Övladımız
dünyaya gəlir…Bu, həyatımızın ən əlamətdar günü, dönüş nöqtəsidir. Bu günü
ömrümüzə yeni bir Günəşin doğulduğu gün də hesab edə bilərik. O gəlir və hər
şeyi dəyişir, sanki möcüzədir. Kiçik bir varlığın böyük və sarsılmaz gücü ilk
gündən hiss olunmağa başlayır. O, bizi tamamilə öz ağuşuna alır. Evimizin, həyatımızın
nizamı artıq tamamilə fərqli məna kəsb etməyə başlayır. Körpə gülür biz də
gülürük, ağlayır kədərlənirik, həyacanlanırıq, ağlımıza min cür fikirlər gəlir,
qulağımızı sinəsinə yaxınlaşdırıb ürəyinin döyüntülərini dinləyirik, nəfəsini
yoxlayırıq, hərarətini ölçürük, əmgəyinə toxunuruq, bəzən bu toxunuşun özü də
bizi qorxudur…İməkləyir, ilk addımlarını atır, ata, ana deyir, ətrafı
yavaş-yavaş dərk etməyə, rəngi, dadı, ətri duymağa başlayır - sanki dünyanı bizə
bağışlayırlar. Övladımızı köksümüzə sıxdıqca onu həyata daha çox bağlayır, ona
təbiətin, əsararəngiz istiliyini
ötürürük. Bu təması o, ömrü boyu unutmayacaq. Biz ona qollarımızla, o isə bizə
bütün ruhu ilə sarılır. Valideyndən aldığı mənəvi güc uşağa qarşısıalınmaz
enerji bəxş edir. Bu, mənəvi gücün, ruhun verdiyi enerjidir. O, bu mənəvi güclə
bizim düşüncələrimizə hakim kəsilir. O bizi evə, ailəyə, işə, həyata bağlayır.
Tamamilə fərqli bir insana çevrilirik, həyatdan ikiəlli yapışırıq, çünki məsuliyyətimiz
artıb. Uşaq tərbiyəsi ən incə sənətdir. Bu sənət insandan böyük ruh istəyir.
Körpəmiz bizə onun üçün yaşamağı, sevgini, qayğını, məsuliyyəti, mərhəməti öyrədir…
Həyatımız
biliklərimizdən çox, təcrübəmiz üzərində qurulur.
Amma öyrənməli
hələ çox mətləblərimiz var. Çox
sahədə bilikli ola bilərik. Həyat insana çox şey öyrədir. Ən əsası da təcrübə
qazandırır. Həyatımız biliklərimizdən çox, təcrübəmiz üzərində qurulur.
Övladımız dünyaya gələndən sonra bizim üçün ən vacib təcrübə övlad tərbiyəsi təcrübəsidir.
Nə qədər ki, uşaq yoxdur, bu təcrübədən danışa bilmərik. Onu bizə zaman-zaman
uşaq özü öyrədir. Ürək döyüntülərini dinlədikcə övladımızın arzu və istəkləri
qarşımızda bir təcrübə kitabı kimi vərəqlənir. Onun bizə zillənən bulaq suyu
kimi dupduru gözləri Günəşin işıqlandırdığı səhər çağını xatırladır. Bu, bizi
yeni həyata səsləyir… Övladımızın dil açmasını gözlədiyimiz kimi, o da bizim
danışmağımızı gözləyir, ona ürəyimzilə, ruhumuzla cavab veririk. Uşaq böyüyür…
Bunula daha yeni qayğılarımızın, məsuliyyətimizin əsası qoyulur. Onun boy
artımı ilə həyatımız yeni-yeni mərhələlər yaşayır.
“Tərbiyəçi tərbiyə edəcəyi, öyrədəcəyi uşaqları hamıdan yaxşı tanımalıdır”
Sonra, ürəyimizdən gəlməsə də onu dayəyə, tərbiyəçiyə
etibar
edirik. Övladımız ona tamamilə yad olan bir
nəfəs hiss edir. Öncə ona alışmaq körpə üçün çox çətin olur. Uşaq ona doğma
olan istiliyi, mühiti axtarır, anasının həlim səsi, nəvazişi, şəfqəti üçün
darıxır. Ətrafdakı yad səslərə qulaq kəsilir, onların arasından özünə doğma
olanı eşitmək istəyir, baxışları müşahidə edir. O, gördüklərini, eşitdiklərini
çox yaxşı anlayır, nəyin yaxşı, nəyin pis olduğunu başa düşür. Bu zaman onun şəfqətli,
ürəyini isidəcək mərhəmətli bir təbəssümə ehtiyacı var və o, axtardığını tapır.
