Təhsildə
inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə qeydiyyat prosesi
yekunlaşmaq üzrədir.
“Azərbaycan
müəllimi”nin suallarını cavablandıran Elm və Təhsil Nazirliyinin Satınalmalar və
qrantlar sektorunun müdiri Vüsalə Əliyeva proseslə bağlı geniş məlumat verib.
“Müraciətlərin
əhəmiyyətli hissəsi sənəd qəbulu müddətinin son günlərində təqdim olunur”
- Proses necə
gedir, iştirakçılıq hansı səviyyədədir? Müraciət edənlər çoxdurmu?
- Hazırda Təhsildə
inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin sənəd qəbulu mərhələsi
aktiv şəkildə davam edir. Qeyd edim ki, bu mərhələyə martın 4-dən start verilib
və sənəd qəbulu aprelin 10-da tamamlanacaq. Müsabiqə elan olunduğu gündən təhsil
ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb və artıq xeyli sayda müraciət
qeydə alınıb. Lakin yekun iştirak göstəricilər haqqında dəqiq fikir bildirmək
üçün bir qədər tezdir. Çünki əvvəlki illərin təcrübəsi göstərir ki, müraciətlərin
əhəmiyyətli hissəsi məhz sənəd qəbulu müddətinin son günlərində təqdim olunur.
Bu isə əsasən iştirakçıların layihələrini son günədək təkmilləşdirmələri, sənədlərin
hazırlanmasında və sistemə yüklənməsində maksimum diqqət göstərmələri, son günədək
bütün imkanlardan istifadə etmək istəkləri ilə bağlı olur. 
- Bəs müraciət
üçün son günü gözləmələri problem yaratmır? 
Ümumiyyətlə, müsabiqə elan olunandan hansı problemlərlə üzləşmisiniz?
-  Şübhəsiz yaranır. Bunu nəzərə alaraq, müsabiqə
elan olunandan iştirakçılara müraciət edir, texniki problemlərlə üzləşməmələri
üçün layihələrini mümkün qədər tez təqdim etmələrini tövsiyə edirik. Çünki hər
kəsin müraciətini son günə saxlaması texniki problemlərə səbəb olur. Məsələn,
sistem üzərindən eyni anda çoxsaylı müraciətlərin göndərilməsi, internet
bağlantısında kəsintilər və digər texniki səbəblər son anda sənəd təqdim etməyə
çalışan istifadəçilər üçün müəyyən çətinliklər yarada bilər. Bu riskləri nəzərə
alaraq, müraciətlərin vaxtında təqdim olunması həm müsabiqənin gedişi, həm də
iştirakçıların uğurlu nəticə əldə etməsi baxımından olduqca vacibdir.
Müəllimlər həyati
bacarıqların inkişaf etdirilməsi istiqamətinə daha çox maraq göstərir
- Ən çox
aktivlik hansı istiqamətlər üzrə müşahidə olunur?
- Bu il Təhsildə
inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsində altı prioritet istiqamət
müəyyən olunub. Bunlar “Həyati bacarıqların inkişaf etdirilməsi”, “Məktəb göstəricilərinin
yüksəldilməsi”, “Müxtəlif məzmunlu intellektual müsabiqələrə hazırlıq”, “Onlayn
platformalar və tətbiqlər vasitəsilə öyrənmə”, “Təhsilalanların fiziki inkişafı
və təhsilverənlərin peşəkar inkişafı”dır. Bu prioritet istiqamətlərin hər biri
təhsilin keyfiyyətinə, şagird və müəllimlərin inkişafına yönəlmiş mühüm məsələləri
əhatə edir və iştirakçılara geniş mövzu seçimi imkanı yaradır. Doğrudur,
hazırda sənəd qəbulu prosesi hələ davam edir və bu mərhələnin sonuna qədər
hansı istiqamətlər üzrə daha çox müraciətin daxil olacağı ilə bağlı fikir
yürütmək bir qədər tezdir. Vurğuladığım kimi, bir çox iştirakçılar layihələrini
son günlərdə təqdim etməyə üstünlük verirlər və buna görə də mövcud mənzərə dəyişə
bilər.
