(P.S. Afrikanın şimal-şərqindəki ərazidə vaxtı ilə
finikiyalılar bir neçə müstəmləkələr salmışdılar. Bunlardan biri Karfagen
(latınca Garthago) şəhəri idi. Finikiyalılar bu şəhərə Kar-Xadaşt, yəni “yeni şəhər”
adı vermişdilər. Karfagen əvvəl Tir şəhərinin müstəmləkəsi olmuş, e.ə. V əsrin
ortasında böyük bir dövlətin mərkəzinə çevrilmişdir. Bu dövlətin tərkibinə
Şimali Afrikanın bir hissəsi, Siciliyanın qərb hissəsi, Malta, Sardiniya,
Korsika, Pitius və Balear adaları daxil idi. Antik tarixçilərdən Siciliyalı
Timey Karfagen şəhərinin əsasının qoyulmasını e.ə. 814-813-cü ilə aid etmişdi. Y.Həsənov.
Qədim Roma tarixi. Bakı.1975, səh.67).
Böyük Karfagen şəhərinin əsasını məhz finikiyalılar
qoysa da, punların finikiyalılarla demək olar ki, heç bir genetik əlaqəsi yoxdur.
Roma yeddi təpədə yaranmamışdan çox əvvəl, Sezar Rubikonu keçməzdən əvvəl, qədim
Aralıq dənizinin başqa bir böyük dəniz və ticarət gücü olan Karfagen şəhəri
mövcud olmuşdur. Müasir Tunisin günəşli sahillərində yerləşən qüdrətli Karfagen
imperiyası təvazökar Finikiya forpostu kimi fəaliyyətə başlamışdır. Finikiyalılar
qədim Aralıq dənizinin misilsiz dənizçiləri, Levantdan olan semit xalqı idi və
onların əsas şəhərləri olan Tir, Sidon və Bibl ticarət və gəmiçilik yolu ilə
çiçəklənirdi. Təxminən eradan əvvəl IX əsrdə, bəlkə də Romanın əfsanəvi
qurulmasından bir neçə onilliklər əvvəl, Tir şəhərindən bir qrup köçkün qərbə
doğru gəlir. Rəvayətə görə, Karfagen yunanlar və romalılar tərəfindən daha çox
Didon kimi tanınan kraliça Elissa tərəfindən qurulmuşdur. Tirdəki siyasi çəkişmələrdən
qaçan Didon öz xalqını dənizdən keçərək Şimali Afrika sahillərinə aparlr. Orada
yerli barbar hökmdarı ona öküz dərisinin örtüyə biləcəyi qədər torpaq sahibi
ola biləcəyini söyləyir. Ağıllı və bacarıqlı Didon öküz dərisini nazik
zolaqlara kəsdirir və onlar bütöv bir təpəni əhatə edir. Bu təpə Karfagenin əsasını
təşkil edən Birsu təpəsi idi. Məhz bu təpədən şəhər çiçəklənməyə başlayır. Afrika,
İberiya və Şərqi Aralıq dənizinin sərvətlərini birləşdirən ticarət mərkəzinə
çevrilir. Karfagenlilər Finikiya yazısını miras götürmüş, eyni tanrılara (Baal,
Tanit və Melqart) sitayiş etmişlər və əsrlər boyu öz ana dillərini qorumuşlar.
Bu, Karfagenlilərin Finikiyalı qurucuları ilə yaxın qohum olduqlarını göstərir
ki, bu da “Natura” jurnalında dərc olunan yeni araşdırmanı daha da təəccüblü
edir.
Finikiya sirləri
Alimlər İsraildən İspaniyaya qədər Aralıq dənizi
boyunca 14 ərazidən 210 qədim insanın genomlarını təhlil edərkən, “Levant finikiyalıların
Aralıq dənizinin mərkəzi və qərbindəki Pun yaşayış məntəqələrinə çox az genetik
töhfə verdiyini” görəndə təəccübləndilər. Əvəzində, eradan əvvəl VI və II əsrlər
arasında Pun şəhərlərində dəfn edilən insanlar əsasən yerli DNT-ni daşıyırdılar.
