Makedoniyalı İsgəndərin ailə məzarından aşkar edilən skelet, onun atasına aid deyil

Padşah ailəsindəki üç qətl şəraiti daha da müəmmalı olub. Əvvəllər Makedoniyalı İskəndərin atasına aid olduğu düşünülən kişi skeletinin II Filipin öldürülməsindən ən azı 20 il əvvəl ölən Makedoniya padşah sülaləsinin naməlum üzvünə aid olduğu müəyyən edilib. Verginadakı Böyük Kurqanda tapılan qədim sümüklərin, ümumiyyətlə, əfsanəvi komandirin qohumlarından birinə aid olduğu güman edilir, lakin məzarda dəqiq kimin dəfn edildiyi hələ də qeyri-müəyyən olaraq qalır. 1977-ci ildə Yunanıstanın şimalında kəşf edilən Verginadakı Böyük Kurqanda Argead sülaləsinin üzvlərinə aid bir neçə məzar vardır. Bu sülalə Makedoniya padşahlığını qurmuş və daha sonra Qədim Yunanıstan üzərində nəzarəti ələ keçirmişdir. Onilliklərlə davam edən elmi müzakirələrdən sonra mütəxəssislər bu yaxınlarda belə qənaətə gəliblər ki, I məzar adlanan yerdə Makedoniyalı II Filippin (Makedoniyalı İskəndərin atası), onun həyat yoldaşı Kleopatra və onların yeni doğulmuş oğlunun qalıqları var. Hər üçünün eradan əvvəl 336-cı ildə öldürüldüyü bildirilir. Filippin əvvəlki arvadı Olympiadanın əmri ilə oğlu İskəndərin taxtına gedən yolu təmizləmək üçün öldürüldükləri guman edilir. Hər şey yaxşı olardı, amma I məzarın sümüklərinin yeni təhlili göstərir ki, kişi skeleti eradan əvvəl 388-356-cı illər arasında basdırılıb. Yəni sklet II Filippin qətlindən bir neçə onilliklər əvvələ aiddir. Alimlər bir sıra metodlardan – radiokarbon təyini, genetik və izotopik analizlərdən, eləcə də osteoloji tədqiqatlardan istifadə edərək müəyyən ediblər ki, naməlum kişi 25-35 yaşlarında, qadın isə 18-25 yaşlarında onun yanında dəfn edilib. Tədqiqatçılar deyirlər ki, onların tapıntıları “bu dəfnlə Makedoniyalı II Filipp və onun həyat yoldaşı Kleopatra arasında hər hansı əlaqəni istisna edir”. Üstəlik, məzardan tapılan uşaq sümüklərinin bir yox, ən azı altı fərqli körpəyə aid olduğu ortaya çıxıb. Onların hamısı əsas cütlükdən bir neçə əsr sonra dəfn edilmişdir. Uşaq qalıqları (e.ə. 150 - 130-ci illərə aiddir) göstərdi ki, bu uşaqların hamısı artıq Roma dövründə yaşayıblar. Bütün bunlardan müəlliflər belə nəticəyə gəliblər ki, “Roma dövründə vəfat etmiş yeni doğulmuş uşaqların kədərlənmiş valideynləri bu yerdən uşaqlarını dəfn etmək üçün hazır dərin qəbir kimi istifadə etmişlər”. Kədərli valideynlər, ehtimal ki, məzara eradan əvvəl III əsrdə Qall (Kelt) qəbir soyğunçularının buraxdıqları dəlikdən daxil olublar. Ancaq daha da əhəmiyyətlisi, tapıntı məzarda dəfn edilən uşaqların hər hansı birinin öldürülən padşah  cütlüyünün nəslindən olması ehtimalını istisna edir. Tədqiqatçılar öz tapıntılarına əsaslanaraq bildirirlər: “Skelet qalıqlarının II Filippə, onun həyat yoldaşı Kleopatraya və onların yeni doğulmuş övladına aid olması ilə bağlı əvvəlki fərziyyələr elmi cəhətdən əsassızdır”.

Ümumiyyətlə, məzarda kimin uyuduğu məlum deyil. Tədqiqatçılar yetkin kişi və qadının kimliyi ilə bağlı heç bir fərziyyə irəli sürmürlər. Bununla belə, kurqanın zənginliyini nəzərə alaraq, onlar “kişi skletini yüksək vəzifəli şəxsə (ehtimal ki, gəncliyində və ya orta yaşlarında vəfat etmiş və II Filippin öldürülməsindən bir neçə onilliklər əvvəl dəfn edilmiş padşaha) aid olmalıdır” fikrini irəli sürürlər.

Araşdırma “Journal of Archaeological Science” jurnalında dərc olunub.

Mənbə: https://bit.ly/4lOewca

Rus dilindən tərcümə:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

Ətraflı:

https://multiurok.ru/files/makedoniyali-isg-nd-rin-ail-m-zarindan-askar-edil.html

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.