Çingiz xanın böyük oğlu Cuci haqqında

Çingiz xan dövründə (1206-1227) Orxon çayı sahilində yerləşən Qaraqorum şəhəri mərkəz olmaqla Monqol dövləti təşkil edilmişdi. Monqol imperiyası yaranmazdan əvvəl hərbi qənimətlərin mənbəyi köçəri əyanlar üçün monqol tayfa ittifaqları arasında gedən daimi müharibələr idi. Monqolustanın Çingiz xan dövründə siyasi birləşməsi əyanlar tərəfindən bir şərtlə müdafiə edilirdi ki, hərbi qənimətlər mənbəyi olan müharibələr dayandırılmasın, əksinə geişləndirilsin. Məhz buna görə Çingiz xan lap əvvəldən köçəri feodal əyanlara arxalanaraq geniş işğalçılıq yoluna düşür. Bu işğallar köçəri əyanlara ara müharibələrindən də artıq hərbi qənimətlər ələ keçirməyə imkan verirdi. Bundan başqa monqol feodalları qonşuluqda yerləşən zəngin əkinçilik və mədəni ölkələrin xalqlarını istismar etmək imkanı qazanırdılar. Digər tərəfdən maldarlıq təsərrüfatı olan əyanlar yeni otlaq sahələri ələ keçirmiş olurdular.

Çingizin böyük oğlu Cuci 1227-ci ilin fevralında, atasının ölümündən 6 ay əvvəl öldüyü üçün onun payı oğlu Batı xana keçir. Cuci ulusu adlandırılan bu ərziyə Qərbi Sibir və Dəsti-Qıpçaq düzü, eləcədə Cənubi Rusiya (Xarəzm daxil olmaqla) aid idi. Batı xan Cənubi Rusiyada Göy Orda adlanan dövlət yaratdı. Məhz bu dövlət gələcək Qızıl Ordanın nüvəsini təşkil etmişdi. Cucinin digər oğlu isə Qərbi Sibirdə Ağ Orda adlanan dövlətin əsasını qoymuşdu.

Nə qədər ki, yeni torpaqların işğalı və imperiyanın sərhədlərinin genişləndirilməsi davam edirdi, imperiyanın birliyi və Ali Xaqanın hakimiyyəti hər yerdə tanınırdı. Buna baxmayaraq ulus xanlarının Ali Xaqandan asılılığı formal xarakter daşıyırdı. Onlar öz ərazilərini müstəqil idarə edirdilər.

Qızıl Orda Cuci ulusu kimi tanınır. Ümumuyyətlə türk və monqollar, demək olar ki, hər yerdə və hər çağda eyni xalqlar kimi tanınmışlar. Halbuki bu həqiqətə müxalif və yanlış bir baxışdır. Türklərin də, monqollarında çox qədim zamanlardan bəri ayrı-ayrı dünyaları var idi. Hər iki xalqın yurdları da  ayrı, adətləri də ayrı və arabir siyasi birlik halında üzə çıxmalarına səbəb olan mənafeləri də ayrı idi. Türkcə “Ortu”sözü, ”Orta” sözünün kökündən əmələ gəlib, monqolcaya da “Orda” şəklində keçmişdir. Türkcə “qərargah”, ”çadır yeri”, bəzən də “paytaxt” mənasında işlədilirdi (B.Ögəl. Böyük Hun imperiyası. I kitab. Bakı.1992. səh.126). Çingiz xanın böyük oğlu Cucinin hekayəsi təkcə böyük bir ailənin dramından ibarət deyil. Bu, hakimiyyətin qorxu ilə deyil, sözlə təsdiqləndiyi xüsusi siyasi ənənənin başlanğıcıdır. Cuci o Avrasiya düsturunun banisi oldu, burada dövlətlər müxtəlifliyi məhv etmədilər, əksinə onu qəbul etdilər, onu Avropa mənasında imperiya deyil, Orda strukturunda - birgəlikdə  rəsmiləşdirdilər. “Moğolların məxfi tarixi”ndə Cucinin atası (Çingiz xan) deyir: “Sən, Cuci, qərb ölkələrinə gedəcəksən, xalqları fəth edəcəksən, onlar da bizim xalqımız olacaq”. Bu fəthin gözləntisidir. Lakin Cuci başqa yol tutdu. Təsadüfi deyil ki, həmin qaynaqda belə qeyd olunur: “Cuci qasidlər göndərərək dedi: “Qoy gəlsinlər, biz danışmağa başlayaq”. Bu, vacib bir detaldır: o, davaya deyil, söhbətə çağırırdı. Bu, qılınc yox, söz siyasəti idi. Qıpçaqların, Qanqlıların və Oğuz nəslinin məskunlaşdığı çöllərdə Cuci cəzalandırıcı vali kimi deyil, birləşdirici kimi çıxış edirdi. İnancdan və dildən əl çəkməyi tələb etmir, yad qəbilə kultu qoymurdı. Onun strategiyası daha incə idi: muxtariyyət müqabilində ali hakimiyyətin tanınması. Bununla o, çox səviyyəli siyasi sədaqət konsepsiyasını gözləyirdi ki, bu zaman  tabe olanlar  Ordanın bir hissəsi ola bilərdi. Böyük Çingiz xan oğlunun belə mülayimliyini heç də həmişə qəbul etmirdi. “Gizli tarix”in bir epizodunda o, üsyançıları cəzalandırmağı gecikdirdiyinə görə Cucini məzəmmət edir, lakin Cuci belə cavab verir: “Mən çalışacağam ki, insanların özləri gəlsinlər”. Bu zəiflik deyil. Bu, başqa bir qüvvənin - qorxutmanın deyil, cazibə qüvvəsinin dərk edilməsidir. Beləliklə, daha sonra Qızıl Orda tərəfindən qəbul edilən və tam zorakılıq olmadan geniş bir əraziyə nəzarət etməyə imkan verən bir ənənə yarandı. Xalqlar öz inancı ilə, tayfa başçıları öz vəzifələrini saxladı, çöl müstəmləkəçilik zonasına deyil, daxil olma zonasına çevrildi. Bu, Orda nizamının düsturu idi: assimilyasiya yolu ilə deyil, razılaşma yolu ilə sülh. Bu model dayanıqlı olduğunu sübut etdi. Qızıl Ordanın dağılmasından sonra belə, Moskva knyazları etiketlər, baskaklar və ikili inanc sistemləri sistemini - eyni Cucid siyasətinin institusional izləri kimi saxladılar. O, təcrübə kimi ötürüldü və Avrasiya genetik idarəetmə kodunun bir hissəsi oldu: birlik naminə fərqliliklərin tanınması. Bu gün Avrasiya yenidən özünü itirmədən necə birlikdə yaşamaq məsələsi ilə üzləşdiyindən, Cuci irsi həmişəkindən daha aktualdır. O, nəhəng bir fatehin oğlu idi, lakin adı sülhməramlı olaraq qaldı. Bəlkə də məhz bu yol - sözlə, dialoqla, siyasi alicənablıqdan keçən yol Avrasiya ideyasına güc qaytarmağa qadirdir (İnternet resurs: https://bit.ly/4cZ4Mry).

Qızıl Orda dövlətinin ilk xanı Şərqi Avropanı işğal edən və dövləti yaradan Batı xan (1336-1356) olmuşdur. O, işğalçılıq yürüşlərində böyük rəhbər idi. Bu dövr elə bir dövr idi ki, yenicə yaranmış uluslar vahid Monqol imperiyasına sıx bağlı idilər. Çingiz xanın ölümündən sonra Batı xan Ali Monqol imperiyasının  əsas simalarından biri oldu. O, Ugedey xaqan (1229-1241) və eləcədə 1251-ci ildə Münke xaqanın (1251-1259) hakimiyyətə gəlməsində əsas rol oynamışdı. Bu dövrdə 2 ailə Cuci və Toluy ailəsi - o biri 2 ailəyə -Ugedey və Cağatay ailəsinə qarşı birləşdi. Batı xan bu vəziyyətdən istifadə  edərək Münkenin hakimiyyətə gəlməsinə nail oldu. Özü isə böyük bir ərazinin sahibi oldu. Batı xan yeni yaranmış dövlətdə Volqaboyunun əhəmiyyətini çox gözəl başa düşürdü. Məhz bu səbəbdən burada öz dövlətinin paytaxtını Saray şəhərini saldırdı. ”Cuci ulusunun  sərhədlərini müəyyənləşdirmək çətindir. Şimal-şərqdə Qızıl Ordaya Bulqar və onun ərazisi daxil idi. Şimalda onun sərhədləri rus knyazlıqları ilə, cənubda Krımla, onun dəniz şəhərləri ilə, o biri tərəfdən Qafqazda Dərbəndlə, həmçinin şimali Xarəzmlə (Ürgənc şəhəri daxil olmaqla), qərbdə Dnestr düzləri ilə və ondan sonra, şərqdə isə Qərbi Sibirə qədər, Sır-Dəryanın aşağı axarına qədər sərhəd uzanırdı”(Греков Б.Д.Якубовский А.Ю.Золотая Орда и ее падение.М Л.1950. с.61).

