“Müəllimlərin sertifikatlaşdırılması prosesi üçün
yaradılan elektron imtahan sisteminə kənardan müdaxilə mümkün deyil”. Bunu “Azərbaycan
müəllimi”nə Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsinin layihə rəhbəri Orxan Bəhramov bildirib.
Onun sözlərinə görə, Naxçıvan Muxtar
Respublikasındakı bir mərkəz də daxil olmaqla, ölkədəki bütün imtahan mərkəzləri
Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub. ATŞ-də xüsusi qorunaqlı sistem
vasitəsilə intranetdən istifadə olunur. İmtahandan öncə bütün mərkəzlərdə
sistemlər yoxlanılır, şəbəkələr test edilir: “Beş gündür ki, davam edən
imtahanlara 24 min müəllim cəlb olunub. İmtahan mərkəzlərində üz tanıma sistemlərindən
istifadə olunur ki, uyğunluq təsdiq olunduqdan sonra namizədlər imtahan
binasına daxil ola bilirlər”. O.Bəhramov qeyd edib ki, şəxsiyyət vəsiqələrindəki
məlumatlar əsasında namizədlər imtahan sisteminə daxil olurlar: “İmtahanın
başlanması, bitməsi, baş verən digər proseslər proqram təminatı tərəfindən idarə
olunur. İmtahan zamanı hər hansı bir nasazlıq baş verərsə, onların anında
araşdırılıb aradan qaldırılması istiqamətində işlər görülür. Proqram təminatı
imtahanda baş verən bütün prosesləri elektron tarixçəyə qeyd edir. Bu qeydlər
saxlanılır, hər hansı bir problem və ya şikayət olarsa, araşdırılır”. O.Bəhramov
əlavə edib ki, imtahan müddəti ilə bağlı müraciətlər də daxil olur: “Lakin
bildirməliyik ki, sistem iştirakçının imtahana başladığı anda imtahanı başladır
və 120 dəqiqənin sonunda bitirir. Buna görə imtahan müddəti ilə bağlı hər hansı
problemin olması ehtimalı yoxdur”.