Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə səfərbərlik və hərbi
xidmətə çağırış, eləcə də ehtiyatda olan şəxsi heyətin qeydiyyatı sahəsində vəziyyətin
bu istiqamətdə aparıcı dövlətlərdə görülən işlərlə uyğunlaşdırılması üzrə tədbirlər
keçirilir. Belə ki, qanunvericilik sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi,
şəffaflığın təmin olunması və müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma
hallarının qarşısının alınması, habelə ölkənin çağırış və səfərbərlik resursunun
dürüstləşdirilməsi istiqamətində aparılan islahatlar çərçivəsində bir sıra
qanunlara dəyişikliklər edilmişdir. Həmçinin çağırışçılar və hərbi vəzifəlilər
özləri haqqında məlumatları vaxtında vermədikdə, möhlətləri olanlar tələb edilən
vaxtda xidmətin qeydiyyatda olduqları struktur bölmələrinə gəlmədikdə barələrində
Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə əsasən
tətbiq olunacaq tədbirlər də sərtləşdirilmişdir.
Artıq
vətəndaşlar (çağırışaqədər yaş həddində olanlara münasibətdə isə onların qanuni
nümayəndələri — valideynləri, övladlığa götürənlər və ya himayəçiləri) öz hərbi
vəzifələrinin icrası ilə bağlı məlumatlarla tanış olmaq, məlumatları əldə etmək,
müvafiq məlumatların dəyişdirilməsi üçün müraciət etmək, dəyişikliklərlə bağlı
məlumat almaq, müraciətləri elektron formada göndərmək, xidmətlərdən istifadə
etmək və ödənişləri həyata keçirmək üçün Elektron Hökumət İnformasiya Sistemində
xüsusi fərdi elektron səhifə (elektron kabinet) yaratmalıdırlar.
Bununla
yanaşı hərbi uçot, qeydiyyat ünvanının dəyişdirilməsi, sağlamlığa görə möhlət,
növbəti müayinə vaxtı və digər məlumatlar Azərbaycan Respublikası Nazirlər
Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş hərbi biletdə də qeyd olunur (hərbi
biletdəki məlumatlarla https://e-qanun.az/framework/31791 saytında tanış olmaq
mümkündür).
Bəs
qanunu pozmamaq və cərimələnməmək üçün nələrə diqqət yetirmək lazımdır? Ümumiyyətlə
vətəndaşların dövlət qarşısında hansı öhdəlikləri vardır?
Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr
şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirdi ki, əslində hərbi vəzifəlilərin öhdəlikləri
onların hərbi biletlərinin müvafiq səhifələrində qeyd olunub.
“Qeyd
edim ki, hazırda Dövlət Xidmətinin göstərdiyi bütün xidmətlərin elektron
qaydada həyata keçirilməsi prioritet məsələlərdən biridir. Qanunvericiliyə
edilmiş dəyişikliklər milli təhlükəsizliyimizi gücləndirmək, Silahlı Qüvvələri
çağırışçılarla vaxtında və keyfiyyətli komplektləşdirmək, səfərbərlik
sisteminin səmərəliliyini artırmaq məqsədini daşıyır. Azərbaycan
Respublikasının vətəndaşlarının hərbi xidmətə çağırışı, o cümlədən tibbi müayinədən
keçməsi və tibbi şəhadətləndirmə ilə bağlı məlumatlandırma, həmçinin Elektron
Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir və bununla bağlı
çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirilir.
Təbii ki, “MyGov” mobil tətbiqini yükləmək də zəruridir. Xəbərdar olunmuş vətəndaş
vaxtında qeydiyyatda olduğu struktur bölməmizə yaxınlaşmasına görə məsuliyyət
daşıyır”.
Şöbə
rəisinin sözlərinə görə qanunda edilən dəyişikliklərə görə hərbi uçot, hərbi
qeydiyyat, çağırış və səfərbərlik qaydalarını pozan vətəndaşlara münasibətdə məsuliyyət
tədbirləri sərtləşdirilib və cərimələrin məbləği artırılıb. “2020-ci ildə 44
günlük Vətən Müharibəsi zamanı hamının Dəmir Yumruq ətrafında birləşərək Vətənin
müdafiəsinə getmək istəməsi vətəndaşların həmrəyliyini və gücünü nümayiş
etdirdi. Əsas məqsədimiz sülh dövründə də vətəndaşla dövlət qurumları arasında
olan münasibətləri daha şəffaf və məsuliyyətli olmasını təmin etməkdir. Bir
daha vətəndaşlara səslənərək bildirmək istərdik ki, hərbi vəzifələrin icrası ilə
bağlı dövlət qarşısında olan öhdəliklərinə məsuliyyətlə yanaşsınlar”, - deyə, Pərviz
Sədrəddinov bildirib.
Mənbə: https://seferberlik.gov.az/az/news/detail/939


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)