Bununla belə,
bu günə olan ilkin göstəricilər əsasında deyə bilərik ki, ən yüksək aktivlik “Həyati
bacarıqların inkişaf etdirilməsi” prioritet istiqaməti üzrə müşahidə olunur.
Bu, çox sevindirici haldır, çünki müasir dövrdə şagirdlərin sosial-emosional
bacarıqları, qərarvermə, əməkdaşlıq, tənqidi düşünmə və özünütənzimləmə kimi həyat
üçün zəruri olan bacarıqlara yiyələnməsi cəmiyyətin dayanıqlı inkişafı
baxımından da mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, hazırda ən az aktivlik “Məktəb
göstəricilərinin yüksəldilməsi” prioritet istiqamətində müşahidə olunur. Təbii
ki, bu göstəricilər sənəd qəbulu tamamlandıqdan sonra dəyişə bilər. Lakin bu mərhələdə
belə bir mənzərə bizə ilkin tendensiyaları qiymətləndirməyə imkan verir. Ümid
edirik ki, növbəti günlər ərzində bütün prioritet istiqamətlər üzrə daxil olan
layihə təklifləri artacaq və hər bir istiqamətdə maraqlı təşəbbüslər ortaya
çıxacaq.
Layihə verən
müəllim işdən çıxarsa…
- Prosesdə şəffaflığı
təmin etmək üçün hansı addımlar atılır?
- Təhsildə
inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin təşkili, sənəd qəbulu,
bütün texniki və məzmun ekspertizası mərhələləri tamamilə elektronlaşdırılmış şəkildə
grants.edu.az platforması üzərindən həyata keçirilir. Müsabiqəyə müraciət etmək
istəyən hər bir şəxs öncə həmin platformada qeydiyyatdan keçməli və özünə şəxsi
kabinet yaratmalıdır. Məhz bu şəxsi kabinet vasitəsilə iştirakçı öz layihəsini
təqdim edir, eyni zamanda müsabiqə prosesi boyunca statusunu izləyə bilir.
Təqdim
olunan bütün layihələr ilkin olaraq texniki ekspertiza mərhələsindən keçirilir.
Bu mərhələdə layihənin və iştirakçının müsabiqə elanında qeyd edilmiş şərtlərə
uyğunluğu yoxlanılır. Yəni layihənin icra müddəti, büdcəsi, təqdim olunan sənədlərin
tamlığı, eyni zamanda iştirakçının pedaqoji statusu və əvvəlki layihələrinin səmərəliliyi
nəzərdən keçirilir. Texniki meyarlara tam cavab verən layihələr növbəti mərhələyə
– məzmun ekspertizasına buraxılır.
Burada bir
vacib məqamı xüsusilə vurğulamaq istərdim, çünki bu bizə tez-tez ünvanlanan
suallardan biridir. İştirakçı layihəni təqdim etdiyi zaman pedaqoji işçi olsa
da, sonradan bu statusunu itirərsə, məsələn, işdən ayrılsa və ya fəaliyyətini
dayandırsa, o zaman layihə məzmun qiymətləndirməsi mərhələsinə buraxılsa belə,
yenidən texniki ekspertizaya qaytarılır və həmin mərhələdən keçmiş sayılmır. 
Məzmun
ekspertizası mərhələsində layihələr 100 ballıq şkala üzrə, 9 müxtəlif meyar əsasında
qiymətləndirilir. Qiymətləndirmə prosesi isə bu sahədə ixtisaslaşmış, yüksək təcrübəyə
malik müstəqil ekspertlər tərəfindən həyata keçirilir. Müsabiqənin keçid balı
50-dir, yəni 50 və daha yüksək bal toplayan layihələr qrant almağa namizəd
hesab olunurlar. Bununla belə, müsabiqənin ümumi büdcəsi 1 900 000 manat
olduğuna görə, yalnız ən yüksək bal ardıcıllığı ilə büdcəyə sığan layihələr
qrantla təmin olunur. Bütün bu mərhələlər ərzində iştirakçılar öz layihələrinin
statusunu şəxsi kabinetlərindən real vaxtda izləyə bilirlər. Məsələn, əgər
iştirakçı texniki ekspertiza mərhələsindən keçməzsə, bunun səbəbi həmin
iştirakçının şəxsi kabinetində ətraflı şəkildə göstərilir. Eyni şəkildə, məzmun
qiymətləndirməsi mərhələsində hər bir meyar üzrə iştirakçının topladığı ballar
da onun şəxsi kabinetində əks olunur. Bu yanaşma bizə prosesin hər addımında
iştirakçının məlumatlılığını və şəffaflığı təmin etməyə imkan yaradır.
