XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı genişlənməyə başlamış, milli mətbuatın yaranması zərurəti meydana çıxmışdı. Məhz buna görə də 150 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir. “Əkinçi”dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpərvər ziyalılarını, maarifçilərini eyni məslək ətrafında birləşdirərək, milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi, ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynamışlar.
Keçən yüzilliyin sonlarında xalqın tələbi ilə yenidən
hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata
keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin
və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdı. Heydər
Əliyev medianın inkişafını prioritet vəzifələrdən biri hesab etmiş, onun fəaliyyətini
tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafını əngəlləyən
süni maneələrin aradan qaldırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində ardıcıl qərarlar qəbul etmiş, dövlət - media münasibətlərində mütərəqqi
ənənələrin əsasını qoymuşdur.
Ötən
dövr ərzində müstəqil siyasi kursun qətiyyətlə və ardıcıl həyata keçirilməsi nəticəsində
ölkəmizin dinamik inkişafı təmin edilmiş, qarşıda duran strateji vəzifələr
uğurla gerçəkləşdirilmişdir. Azərbaycan Vətən müharibəsində şanlı Zəfər
qazanaraq və unikal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə
yazaraq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Müharibə
dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin
dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının
ifşası üçün xüsusi səy göstərmiş, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti,
qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır.
Vətən
müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən “Media
haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün
çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını
hədəfləmişdir. Vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər
vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən
yararlanmaq hüququnun verilməsi və digər tədbirlər informasiya resurslarının
iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin
yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin etmişdir.
Bu
gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin
fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında
təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. Lakin
dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi,
habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan
mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların
tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma,
süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə
mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və
s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya
məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir
tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca
tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda
baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması
sahəsində daha fəal olmalıdır.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin,
maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq
nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq qərara
alıram:
1.
Azərbaycan milli mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun.
2.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası
Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin
keçirilməsini təmin etsin.
3.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yubiley tədbirlərinin maliyyələşdirilməsi
ilə bağlı məsələləri həll etsin.
İlham Əliyev, Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 25 aprel 2025-ci il
Mənbə: https://president.az/az/articles/view/68659
Şəkil: https://www.facebook.com/photo?fbid=973215071649871&set=a.230510332587019


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)