Onların mənşəyi Tir və ya Sidon deyil, Siciliya, Egey bölgəsi və Şimali
Afrikaya işarə edirdi. Hətta finikiyalılar tərəfindən qurulan şəhərlərin bəlkə
də simvolu olan Karfagen də Levant mənşəli deyil, əsasən Siciliya-Egey xalqları
mənşəli olmuşlar. Dəfn edilənlərdən yalnız üç nəfərin - ikisi Siciliyada və
birinin Sardiniyada - dominant Levant mənşəli olduğu aşkar edildi. Lakin
bunlar, tədqiqatçıların qeyd etdiyi kimi, oraya daha sonrakı Roma dövründə gələ
bilərdi. “Nəticələrimiz o deməkdir ki, qeyri-levantlılar Levantin “Finikiya” mədəniyyətini
(dili və dini də daxil olmaqla) mənimsəmiş olmalıdırlar. Bu, həm də Finikiya mədəniyyətinin
kənar insanların inteqrasiyasına açıq olduğunu vurğulayır. Bir fərziyyə odur
ki, ilk Finikiya koloniyalarının qurulmasından bəri əsrlər ərzində, insanların
dinamik assimilyasiyası prosesi tamamilə dəyişmişdir”. Bunu Maks Plank adına Təkamül Antropologiya İnstitutundan Harald Rinqbauer
deyir.
Artıq qeyd edildiyi kimi, finikiyalılar əfsanəvi dənizçilər
idi. Onlar Livandan tutmuş İspaniyaya qədər öz əlifbasını və ikonoqrafiyasını
yayaraq Aralıq dənizi boyu ticarət məntəqələri yaratmışlar. Lakin bu genetik
araşdırma göstərir ki, onların Qərbdəki təsiri insanlardan daha çox ideyalar üzərində
olub.
Mədəniyyət və genlər arasında niyə belə uçurum mövcuddur?
Karfagenlilərin qədim dəfn ənənələri onların genetik
tarixini izah etmək üçün uzun bir yol qət edir. Romalılar kimi, erkən finikiyalılar
da kremasiya ilə məşğul olurdular - ölüləri yandırırdılar. Bu dəfn üsulu DNT-ni
tamamilə məhv edərək, onların genetik köklərini izləməyi çətinləşdirir. Vəziyyət
eradan əvvəl 600-cü ildən sonra kremasiya daha az populyarlaşdıqdan sonra dəyişdi.
Yeni populyasiyalar ölülərini DNT-lərini qoruyacaq şəkildə basdırmağa
başladılar. Maraqlıdır ki, bu qruplar Levantdan (Yaxın Şərq) deyil, başqa bölgələrdən
gəlmişdilər. Eradan əvvəl 400-cü ilə qədər əhalinin genetik tərkibində
yeni dəyişikliklər baş verdi. Şimali Afrika əsilli insanların sayı xeyli artdı.
Alimlər bu xətti Əlcəzairin daxili hissəsindən Dəmir dövrünə aid qalıqlardan
istifadə edərək izləmişlər. Bu genetik nəsil Sardiniya və İberiyada (müasir
İspaniya və Portuqaliya) Pun yaşayış məntəqələrində yayılmağa başladı. Lakin hətta
Şimali Afrikanın özündə də bu qrup azlıqda qaldı. Əhalinin böyük əksəriyyətinin
hələ də iki əsas bölgədə kökləri var: Siciliya və Egey bölgəsi (Egey dənizi ətrafındakı
ərazi). Pun yaşayış məntəqələrində genetik müxtəlifliyin təəccüblü dərəcədə
yüksək olduğu aşkar edilmişdir. Tədqiqatda deyilir: “İddia edilən hər bir Pun qəsəbəsində
kişilərin əksəriyyətində fərqli Y-haploqrupları var”. Heç bir xətt üstünlük təşkil
etmir. Bunun əvəzinə icmalar Avropa, Şimali Afrika və Yaxın Şərqdə yayılmış
haploqrupları qarışmışdır. Tədqiqatçılar hətta yüzlərlə kilometr, bəzən də
Aralıq dənizi ilə ayrılmış insanlar arasında uzun müddət paylaşılan genetik
seqmentləri müəyyən etmişlər. Bir halda, beşinci və yeddinci dərəcəli iki qohum
Kerkuane (Şimali Afrika) və Bircidə (Siciliya) dəfn edilmişdir, bu da dənizdən
tez-tez səyahət və ailə əlaqələrini göstərir.