Bir məqamı
da qeyd edim ki, qrant qalibləri elan olunduqdan sonra bütün nəticələr
ictimaiyyətə açıq şəkildə təqdim olunur. Bu zaman həm layihənin adı, həm
ayrılmış büdcə, həm də qrant qalibi barədə əsas məlumatlar açıqlanır. Daha
sonra isə qrant qazanmış layihələrin icrası və əldə olunan nəticələr müsabiqənin
rəsmi səhifələrində geniş şəkildə işıqlandırılır. Biz hesab edirik ki, bu, həm
prosesin şəffaflığını təmin edir, həm də növbəti müsabiqələrə müraciət etmək
istəyən təhsil işçiləri üçün ilhamverici nümunə və yol göstərici rolunu
oynayır.
Maksimal
qrant məbləği 100 000 manatdır
- Namizədin
qrant müsabiqəsinə neçə dəfə qatılması ilə bağlı məhdudiyyət qoyulmayıb. Bəs
ayrılan qrantın məbləği ilə bağlı hər hansı məhdudiyyət tətbiq edilmirmi? Layihənin
maliyyələşdirilməsi üçün ayrılan maksimum məbləğ nə qədər ola bilər?
- Təhsildə
inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi istər dövlət ümumi təhsil müəssisələri,
istərsə də bütün növ təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün
açıqdır. Müsabiqədə iştirak etmək istəyən namizədlər üçün iki kateqoriya müəyyən
olunub. Onlardan biri “Ümumi təhsil müəssisələri” kateqoriyasıdır ki, bu
kateqoriya üzrə təqdim olunan layihələr üçün maksimal qrant məbləği 100 000
manatdır. Digər kateqoriya isə “Fərdi layihələr” kateqoriyasıdır və burada
iştirak edən pedaqoji işçilər üçün maksimal qrant məbləği 10 000 manat olaraq
müəyyən edilib. Burada qeyd edilməli vacib məqam ondan ibarətdir ki, “Ümumi təhsil
müəssisələri” kateqoriyası üzrə müsabiqədə dövlət qeydiyyatı haqqında şəhadətnaməyə,
nizamnaməyə, VÖEN-ə və ona bağlı bank hesabına malik olan dövlət tam orta ümumi
təhsil müəssisələri, “Fərdi layihələr” kateqoriyası üzrə isə təşkilati-hüquqi
formasından asılı olmayaraq, bütün təhsil müəssisələrində çalışan pedaqoji işçilər
bu müsabiqəyə qoşula bilərlər. Kateqoriyalar üzrə qrant qazana bilmənin
maksimal məbləği həm də layihələrin miqyası və icra imkanları nəzərə alınaraq
müəyyənləşdirilib. Məktəb tərəfindən təqdim olunan layihələr, adətən, daha
geniş auditoriyanı – şagird, müəllim heyəti və bəzən valideyn icmasını əhatə
etdiyi üçün daha böyük maliyyə resursuna ehtiyac duyur. Pedaqoji işçilərin təqdim
etdikləri fərdi layihələr isə adətən konkret bir istiqamət üzrə innovativ
yanaşmaları özündə ehtiva edir.
