Publik hüquqi şəxs nədir ?

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, publik hüquqi şəxs - dövlət və ya bələdiyyə tərəfindən yaradılan, ictimai əhəmiyyət daşıyan fəaliyyətləri həyata keçirmək üçün yaradılmış hüquqi şəxsdir. Bu qurumlar həm dövlət orqanlarından, həm də özəl hüquqi şəxslərdən fərqlənir.

Bu anlayış “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikasının qanunvericilik sisteminə əsasən, qanunlar Milli Məclis tərəfindən qəbul edilir və Prezident tərəfindən təsdiqlənərək qüvvəyə minir.​ “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclis tərəfindən qəbul edilmişdir. Qanun layihəsi 30 sentyabr 2015-ci il tarixində Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul olunmuşdur.​ Qanun layihəsinin sonrakı oxunuşları və müzakirələri nəticəsində, qanun 29 noyabr 2016-cı il tarixində Milli Məclis tərəfindən qəbul edilmişdir. Bu qanunun tətbiqinə dair fərman isə Prezident İlham Əliyev tərəfindən 3 fevral 2016-cı il tarixində imzalanmışdır.​

Əsas xüsusiyyətləri:

Qanunla və ya prezidentin fərmanı ilə yaradılır;

Maliyyə mənbələri dövlət büdcəsindən və ya öz gəlirlərindən olur;

İctimai xidmətlərin göstərilməsi məqsədi daşıyır;

Öz idarəetmə orqanları və nizamnaməsi olur;

Təhsil, səhiyyə, mədəniyyət və s. sahələrdə fəaliyyət göstərə bilər.

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda məktəblərin publik hüquqi şəxsə çevrilməsi haqqında danışıb, bunun vacib olduğunu vurğulayıb. Bir neçə gün öncə nazir verdiyi açıqlamada bildirib ki, hazırda məktəblər Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərir:

“Məktəblərin publik hüquqi şəxsə çevrilməsi uzunmüddətli prosesdir. Ona görə də hazırda gördüyümüz sadəcə transformasiya olaraq bu prosesi həyata keçirməkdir. Növbəti mərhələdə bunu pilot qaydada həyata keçirəcəyik. Amma adambaşına maliyyələşdirmə də vacibdir”.

Məlumat üçün bildirək ki, məktəblərin publik hüquqi şəxsə çevrilməsi onların dövlətin tərkib hissəsi olaraq fəaliyyət göstərən qurumdan çıxaraq, müstəqil hüquqi şəxs statusu alması deməkdir. Bu qərar məktəbin idarə olunması, maliyyələşməsi və fəaliyyət mexanizmlərində mühüm dəyişikliklərə gətirib çıxaracaq. Onlar publik hüquqi şəxs kimi dərnəklər, məşğələlər təşkil edə, innovativ fəaliyyətlə, sahibkarlıq işi ilə məşğul olmaq imkanları əldə edə biləcəklər.

Bu prosesin əsası isə ötən ilin iyun ayında Nazirlər Kabinetinin qərarı ilə “Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiqlənməsi ilə qoyulub.

Nümunəvi Nizamnaməyə əsasən, ümumi təhsil müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə ümumi təhsil proqramlarını, habelə məktəbəhazırlığı həyata keçirən publik hüquqi şəxs hesab olunacaq.

Bəs publik hüquqi şəxs statusu nədir və hansı qurumlar ala bilər?

SinxronFənlər valyuta.az saytına istinadən məlumat verir ki, publik hüquqi şəxs termini Azərbaycan qanunvericiliyində dövlət və ya ictimai maraqlar üçün yaradılmış, lakin hüquqi şəxs statusuna malik olan təşkilatları ifadə edir.

Sadə dillə desək, publik hüquqi şəxs - dövlətə və ya cəmiyyətə xidmət göstərmək məqsədilə yaradılan, amma müstəqil qərarlar verə bilən bir qurumdur. O, həm dövlətin bir hissəsidir, həm də hüquqi baxımdan müəyyən muxtariyyətə malikdir.

Azərbaycan Respublikası qanunvericiliyinə əsasən isə publik hüquqi şəxsin rəsmi tərifi aşağıdakı kimidir:

Publik hüquqi şəxs - xüsusi hüquqi forma olmaqla, dövlət və ya bələdiyyə tərəfindən yaradılan və ya onların nəzarəti altında olan, cəmiyyətə xidmət göstərən, hüquq və vəzifələri olan təşkilatdır.

Hansı dövlət qurumları publik hüquqi şəxs ola bilər?

Təhsil Tələbə Krediti Fondu

Əmlak Məsələləri Dövlət Xidməti

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)

Azərbaycan İnvestisiya Holdinqi

Bunlar dövlətə məxsusdur, amma kommersiya təşkilatları kimi fəaliyyət göstərmirlər. Onların əsas məqsədi gəlir qazanmaq yox, ictimai fayda yaratmaqdır.

Publik hüquqi şəxs dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirir. Məhz buna görə də mülki hüququn subyektlərindən biri olan hüquqi şəxsdən fərqli olaraq, onun kifayət qədər imtiyazları var.

Publik hüquqi şəxs heç vaxt müflis ola bilməz.

Publik hüquqi şəxsə qarşı məhkəmə iddiaları adi mülki qaydada yox, inzibati icraat çərçivəsində mümkündür.

Publik hüquqi şəxs həm pulsuz, həm də pullu xidmətlər göstərə, özünü maliyyələşdirə bilər, və yaxud zərurət olduqda dövlət büdcəsi hesabına maliyyələşə bilər.

Publik hüquqi şəxsin əməkdaşları dövlət qulluqçuları ola bilər. “Publik hüquqi şəxslər haqqında” qanunun 6.4-cü maddəsinə əsasən “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulmuş hallarda hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətləri göstərən (hüquqi hərəkətləri həyata keçirən) müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin əməkdaşları nizamnaməsində nəzərdə tutulmuş halda dövlət qulluqçularına bərabər tutulurlar.

Onun bağladığı müqavilələr mülki müqavilə yox, dövlət orqanlarının bağladıqları müqavilələr kimi inzibati müqavilə ola bilər. Onun üçün mülki hüququn hüquqi şəxsləri üçün mövcud olan məhdudiyyətlər yoxdur.

Publik hüquqi şəxsin bilavasitə təsisçisi dövlətdir.

Publik hüquqi şəxsin əmlakı Publik hüquqi şəxs haqqında Azərbaycan qanunvericiliyinə əsasən müəyyənləşdirilib:

Publik hüquqi şəxsin nizamnamə fondu təsisçi (təsisçilər) tərəfindən verilmiş əmlak hesabına formalaşdırılır.

Publik hüquqi şəxsin əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər.

Publik hüquqi şəxsin əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsi qaydası onun nizamnaməsi ilə müəyyən edilir.

Publik hüquqi şəxslərə verilmiş müvafiq olaraq dövlət və bələdiyyə əmlakı onlar tərəfindən yalnız nizamnamədə müəyyən edilmiş məqsədlərə uyğun olaraq istifadə edilir.

Publik hüquqi şəxsin yenidən təşkili və ləğvi məsələsinə gəldikdə belə demək olar. Publik hüquqi şəxsin ləğvi və yenidən təşkili ilə bağlı məsələlər, onun nizamnaməsi Mülki Məcəllə ilə tənzimlənir.

Mənbə: https://bit.ly/4jyPGeJ

P.S. Kursivlə yazılar internetə məxsusdir. 

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.