Qədim Sparta dövlətində sağlam olmayan körpələrin doğulduqdan az sonra uçurumdan atıldığı barədə məlumatlar geniş yayılmışdır. Bu əfsanəni dəstəkləmək üçün hər hansı bir dəlil olub olmadığını yoxladıq.
Sağlam
olmayan körpələrdən qurtulma hekayəsi təkcə müxtəlif janrlı bir neçə bədii əsərdə
deyil, həm də bir sıra dərsliklərdə qeyd olunur: məsələn, Popovanın redaktoru
olduğu dövlət və hüquq nəzəriyyəsi, Krivşenko və Yurkinin redaktorluğu ilə pedaqogika
haqqında kitablarda bu
məsələdən bəhs edilir.
“Spartalılar
qısa və aydın danışmağa üstünlük verirdilər. Belə danışıq lakonik danışıq
adlanır, yəni Lakonikadakı kimi. Məsələn, spartalı qadın oğlunu müharibəyə yola
salarkən deyirdi:“Qalxan altında, ya da qalxan üstünd”. Qalxanı itirmək
rüsvayçılıq sayılırdı. Döyüşdə mərdliklə həlak olmuş döyüşçünün cənazəsini
qalxanın üstündə gətirirdilər. Spartalı kişilərin hamısı döyüşçü idi. ...Qanun
onlara hərbi işdən başqa ayrı bir işlə məşğul olmağı qadağan edirdi.Oğlanların
yeddi yaşı tamam olduqda onları valideynlərindən alıb məktəbə verirdilər.
Burada onlar bədəni və iradəni möhkəmlədən sərt şəraitdə yaşayırdılar.
...Ağrıya dözməyi öyrətmək üçün oğlanları qamçı ilə döyürdülər”.
(Ümumi
təhsil müəssisələrinin 6-cı sinifləri üçün Ümumi tarix fənni üzrə dərslik.
Bakı-2021).
Lakin “Arzamas” və “Rus yeddiliyi” adlı məşhur elmi
portallar arxeoloji qazıntıların geniş yayılmış bu inancı təkzib etdiyini iddia edirlər. 2020-ci
ildə Rusiya prezidenti Vladimir Putin görüşlərinin birində bugünkü standartlara
görə qəribə olan sparta adətini xatırladıb: “Deyirlər ki, Qədim Spartada xəstə
və şikəst uşaqları Tayqet qayalığından atırlarmış. Düzdür, bu gün tarixçilər və
arxeoloqlar bunun sadəcə bir əfsanə, mif olduğuna inanırlar”. Hətta qədim müəlliflər
müasir insanı şoka salan bir təcrübə haqqında yazmışlar. Məsələn, Plutarx
“Paralel tərcümeyi-hallar” əsərində yarı əfsanəvi Sparta qanunvericisi Likurqa
(e.ə. VIII əsr) həsr etdiyi kitabda zəif körpələrin dözülməz taleyindən
danışırdı. Plutarxın dediyinə görə, yeni doğulmuş uşağı ağsaqqalların yanına
aparardılar, ağsaqqal onu müayinə edər və “əgər uşaq cılız və eybəcər idisə, həyatının
nə ona, nə də dövlətə heç bir faydası olmadığını nəzərə alaraq Apofet (Tayqet
uçurum belə adlanırdı) uçurumuna atardı. Eyni zamanda, Plutarxın yazdığı digər
məşhur qədim şəxsiyyətlərin tərcümeyi-hallarında da buna zidd olan ifadələr
var. Məsələn, Sparta kralı Aqesilae (e.ə. V-IV əsrlər) haqqında hekayədə müəllif
onun uşaqlıqdan şikəst olduğunu bildirir (baxmayaraq ki, “gənclikdəki gözəlliyi
onun fiziki qüsurunu nəzərə çarpmaz edirdi”). Qədim tarix üzrə britaniyalı mütəxəssis
Pol Kartlcın yazdığı kimi, kral anadangəlmə şikəst idi və spartalı
standartlarına görə çox qısa boylu idi, ona görə də onun səhhətindəki problemlər
açıq-aydın zədənin nəticəsi deyildi. Bununla belə, Aqesilae 80 ildən çox
yaşamış və bir neçə müharibə və kampaniyada Sparta ordusuna rəhbərlik etmişdir.