Bir neçə yaxın qohumun dəfn olunduğu qəbirlərdə
daha da darısqallara rast gəlinib. İspaniyanın Villarikos şəhərində beş nəfərin
qalıqları endoqamiya əlamətlərini - əmiuşağı və ya digər yaxın qohumlar
arasında nikahları göstərdi. Onların genləri Pun mənşəli səciyyəvi idi, lakin
bir-biri ilə sıx bağlı idi, bu da bir-birinə yaxın, qohumluq qrupunu göstərirdi.
Bununla belə, tədqiqatçılar tələsik nəticə çıxarmaqdan çəkinirlər. Bəzi icmalar
qohumluqla məşğul olsalar da, digərləri, məsələn, Kerkuane və Tarrosdakılar,
müxtəlif mənşəli insanlar arasında nikah əlamətləri göstərir.
“Kolonistlərsiz
mədəniyyət”. Bəs bu bizə qədim dünyada müstəmləkəçilik haqqında nə deyir?
Rinqbauer deyir: “Bizim işimiz mədəni ötürülmənin
faktiki demoqrafik hərəkətdən böyük ölçüdə necə ayrıla biləcəyinə dair mühüm
nümunə təqdim edir”. Finikiya-Pun dünyası vəziyyətində, mədəni genişlənmə
orijinal Levant əhalisindən genlərin əhəmiyyətli bir axını olmadan baş
vermişdir. Yunan müstəmləkəçiliyi ilə ziddiyyət aşkardır. “Eyni zamanda baş verən
Yunan müstəmləkəçiliyinin fərqli fəaliyyət göstərdiyinə dair ortaya çıxan
sübutlar var: Yunan müstəmləkə məskənlərində əsasən yunan mənşəli insanlar məskunlaşıbdır”
– deyə Rinqbauer izah edir. Pun modeli xalqların köçü ilə bağlı deyildi. Söhbət
ideyaları çatdırmaq və başqalarının onları inkişaf etdirməsinə imkan verməkdən
ibarət idi. Ən azından qədim DNT məlumatları bizə indiyə qədər bunu deyir.
Punlar monomədəni deyildilər və sadəcə sürgündə olan finikiyalılar idilər.
Onlar ticarət, müharibə, müstəmləkəçilik və yerli qarşılıqlı təsirlərlə
formalaşıblar. Onların ümumi identikliyi qan qohumluğundan deyil, yerli
xüsusiyyətlərin əlavə olunmaqla ortaq mədəni kodun - dil, din, memarlıq kodunun
qəbul edilməsindən yaranıb. “Biz Pun dünyasının gözlənilmədən “bir-birinə
bağlı” olduğunu aşkar etdik”. Geniş coğrafi ərazidə yerləşən Pun yaşayış məntəqələrinin
oxşar mənşəli profilləri vardır və bir neçə halda biz hətta müxtəlif yaşayış məntəqələrində
qohumlar tapdıq. Bu, belə insanların nə qədər mobil olduqlarını və Finikiya-Pun
sivilizasiyasında insanların müntəzəm olaraq uzaq məsafələrə köçdüklərini göstərir”-deyə
Rinqbauer vurğulayıb.
Mənbə:
Rus dilindən tərcümə:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).
İstinad:


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)