Qeyd etməliyik
ki, bu şərtlər istisna olmaqla, müsabiqə iştirakçıları üçün əlavə heç bir məhdudiyyət
nəzərdə tutulmayıb. Yəni pedaqoji işçilər yaşından, stajından, vəzifəsindən və
ya regionundan asılı olmayaraq, sadəcə müsabiqənin əsas meyar və tələblərinə
cavab verən bir layihə təqdim etməklə bu prosesdə iştirak edə bilərlər. Bu da
müsabiqənin əlçatanlığını artırır və təhsil ictimaiyyətindən innovativ
ideyaların toplanmasına şərait yaradır. Əsas məqsədimiz faydalı təsirə malik
layihələri dəstəkləmək, təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabət
formalaşdırmaq, müəllim və məktəblərin innovativ inkişafına təkan verməkdir.
Layihələrdə
tez-tez rast gəlinən yanlışlar
- Hansı
layihələrə qrant ayrılır? Layihə hazırlayan müəllimlərə nə tövsiyə edirsiz?
- Müsabiqəyə
təqdim edilən layihələrin uğur qazanması bir neçə mühüm amildən asılıdır. Təcrübə
göstərir ki, layihələrin keyfiyyətini müəyyən edən əsas faktor onun nə dərəcədə
real ehtiyacdan doğması, sistemli şəkildə planlaşdırılması və praktiki
faydasının aydın olmasıdır. 
Qrant
ayrılan layihələr, əsasən, məktəbdə real ehtiyaclara cavab verən, məqsədi, fəaliyyəti
və nəticələri bir-biri ilə əlaqəli olan və bütün mərhələləri düzgün
planlaşdırılmış təşəbbüslərdir. Burada təkcə maraqlı bir ideya kifayət etmir.
Layihənin uğurlu olması üçün onun konkret problemi necə həll etdiyi, bu həllin
necə həyata keçiriləcəyi, hansı nəticələri verəcəyi və nə qədər davamlı olacağı
çox önəmlidir.
Təqdim edilən
layihələrdə tez-tez rast gəldiyimiz yanlışlardan biri layihənin adlandırılması
ilə bağlıdır. Bəzən müəllimlər layihəyə uzun və mürəkkəb adlar qoyurlar. Tövsiyə
edirik ki, layihə adı qısa, konkret və yadda qalan olsun. Ən əsası, ad onun əsas
ideyasını ifadə etsin.
Müəllimlərdən
gözləntimiz odur ki, problemi təqdim edərkən onun aktual olub-olmadığını sübut
edə bilsinlər. Məsələn, bu problem neçə nəfərə təsir edir, hansı səbəblərdən
qaynaqlanır, onu aradan qaldırmaq üçün daha əvvəl hansı cəhdlər olub və bu
layihə həmin çərçivədə nəyi fərqli edəcək. Problemin təsviri nə qədər real və əsaslandırılmış
olsa, təqdim olunan həll o qədər inandırıcı görünür.
Məqsəd və vəzifələr
layihənin istiqamətini düzgün müəyyən edir. Burada əsas diqqət edilməli məqam
odur ki, məqsəd ümumi istiqaməti, vəzifələr isə bu istiqamətə çatmaq üçün
konkret addımları göstərsin. Vəzifələr nə qədər ölçülə bilən, real və vaxt
baxımından uyğun olarsa, layihənin nəticə əldə etməsi də bir o qədər mümkün
olur.
Layihə çərçivəsində
nəzərdə tutulan fəaliyyətlər ümumi və qeyri-müəyyən ifadələrlə deyil, aydın,
konkret, mərhələli və məntiqi ardıcıllıqla təqdim olunmalıdır. Hər bir fəaliyyətin
icra vaxtı, yeri, müddəti, məsul şəxsi və məqsədlə əlaqəsi dəqiq şəkildə göstərilməlidir.
Yəni hər bir fəaliyyət layihənin ümumi məqsədinə necə töhfə verəcəyini əsaslandırmalıdır.
Bununla
yanaşı, layihənin uğurla icrası üçün komandanın təcrübəsi, bacarıqları və
ixtisas uyğunluğu xüsusi əhəmiyyət daşıyır. Layihəni həyata keçirəcək şəxslərin
bu sahədəki bilik və təcrübəsi, daha əvvəl oxşar fəaliyyətlərdə iştirakı və
ümumilikdə kadr potensialı layihənin icraetmə imkanlarını birbaşa müəyyən edir.