“XIII əsr boyu Qızıl Orda Avropa və Asiyanın ən qüdrətli dövlətlərindən biri idi. XIII əsrin I yarısında monqol işğallarından sonra yaranmış siyasi vəziyyət, hər iki kontinentdə güclü rəqiblərin olmaması buna şərait yaradırdı. Qızıl Orda feodalları isə başda xanlar olmaqla işğalçılıq siyasəti yürüdür, daimi olaraq Rus, Litva, Polşa, Macarıstan, Bolqar və hətta Bizansa qısamüddətli hərbi yürüşlər edirdilər”(Егоров В.П.Историческая география Золотой Орды в XIII-XIV вв.М.1985.с.46). Volqaboyunu Cuci ulusunun mərkəzi edən Batı xan və onun xələfləri Volqaboyunun sağ və sol sahillərinin iqtisadi həyatını dirçəltmək üçün çox çalışdılar. Batı hər şeydən əvvəl şəhər həyatının dirçəlməsinə fikir verirdi. Bu isə öz növbəsində xəzinəyə böyük gəlir gətirən ticarətlə bağlı idi.

Batı xanın hərbi qüvvələri monqolların bütün əsas hərbi yürüşlərində iştirak edirdi. Sözsüz ki, bu yürüşlərdən əldə olunan hərbi qənimətlərdən öz paylarını  alırdılar. Məhz bu səbəbdən Cuci ulusu sonralar Azərbaycana öz iddialarını bildirməyə başladılar.

XIII əsrdə bütün 58 il ərzində Qızıl Orda Avropa və Asiyada güclü dövlət idi ki, onunla heç bir dövlət hərbi münaqişəyə girməyə cürət etmirdi. Bu dövrdə müharibələrin səbəbkarı Qızıl Orda dövləti özü olurdu. Qızıl Orda xanları bütün sərhəd boyu öz təcavüzkar hərəkətlərini davam etdirirdilər. Hər bir münaqişənin hərbi yolla həll edilməsi Qızıl Orda xanlarının xarici siyasətində əsas yer tuturdu. ”Bu dövrdə hərbi yürüşləri 3 qrupa bölmək olar:1) Qarətçi xarakter daşıyan yürüşlər; 2) Siyasi təsir və vassal asılılığında saxlamaq üçün iri və xırda ekspedisiyalar (bu zaman qarət və əsir aparmaq daha açıq xarakter alırdı); 3) Yeni ərazilər işğal etmək üçün uzun müddətli aparılan hərbi əməliyyatlar ” (Егоров В.П.Göstərilən əsəri.səh.201). Qızıl Orda dövləti öz varlığı dövründə kiçik fasilələrlə qonşularından biri ilə daima müharibələr aparmış və bu müharibələr orta əsrlərdə hərbi əməliyyatların getdiyi ərazinin böyüklüyünə və insan itkilərinin sayına görə ən böyük müharibələr olmuşdur. Qızıl Ordanın hakim dairələri üçün müharibələr xarici siyasət münasibətlərində ən arzuedilən norma idi. Bu konsepsiya dövlət marağının ən başlıca istiqaməti kimi hələ Çingiz xan dövründə hazırlanmış və monqol əyanlarının maraqlarına cavab verirdi. Praktiki olaraq bütün ümumdövlət marağı feodalların varlanması naminə qurban verilirdi.

Hazırladı:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

İstinad: https://multiurok.ru/files/cingiz-xanin-boyuk-oglu-cuci-haqqinda.html

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.