Təhsil tədqiqatçısı Böyükağa Mikayıllı saytımıza
müsahibəsində elmi-pedaqoji jurnalların təhsil və pedaqogika sahəsində əhəmiyyətli
rolunu ətraflı şərh edib. O, vurğulayıb ki, elmi-pedaqoji jurnallar təkcə elmi
məqalələrin dərc edildiyi nəşrlər deyil, həm də elmi və pedaqoji ictimaiyyət
arasında canlı dialoqun formalaşdığı mühüm platformadır. Onun fikrincə, bu cür
jurnallar pedaqoji elmin inkişafına, təhsil siyasətinin təkmilləşdirilməsinə və
müəllimlərin peşəkar inkişafına müstəsna dərəcədə təsir göstərir.
Böyükağa Mikayıllı qeyd edib ki, elmi-pedaqoji
jurnallar vasitəsilə müəllimlər, tədqiqatçılar və təhsil işçiləri yalnız öz tədqiqat
nəticələrini paylaşmaqla kifayətlənmirlər, eyni zamanda digər mütəxəssislərin
ideyaları və nəzəri yanaşmaları ilə də tanış olurlar. Bu, pedaqoji elmin
inkişafı üçün vacib olan sağlam elmi mühitin və məhsuldar elmi diskussiyanın
formalaşmasına şərait yaradır. Elmi-pedaqoji jurnallar təkcə yeni məlumatların
ötürülməsi funksiyasını yerinə yetirmir, həm də elmi mədəniyyətin formalaşmasında
mühüm rol oynayır. Bu mədəniyyət təhsildə innovativ yanaşmaların tətbiqinə və
yeni tədqiqat istiqamətlərinin inkişafına geniş imkanlar açır. Jurnallarda dərc
olunan məqalələr, nəzəri təhlillər və praktiki təcrübələr özlüyündə tənqidi
diskussiyanın predmetinə çevrilir. Belə diskussiyalar müəlliflərə öz
baxışlarını inkişaf etdirməyə, mövcud nəzəriyyələri zənginləşdirməyə və
pedaqoji konsepsiyaların təkmilləşdirilməsinə təkan verir. Tənqidi yanaşma eyni
zamanda pedaqoji metod və texnologiyaların səmərəliliyini artırmağa xidmət
edir, tədris və tərbiyə prosesini daha müasir və çevik səciyyə daşımasına yol
açır.
B.Mikayıllının sözlərinə görə, elmi-pedaqoji jurnallar
yeni pedaqoji texnologiyaların, metodların və yanaşmaların yayılmasında əvəzsiz
rol oynayır. Müəllimlər və tədqiqatçılar müxtəlif ölkələrin təcrübələrini öyrənməklə
yanaşı, həmin təcrübələri öz təhsil şəraitlərinə uyğunlaşdıraraq praktikaya tətbiq
edirlər. Beləliklə, elmi-pedaqoji dialoq beynəlxalq səviyyədə də güclənir və
pedaqoji elmdə müasir qlobal yanaşmaların mənimsənilməsinə şərait yaranır.
Elmi-pedaqoji jurnallar həmçinin müxtəlif elm sahələrinin nümayəndələrini bir
araya gətirərək pedaqoji elmdə çoxsahəli və interdisiplinar yanaşmaların təşviqinə
xidmət edir. Müxtəlif müəlliflərin əməkdaşlığı, birgə tədqiqatların aparılması
və beynəlxalq əlaqələrin möhkəmlənməsi təhsil sisteminin keyfiyyətinin yüksəlməsinə
və tədris prosesinin zənginləşməsinə təkan verir. Bu platformalar yalnız elmi tədqiqatların
paylaşılmasına deyil, həm də pedaqoji yanaşmaların qarşılıqlı zənginləşdirilməsinə
imkan yaradır.
B.Mikayıllı əlavə edib ki, jurnallarda dərc olunan
elmi məqalələr və tədqiqat nəticələri təhsil siyasətinin formalaşmasında da əhəmiyyətli
rol oynayır. Təhsil siyasətini müəyyən edən qərarvericilər üçün bu mənbələr
obyektiv elmi əsaslara söykənən güclü məlumat bazası rolunu oynayır və təhsildə
islahatların daha məqsədyönlü, elmi əsaslı və davamlı şəkildə həyata keçirilməsini
təmin edir. Bütün bunları nəzərə alaraq, deyə bilərəm ki, elmi-pedaqoji jurnallar
pedaqoji elmin inkişafı və təhsil sisteminin müasir tələblərə uyğunlaşdırılması
baxımından əvəzsiz və strateji əhəmiyyətə malikdir. Onlar həm elmi mühitin, həm
də praktik fəaliyyətin dinamik inkişafını təmin edən əsas platformalardan
biridir və pedaqoji sahədə innovasiyaların yayılmasına mühüm töhfə verir.
Mənbə: