Müəllimlərin builki sertifikatlaşdırılması prosesinin başlanmasına az qalıb.
Azərbaycan
Respublikası Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin məlumatına
görə, sertifikasiyanın test imtahanı mərhələsi 18, 20, 24 və 25 iyun tarixlərində
təşkil olunacaq. Test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar
portal.edu.az platformasında qeydiyyatdan keçən müəllimlərin şəxsi kabinetlərinə
göndərilib.
Qeyd
edək ki, bu il təşkil olunacaq sertifikatlaşdırılma prosesində kimya,
biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər,
eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici
dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız
dili və s.) müəllimləri iştirak edəcəklər.
Modern.az-ın
məlumatına görə, müəllimlərin sertifikasiyası Nazirlər Kabinetinin 30 aprel
2020-ci il tarixli qərarı ilə təsdiqlənmiş Qaydalar əsasında keçirilir. “Dövlət ümumi təhsil müəssisələrində
(ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində)
işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydasının məqsədi müəllimlərin
peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasıdır.
Qaydalara görə, təhsil müəssisələrində pedaqoji fəaliyyətlə
məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin
və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 ildə bir dəfə
sertifikatlaşdırmadan keçməlidirlər.
Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan
keçmirlər:
- hamilə qadınlar;
-
uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən
sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına
böyüdən kişilər);
-
ilk dəfə işə qəbul olunanlar, 3 il müddətində;
-
azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.
Sertifikatlaşdırma
Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.
Sertifikatlaşdırmanın
təşkili məqsədilə Nazirlik tərəfindən sədr daxil olmaqla 7 üzvdən ibarət Təhsilverənlərin
Sertifikatlaşdırılması Şurası yaradılır.
Sertifikatlaşdırma
iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin
edilməklə keçirilir. Sertifikatlaşdırmanın keçirilmə yerini, vaxtını və sertifikatlaşdırmanın
keçiriləcəyi ixtisasları Nazirlik müəyyən edir.
Nazirliyin
Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri sertifikatlaşdırmada
iştirak edəcək müəllimlərin qeydiyyatını aparır və həmin təhsilverənlərin müəyyənləşdirilmiş
vaxtda sertifikatlaşdırmada iştirakını təmin edir.
Qeydiyyatdan
keçmiş hər bir müəllim Portal.edu.az platformasının “Sertifikatlaşdırma”
altsistemində “Şəxsi kabinet” açılır və kabinetin şifrəsi təhsilverənin əlaqə
vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Təhsilverənlər
sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı
və yeri barədə, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər.
Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 ay qalmış onun vaxtı və yeri barədə
bildiriş “Şəxsi kabinet”ə göndərilir.
Sertifikatlaşdırmanın
sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına, peşəsinə
(ixtisasına) və tədris etdiyi fənnə aid olmaqla tərtib edilir.
Test
mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına,
tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji
prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə
verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin
növləri və məqsədləri) və təlim strategiyalarına (müasir təlim metodları və
üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri
və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin
xüsusiyyətləri) aid 60 sual təqdim edilir.
Test
mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir. Proqram təminatı hər
bir təhsilverənə fərdi test variantı təqdim edir. Sertifikatlaşdırmanın test mərhələsinə
120 dəqiqə vaxt ayrılır. Test mərhələsində hər bir suala düzgün cavab 1 balla
qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 bala bərabər
tutulur və düzgün cavablara təsir göstərmir.
Sertifikatlaşdırmanın
test mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış
rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri
test mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir.
Sertifikatlaşdırmanın
test mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın
ikinci - müsahibə mərhələsinə buraxılırlar.
Müsahibə
mərhələsində hər bir təhsilverənə 20 dəqiqə vaxt ayrılır. Müsahibə mərhələsi
aşağıdakı meyarlar əsasında maksimum 40 balla qiymətləndirilir:
-
proqram üzrə mövzunu təqdimetmə bacarığı;
-
təhsilalanları qiymətləndirmə bacarığı
-
özünü təqdimetmə bacarığı;
-
pedaqoji prosesi təşkiletmə bacarığı;
-
ünsiyyət bacarığı.
Sertifikatlaşdırmanın
müsahibə mərhələsində azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən
keçmiş hesab edilirlər. Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri
proqram təminatına daxil edilir. Sertifikatlaşdırmanın test və müsahibə mərhələsində
minimal balları toplamış təhsilverənlər sertifikatlaşdırmadan keçmiş hesab
olunurlar.
Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər
5 il müddətində təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə
məşğul olmaq hüququ əldə edirlər.
Sertifikatlaşdırmadan
üçüncü dəfə keçəndən sonra təhsilverənlər təhsil müəssisələrində öz ixtisasları
üzrə pedaqoji fəaliyyətlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci
maddəsi ilə müəyyən edilmiş çalışmanın yaş həddinə (65 yaş) qədər məşğul olmaq
hüququ əldə edirlər.
Üzrlü
səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən
şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada
iştirak etmək hüququna malikdirlər.
Təkrar
sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş
hesab olunurlar.
Təkrar
sertifikatlaşdırmadan kəsilən müəllimlərlə bağlanılmış əmək müqaviləsi
sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan
Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq
işəgötürən tərəfindən ləğv edilir.
Nazirlər
Kabinetinin müvafiq qərarına əsasən, sertifikatlaşdırmanın test imtahanı mərhələsində
51-60 bal nəticə göstərən müəllimlərin vəzifə maaşına 35 faiz, keçid balını (30
bal) toplayan və 50 baladək nəticə (30-50) göstərən müəllimlərin vəzifə maaşına
isə 10 faiz aylıq əlavə edilir.
Mənbə: https://bit.ly/3GRM35h


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)