2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib.
Sinxron Fənlər
“Azərbaycan
müəllimi” qəzetinə istinadən məlumat verirki, bu barədə Prezident İlham Əliyev Sərəncam
imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin
çoxəsrlik zəngin bir keçmişi vardır. İpək Yolu üzərində yerləşən və mühüm ticarət,
sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi
və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının
formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynamışdır.
Azərbaycan şəhərsalma və memarlıq sənətinin bariz
nümunələri olub daim yüksək inkişaf səviyyəsinə görə seçilən tarixi şəhərlərimiz
ötən dövrlərin memarlıq tendensiyalarına uyğun böyüyüb genişlənməklə bərabər,
yerli mədəniyyətin əsas xüsusiyyətlərini qoruyub saxlamışdır.
Bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə
olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr milli
memarlığın parlaq ənənələrini əks etdirir. Bədii-memarlıq həllinin kamilliyi
baxımından iftixar hissi doğuran dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrindən
Möminə xatun türbəsi, Xudafərin körpüsü, “Atəşgah” kompleksi və digər bu kimi
misilsiz nümunələr Azərbaycanın memarlığının rəmzlərinə çevrilmişdir.
UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş
nadir sərvətlərimiz - qədim və orta əsrlərin şəhər mədəniyyətini özündə təcəssüm
etdirən İçərişəhər və Şirvanşahlar sarayı kompleksi, əzəmətli ruhunu indiyədək
qoruyan Qız Qalası, Şəkinin tarixi mərkəzi və Xan sarayı Azərbaycan şəhərsalma
və memarlıq sənətinin dünya inciləri sırasında layiqli yer tutan
yadigarlarıdır.
900 illiyi UNESCO çərçivəsində yubileyləri keçirilən
böyük şəxsiyyətlər siyahısına daxil olunan qüdrətli sənətkar Əcəmi Naxçıvaninin
Azərbaycan və Yaxın Şərq ölkələrinin orta əsrlər memarlığına güclü təsir göstərmiş
yaradıcılığı dövrün memarlıq məktəbinin ən yüksək zirvəsidir.
Azərbaycan şəhərlərinin planlaşdırma quruluşunda və
memarlıq tərzində artıq XIX əsrin ortalarına doğru müəyyən dəyişikliklər öz əksini
tapmışdır. Sürətlə sənayeləşən Bakı şəhəri Şərq və Qərb memarlığının sintezində
qədimliklə müasirliyin vəhdətindəki təkrarsız görkəmini məhz həmin vaxtlardan
almağa başlamışdır.
Azərbaycan Respublikasında şəhərsalma və memarlıq fəaliyyətində
milli ənənələrdən yaradıcı şəkildə istifadə olunmasına XX əsrdə xüsusi diqqət
yetirilmişdir. Bu dövrdə bir sıra şəhərlər yenidən qurulmuş və onların əvvəlki
siması dəyişmiş, bölgələrdə şəhərlərin planlaşdırılması önə çəkilmişdir. İki
görkəmli memarın - Mikayıl Hüseynovun və Sadıq Dadaşovun fəaliyyətinin aparıcı
yer tutduğu həmin dövr milli ənənələr zəminində yeni memarlıq üslubunun
yaradılması ilə səciyyələnir.
Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik
etdiyi illər Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələ təşkil
edir. Tarixən təşəkkül tapmış Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma
sistemlərinin qorunması ilə bağlı bu illərdə Ulu Öndərin təşəbbüsü əsasında
vacib qərarlar qəbul edilmiş, tədbirlər həyata keçirilmiş, şəhərlərdə memarlıq
abidələrinin bərpası üzrə planlı iş aparılmış, memarlıq və şəhərsalma fəaliyyətinin
davamlılığını təmin edən institusional təsisatlar qurulmuşdur.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən
sonra şəhər quruculuğu sahəsindəki yeni təzahürlər ölkədə inşa edilən
monumental komplekslərin memarlıq həllində özünü qabarıq büruzə vermişdir. Ötən
müddətdə dövrün qabaqcıl yanaşmalarını və milli təcrübələri əks etdirən layihələrin
gerçəkləşdirilməsi sayəsində şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir
gücünə malik orijinal nümunələri yaradılmışdır. Mövcud möhtəşəm binalar
sırasına daimi yeniləşmə rəmzi olan Heydər Əliyev Mərkəzi, Alov qüllələri kimi
modern üslublu unikal memarlıq abidələrinin və Ağ şəhər kompleksinin əlavə
edilməsi ilə paytaxtın mənzərəsi daha da zənginləşmiş, regionların memarlıq
siması xeyli dəyişərək yeni şəkil almışdır.
Bu gün də Azərbaycan Respublikasının
sosial-iqtisadi inkişaf strategiyasında paytaxt və regionların tarazlı
inkişafının təmin edilməsi və dayanıqlı məskunlaşmanın təşviqi, Birləşmiş Millətlər
Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluqlar təsbit edilməklə,
memarlıq və şəhərsalma fəaliyyətinin prioritet istiqamətləri olaraq müəyyənləşdirilmişdir.
Ermənistanın işğal etdiyi və otuz il ərzində viran
qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca
innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq
işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın
nümayiş etdirir. Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq qaydada “yaşıl
enerji” zonası elan edilmiş bu ərazilərdə 2020 - 2025-ci illərdə - dünya
memarlıq-inşaat təcrübəsində az rast gəlinən qısa bir müddətdə 100-dən artıq
yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanmış
və quruculuq işlərinə başlanılmışdır. Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın
qürur mənbəyi Şuşa şəhərinin əvvəlki memarlıq mühiti və əsl tarixi siması bərpa
edilməklə dirçəldilməsi isə mili iradənin təzahürüdür.
Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma ilə əlaqədar
qlobal çağırışların həllində, innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş
kimi tanınır. BMT‑nin Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə birgə təşəbbüslər
və bu çərçivədə memarların bir araya gəldiyi milli şəhərsalma forumları Azərbaycanın
beynəlxalq tərəfdaşlarla ortaq fəaliyyətinin uğurlu nümunəsidir. BMT-nin
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı
şəhərində keçirilməsi qərarı Azərbaycanın dayanıqlı şəhərsalma proseslərində
artan rolunu göstərir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma
və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə
yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin
genişləndirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasında 2026-cı il “Şəhərsalma
və Memarlıq İli” elan edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və
Memarlıq İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir
ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin”.
Mənbə: https://muallim.edu.az/2026-ci-il-sehersalma-ve-memarliq-ili-elan-edilib-serencam


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)