Komandanın düzgün seçimi təkcə layihənin uğur şansını artırmır, eyni zamanda,
onun etibarlılığını və dayanıqlılığını da gücləndirir. Qeyd etmək yerinə düşər
ki, eyni fəaliyyətləri təklif edən layihələr belə, onları icra edəcək
komandanın peşəkarlığına, funksional bölgüsünə və təqdim olunmuş tərəfdaşlıq
imkanlarının keyfiyyətinə görə qiymətləndirmədə fərqli nəticələr ala bilirlər.
Yəni təkcə ideya deyil, onu necə və kiminlə həyata keçirmək istədiyiniz də
vacib qiymətləndirmə meyarıdır. Bu səbəbdən müəllimlərə tövsiyə edirik ki, fəaliyyətləri
yazarkən real və əsaslandırılmış icra planı təqdim etsinlər, komanda üzvlərinin
CV-lərini düzgün və dolğun şəkildə hazırlasınlar və layihənin məqsədinə uyğun
güclü tərəfdaşlıqlar qurmağa çalışsınlar.
Büdcə tərtib
olunarkən texniki səhvlər, şişirdilmiş qiymətlər və ümumi ifadələrdən qaçmaq
lazımdır. Layihənin xərcləri onun məqsədi və fəaliyyətləri ilə uzlaşmalı, hər
bir xərcin izahı və zəruriliyi əsaslandırılmalıdır. Eyni zamanda, idarəetmə xərclərinin
ümumi büdcədə nisbəti çox yüksək olmamalıdır.
Nəticələrin
aydın və ölçülə bilən şəkildə yazılması vacibdir. Layihənin sonunda nə əldə
ediləcəyi, bu nəticələrin necə ölçüləcəyi və hansı göstəricilərlə izlənəcəyi
konkret şəkildə göstərilməlidir. Bu məqsədlə müəllimlərə nəticələri ölçmək üçün
göstəricilər (indikatorlar) müəyyən etməyi və onları izləmək üçün sadə üsullar
planlaşdırmağı tövsiyə edirik.
Layihənin
davamlılığı məsələsi də çox önəmlidir. Qrant müddəti bitdikdən sonra fəaliyyətlərin
necə davam etdiriləcəyi, əldə olunan nəticələrin necə qorunacağı, bu istiqamətdə
nə kimi addımlar atılacağı layihə daxilində izah olunmalıdır. Məsələn, məktəbin
daxili resursları ilə işin davam etdirilməsi, tərəfdaş qurumların dəstəyi, mövcud
resursların təkrar istifadəsi və s.
Şəffaflıq və
hesabatlılıq məsələsinə də xüsusi diqqət yetirilməlidir. Hər bir layihə öz nəticələri
barədə hesabat verə, əhatə etdiyi fəaliyyətləri əsaslandıra bilməlidir. Bu, həm
ictimaiyyət qarşısında cavabdehlik, həm də gələcəkdə yeni təşəbbüslərin dəstəklənməsi
baxımından vacibdir.
Ümumilikdə
müəllimlərə tövsiyəmiz odur ki, layihə yazmazdan əvvəl planlı şəkildə düşünərək
problemin dərinliyinə varsınlar, təklif etdikləri həll yollarının praktik
olub-olmadığını götür-qoy etsinlər, fəaliyyət və nəticələri əvvəlcədən ölçə
bilsinlər və hər addımda aydınlıq və sistemlilik prinsipini rəhbər tutsunlar.
Bu halda layihələr həm qiymətləndirmə mərhələsində uğur qazanır, həm də icra
zamanı real təsir göstərir.
- Layihələrin
həyata keçirilmə prosesinə nəzarət varmı? Qalib layihələrin nəticəsini əks
etdirən hesabatlar nə göstərir?  Məsələn,
qrant qazanmış ideyalar başqa məktəblərdə də reallaşdırılır?