Bu, körpənin doğma ailəsindən kənarda, tərbiyəçinin təbəssümü ilə naxışlanan
ilk xoşbəxtlik anıdır. Tərbiyəçi elə bir böyük ürəyə və sevgiyə sahib olmalıdır
o, mənəvi dünyasının təməlləri qoyulan yad uşağa öz doğması kimi yanaşa bilsin.
Böyük pedaqoq Janusz Korczak fədakar tərbiyəçini xarakterizə edərkən yazırdı:
“Tərbiyəçi özü olmalı, öz yolunu axtarmalı, uşaqları tanımazdan əvvəl özünü
tanımalıdır. Uşaqların məsuliyyət və hüquqlarının çevrəsini müəyyən etməzdən
öncə, özü özünə hesabat verməlidir: sən nəyə qadirsən? O, tərbiyə edəcəyi, öyrədəcəyi
uşaqları hamıdan yaxşı tanımalıdır”. Korczak öz tərbiyə müəssislərində idrak tərbiyəçiləri
formalaşdırırdı və hesab edirdi ki, yalnız idrak tərbiyəçiləri “idrak tərbiyəsi”
formalaşdıra bilər.
Uşaqların qəlbini necə fəth etmək
mümkün olduğunu düşünsəniz…
Tərbiyəçi incə təbəssümü ilə körpənin
qarşısında ona hələ bəlli olmayan bir dünyanın qapılarını açır. Əgər uşaqların
qəlbini necə fəth etmək mümkün olduğunu düşünsəniz, o zaman bunu heç də
oyuncaqlarda, müxtəlif rəngbərəng, parlaq əşyalarda, dondurmalarda,
şirniyyatlarda axtarmayın. Parıltı tez bir zamanda sönəcək, uşaq yediyi təamın
dadını unudacaq, amma ruhuna toxunan bir hissi o, heç zaman yaddan
çıxartmayacaq. Odur ki, özündə həqiqi sevgini və hörməti ehtiva edən təbəssümünüzə
güvənin. Uşaq, sizin ona bütün qəlbinizlə bağlı olduğunuzu sizin üzünüzdəki
ifadələrdən anlayır. Bu, səmimi ünsiyyətə aparan ən təsirli yoldur. Bu doğma
münasibət uşağı ailədən kənar ilk mühitə - bağçaya bağlayır. Uşaq burada əylənəcək,
sevinəcək, güləcək, bəzən kədərlənəcək, dünya haqqında ilkin fikirləri
yaranacaq, həyatının ilk dostları, ilk müəllimləri ilə tanış olacaq, onlar
haqqında təsəvvürləri oyanacaq və bütün
bunlar onun ömür binasına hər gün bir kərpic qoyacaq. Burada onun ruhunun, qəlbinin
tərbiyəsi üçün başlanğıc addımlar atılacaq. Məşhur həkim Benjamin Spok yazırdı:
“Uşağın fiziki inkişafı üçün ana südü nə qədər lazımdırsa, onun emosional
inkişafı üçün də diqqət və nəvaziş o qədər gərəklidir”.
Övladımız bizim ruhumuzu yeniləyir
Biz hamımız övladımızın xoşbəxtliyi
üçün çalışırıq. Evdə, bağçada, məktəbdə…Onu xoşbəxt etməyin yollarını hər yerdə,
hər vasitə ilə axtarırıq. İnanırıq ki, bəxş etdiyimiz xoşbəxtlik uşağın gələcək
həyat yolunun müəyyənləşməsində, bu yolun onu uğura aparmasında açar rolunu
oynayacaq. Övladımız bizə bəxş edilən bir lütfdür. O, bizim ruhumuzu yeniləyir.
Onunla biz özümüz də sanki yenidən doğuluruq.
