1941-ci il iyunun 22-də faşist Almaniyası SSRİ-yə xaincəsinə hücum etdi. Böyük Vətən Müharibəsi başladı. 9 May Qələbə Günü, 1941-1945-ci illər Böyük Vətən Müharibəsində keçmiş sovet xalqının faşist Almaniyası üzərində qələbəsini qeyd edən bayramdır. Bu bayram SSRİ Ali Soveti Rəyasət Heyətinin 8 may 1945-ci il tarixli Fərmanı ilə təsis edilib və hər il mayın 9-da qeyd olunur. 9 May xüsusi bir gündür. Bu həm sevincli, həm də kədərli bir tarixdir.
2025-ci il may ayının 9-da keçmiş sovet
xalqının Böyük Vətən Müharibəsində qələbəsinin 80 illiyi tamam olur. Faşizm üzərində
qələbə naminə baba və atalarımız mümkün olmayanı etdilər. Onların şücaətinə görə
təşəkkür etmək üçün söz tapmaq çətindir. İnanıram ki, yer üzündə yaşayan hər kəs
bu bayramın əhəmiyyətini daha yaxşı başa düşəcəkdir.
Heç kəs unudulmur, heç nə yaddan çıxmır (Никто не забыт, ничего не забыто) - xalq yaddaşının mülkü olan bu sözlər
II Dünya müharibəsi (Böyük Vətən müharibəsi) əsgərlərinin qəhrəmanlığına həsr
edilmiş şüardır. Bu şüar ilk dəfə 1959-cu ildə Leninqrad (indiki Sankt
Peterburq) şəhər Piskaryov qəbirastanlığındakı Leninqrad mühasirəsi
qurbanlarının xatirə lövhəsinə yazılmışdır. Müəllifi şairə Olqa Bergqolts
olmuşdur.
Sonralar bu fraza daha geniş yayıldı.
Tatarıstan Respublikasının Rəisi Rüstəm Mənnixanov demişdir:
“Heç kəs
unudulmur, heç nə yaddan çıxmır” sözləri
bizim üçün unudulmaz bir söz, sarsılmaz mənəvi qanun, bütün ictimai
varlığımızın əsası oldu. Olqa
Bergqoltsun bu sözləri II Dünya müharibəsi (Böyük Vətən müharibəsi)
iştirakçılarını xatırlamaq üçün əsas sözə çevrildi. ...
Atam Əsədov Əsəd Səftər oğlu 1920-ci
ildə anadan olub, 1941-ci ilin iyunundan 1944-cü ilin yanvarınadək Böyük Vətən Müharibəsində
iştirak edib.
Bu müddət ərzində iki dəfə yaralanıb,
ikinci yaradan sonra isə cəbhədən tərxis olunub. 1994-cü ildə vəfat edib.
Ordudakı xidmətlərinə görə o,
aşağıdakı orden və medallarla təltif edilmişdir.
1) III dərəcəli “Şöhrət” ordeni
2) 1-ci dərəcəli Vətən Müharibəsi
ordeni
3) “1941-1945-ci illər Böyük Vətən
Müharibəsində Almaniya üzərində Qələbəyə görə” medalı
4) “1941-1945-ci illər Böyük Vətən
Müharibəsində Qələbənin 20, 30, 40 illiyi” medalları
5) “SSRİ Silahlı Qüvvələrinin 50, 60,
70 illiyi” medalları.
Əlavə olaraq qeyd etməliyəm ki, o,
ömrünün 50 ildən çoxunu gənc nəslin tərbiyəsinə həsr edib. İki dəfə “Əmək
veteranı” medalı ilə təltif edilib.
1941-1945-ci illər müharibəsində iştirak edən, canlarını qurban verən və yaralananların qəhrəmanlığı xalqımızın yaddaşına əbədi həkk olunub. Onların göstərdiyi şücaət və fədakarlıq müstəqilliyimizin, sabitliyimizin təməl daşına çevrilib.
Müharibədə iştirak edən Vətən oğul və qızlarına dinc və azad səmamız üçün minnətdarıq! Sizlərə müharibəsiz və qorxusuz bir ömür arzulayıram.
Hər birinizi Qələbə Günü münasibətilə təbrik edirəm!
9 May Bayramınız mübarək!



UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)