- Əlbəttə,
qrant qazanmış bütün layihələrin icrası ciddi şəkildə izlənilir və davamlı
monitorinq prosesi həyata keçirilir. Layihə sahibləri yalnız ilkin mərhələdə
deyil, bütün icra dövrü ərzində hesabat vermə öhdəliyi daşıyırlar. Bu
hesabatlar layihənin yalnız texniki və maliyyə tərəflərini deyil, həm də fəaliyyətlərin
faktiki icra vəziyyətini, əldə olunan nəticələri və qarşıya çıxan çətinlikləri əhatə
edir. Bu, layihənin şəffaf, məsuliyyətli və keyfiyyətli şəkildə həyata keçirilməsinə
xidmət edən əsas mexanizmlərdən biridir.
Bununla
yanaşı, biz ictimaiyyətin məlumatlandırılmasını da prioritet məsələlərdən biri
hesab edirik. Hər bir qrant qalibi və onun layihəsi barədə ətraflı məlumat
müsabiqənin rəsmi səhifələrində təqdim olunur. Bu məlumatları açıq şəkildə
paylaşmaq yuxarıda da qeyd etdiyim kimi, həm şəffaflığı təmin edir, həm də digər
təhsil işçilərinə nümunəvi modellər təqdim edir. Maraqlıdır ki, uğurla icra
olunmuş layihələrin nüfuzu və təsiri gələcək müsabiqələrdə də özünü göstərir.
Biz çox zaman görürük ki, bir məktəbdə həyata keçirilmiş innovativ və effektiv
bir layihənin oxşarı sonrakı müsabiqələrdə digər məktəblər tərəfindən təqdim
olunur. Bu hal bizə onu deməyə əsas verir ki, uğurlu təcrübə öz ardıcıllarını
yaradır, müəllimlər bir-birindən öyrənməyə, uğurlu modeli öz icmasında tətbiq
etməyə çalışırlar. Təbii ki, bu yanaşma müsbət və təqdirəlayiqdir. Amma eyni
zamanda bu cür layihələrin sırf təkrarlanması deyil, yerli kontekstə
uyğunlaşdırılaraq yenidən düşünülməsi və zənginləşdirilməsi daha faydalı nəticələr
verə bilər. Çünki hər bir məktəbin və icmanın ehtiyacları fərqlidir və bu
ehtiyaclara uyğunlaşdırılmış layihələr daha təsirli olur. Bu baxımdan uğurlu
layihələrin nümunə kimi götürülməsi, onların ideya və strukturundan ilham
alınması çox gözəl haldır. Lakin layihənin sadəcə surətini çıxarmaq deyil, onun
əsas ideyasını təhlil edib, mövcud ehtiyaclara uyğun fərdi bir yanaşma ilə təqdim
etmək müəllimlər üçün daha böyük uğurların yolunu aça bilər.
- Qrant müsabiqəsi neçə ildir davam
edir? Ölkəmizdə bu istiqamətdə təcrübə olubmu?
- Təhsildə inkişaf və innovasiyalar
üzrə qrant müsabiqəsi artıq ölkəmizdə oturuşmuş, pedaqoji ictimaiyyət tərəfindən
tanınan və gözlənilən bir təşəbbüsə çevrilib. Bu müsabiqə ilk dəfə 2017-ci ildə
həyata keçirilib və o zamandan etibarən hər il mütəmadi olaraq ildə bir dəfə təşkil
olunur. Geridə qalan mərhələlər ərzində yüzlərlə müəllim və ümumi təhsil müəssisəsi
qrant mexanizmindən faydalanaraq təhsilin müxtəlif sahələrində innovativ təşəbbüslər
irəli sürüb, yeni ideyaları reallaşdırır, şagirdlərin və pedaqoqların
inkişafına mühüm töhfələr verib. Hər bir mərhələ özündə yeni təcrübələr,
maraqlı yanaşmalar və fərqli ehtiyaclara cavab verən layihələri birləşdirib.
İllər keçdikcə biz daha çox müəllimin, daha çox məktəbin bu prosesə qoşulduğunu
və təqdim edilən layihələrin, yanaşmaların keyfiyyətcə daha da yüksəldiyini
müşahidə edirik.
Mənbə:
 
 


 UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq  Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)
UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq  Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)