deməli, həmin il vətəndaşa edilən staj güzəşti 20 ilə düşəcək.
Bu müddət ərzində isə vətəndaş ən azı 5 il məcburi
sosial sığorta ödəməlidir ki, minimum pensiya ala bilsin. Əks təqdirdə, yalnız
yaşa görə müavinət ala biləcək.
4.
Minimum pensiya nə qədərdir və hər il nə qədər artır?
Azərbaycanda yaşa görə əmək pensiyasının minimum məbləği
2025-ci il fevralın 1-dən etibarən 320 manat müəyyən edilib.
Əmək pensiyalarının illik artımı ölkədə bir il ərzində
orta aylıq nominal əməkhaqqının nə qədər artmasından asılıdır. Hökumət bunu
indeksləşdirmə adlandırır.
Yəni əgər ölkədə bir il ərzində orta aylıq nominal əməkhaqqı
5 faiz artarsa, növbəti il minimum əmək pensiyası da 5 faiz artacaq. Yəni,
pensiya 320 manat idisə, bu rəqəm olacaq 320 + 16 (5 faiz) = 336 manat.
5.
Azərbaycanda pensiya yaşı neçədir?
Azərbaycanda kişi və qadınların əmək pensiyasına
çıxmaq üçün yaş həddi fərqlidir.
Kişilər üçün yaş həddi 2021-ci ilin iyulundan
etibarən 65 yaş müəyyən edilib. Yəni kişilər 65 yaşı tamamladıqdan sonra əmək
pensiyasına çıxırlar.
Qadınlarda isə yaş həddi 2017-ci ildən bəri növbəti
illərin iyul ayından etibarən 6 ay artırmaqla hesablanır.
Əgər “Əmək pensiyası haqqında” qanuna dəyişiklik
edilməzsə, qadınların əmək pensiyası üçün yaş həddi 2026-cı ilin iyulundan
sonra 65 il olacaq. Başqa sözlə desək, bu tarixdən sonra kişi və qadınların
pensiya yaşı bərabərləşəcək.
Hazırda isə qadınlar üçün pensiya yaşı 64 il 6
aydır.
Mənbə: https://bit.ly/4qj1p4a


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)