Qeyd edək ki, Plutarx eranın I-II əsrlərdə, yəni yazdığı əsərin bir çox qəhrəmanlarından
bir neçə əsr sonra yaşamışdır. Bəzi tarixçilərin qeyd etdiyi kimi, digər antik
müəlliflər Spartada belə bir adət haqqında məlumat vermirlər və Plutarxın özü
onun dəqiq tərcümeyi-halından daha çox qəhrəmanının obrazını yaratmaqda maraqlı
olmuşdur. 2007-ci ildə bir neçə nəşr (o cümlədən Rusiyanın “Lenta.ru” və “Novye
İzvestiya”, həmçinin Avstraliyanın ABC telekanalı) AFP-yə istinadən bildirir
ki, yunan alimləri “spartalı körpələrin öldürülməsi əfsanəsini təkzib ediblər”.
Bu nəşrlər Apotet dərəsində tapılan insan qalıqlarını təhlil edən və orada ölənlərin
18-35 yaş arasında olduğu qənaətinə gələn Afina Universitetinin əməkdaşı
Teodoros Pitsiosun təqdiqat işi haqqında məlumat verib. Ümumilikdə,
antropoloqlar VI-V əsrlərdə yaşamış və
ehtimal ki, hərbi əsir, cinayətkar və ya satqın olan 46 kişinin qalıqlarını
araşdırmışlar. Dünyadakı media orqanları tərəfindən istinad edilən AFP nəşrinin
yerini tapa bilməsək də, Pitsiosun araşdırması mövcuddur. Düzdür, bu araşdırma Kaedas
mağarasında aparılan qazıntılara həsr olunub. Pitsios əvvəlcə böyüklərin dərəyə
atıldığı fərziyyəsini sınaqdan keçirdi. Üstəlik, antropoloq uşaqların Kaedas dərəsinə
atılması ilə bağlı şayiələri birbaşa “ehtimal olunmayan, təsdiqlənməmiş
uydurma, buna baxmayaraq bizim dövrümüzdə də geniş yayılmışdır” adlandırır.
Yunanıstanın Mədəniyyət Nazirliyi də oxşar mövqedədir. Kaedas dərəsinin Apotet ilə
eyniləşdirilməsi həqiqətən də geniş yayılmışdır (məsələn, ədəbiyyatşünas alim
Mixail Qasparov buna inanırdı), lakin bu barədə mütləq əminlik yoxdur.
Beləliklə, spartalıların qeyri-sağlam körpələri
uçurumdan atmaq adəti haqqında etibarlılığı şübhə doğuran nisbətən gec antik müəllifin
yazılarından məlumat əldə edirik. Üstəlik, anadangəlmə əlilliyi olan
spartalıların nəinki erkən ölümdən qaçdıqlarını, həm də çox əhəmiyyətli uğurlar
qazandıqlarını sübut edən dəlillər də vardır. Bir neçə il əvvəl antropoloqların və
arxeoloqların Plutarxın qeyd etdiyi dərədə araşdırma apardıqları və uşaq ölümlərini
təkzib etdikləri barədə yayılan məlumatlar da tamamilə doğru deyil. Ona görə
ki, biz Apotet dərəsinin harada yerləşdiyini
dəqiq bilmirik və biz onu əminliklə Kaedas dərəsi ilə eyniləşdirə bilmərik.
Arxeoloq Debora Sind Qədim Yunanıstanda əlilliyə dair doktorluq
dissertasiyasında yazdığı kimi, “ Uşağın Tayqet dərəsinə atılması kimi praktikalara
dair etibarlı sübut tapmayana qədər, hətta ilkin açıqlamalar belə verə bilmərik”.
Mövzu
üzrə oxu:
1.Arzamas. 7 мифов об античности
2.Плутарх. Сравнительные жизнеописания
3.T.
Pitsios.
Ancient Sparta - Research
Program of Keadas Cavern
4.D. Sneed. The Life Cycle of Disability in Ancient
Greece
Mənbə:
https://provereno.media/blog/2021/07/21/pravda-li-chto-spartancy-sbrasyvali-slabyh-detej-v-propast/
Rus dilindən tərcümə:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına
11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).
Xülasə:
https://multiurok.ru/files/spartalilarin-saglam-olmayan-usaqlari-ucuruma-atdi.html


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)