Bəs uşağın əsl xoşbəxtliyinin sirri
nədədir? Onu düzgün müəyyənləşdirə bilirikmi? Uşağa ən optimal təsir yolu nədir?
Ümumiyyətlə, uşağa onu xoşbəxt edəcək şeyləri veririkmi? Ona ürəyi istədiyi
inkişafetdirici oyunu oynamaq üçün şərait yaradırıqmı? Uşaqların
texnologiyaların öyrədici tərəflərindən istifadəsini necə nizamlayırıq və bu, əslində
necə olmalıdır? İohan Henrix Pestalotsi
yazırdı ki, uşağa bacara bildiyi işi görməsinə imkan verilməlidir. Uşaqları erkən
yaşlarından işə, zəhmətə alışdırmadan onu ləyaqətli insan kimi tərbiyə etmək
qeyri-mümkündür. Uşaq zəhmətə doğru sevinclə, öz istəyi ilə getməlidir. Bağda,
həyətdə işləmək, bitkilər toplamaq və s. ictimai həyata hazırlıqdır.
Uşağa zaman ayırırıqmı? Əgər zaman
ayırırıqsa, bunu onun, yoxsa özümüz istədiyimiz vaxt edirik? Onun uşaqlıq dünyasında hər şey varmı? Onun həyatını
dolğunlaşdıra bilirikmi? Biz ona sevgi verməklə, onda sevgi hissi oyada
bilirikmi? Bizim uşağa yanaşmamız ona özü olmağa, öz “məni”ni özünün
yaratmasına mane olmur ki? Uşağın istəkləri əleyhinə onun haqqında qərar qəbul
etmirik ki?
Övladımıza şükür etməyi öyrədirikmi? Ona səhv
etməyə və səhvlərini düzəltməyə, özünü təhlükəsizlikdə hiss etməyə imkan
veririkmi? Onun şıltaqlıqlarına qarşı dözümlüyükmü? Ona özünü azad şəkildə ifadə
etməyə, pozitiv düşünməyə yol açırıqmı?
Ona ünsiyyət mədəniyyəti, həya hissi
aşılayırıqmı?
Uşağa təbiəti hiss etməyə, onunla
mütəmadi təmasda olmağa, onun rəngini, ruhunu duymağa, nağıllar oxumağa və dinləməyə,
bir sözlə, onun təfəkkürünün formalaşmasına şərait yaradırıqmı? Bunun
metodikasını düzgün qururuqmu?
Onu heyrətləndirməyi, onun
yaradıcılıq potensialını düzgün qiymətləndirməyi, davranışlarını yaşına uyğun
nizamlamağı bacarırıqmı, ona səmimi olmağı öyrədirikmi? Ona təzyiq göstərmirik
ki? Ona ruh veririkmi, yoxsa ətrafında hər şey mexaniki olaraq baş verir və onu
sadəcə bir robot kimi böyüdürük? Təlim prosesində interaktivliyi yaradırıqmı?
İnklüzivliyi təmin edə bilikmi?
Uşağın tərbiyəsində bizə daha çox kömək edən nədir:
elm və nəzəriyyə, yoxsa təcrübə? Uşağın təbiətini dərk etmək, onu tanımaq üçün bunlardan hansı daha optimal yol hesab
edilə bilər? Yoxsa hər ikisinə istinad etməliyik? Ümumiyyətlə, biz uşağı
tanıyırıqmı, onu tanımaq üçün nə edirik, onu şəxsiyyət kimi görürükmü?
Bağça ilə ailənin əlaqələrini necə
nizamlayırıq? Təcrübə göstərir ki, uşağı bağçaya qoyub öz işinin arxasınca gedən
və uşağın bağçadakı fəaliyyəti, onun gün rejimi, ümumiyyətlə bağçanın övladına
təsiri ilə maraqlanmayan valideynlər uşağın tərbiyəsində problemlərlə
qarşılaşırlar. Uşağın bağça tərbiyəsi yalnız bağçanın deyil, həm də valideynin
məsuliyyətidir. Valideynlərin pedaqoji bilikləri də bu cəhətdən vacibdir.
İstər məktəbəqədər təhsil, istərsə də
orta ümumtəhsil pilləsində uşaqların təlim və tərbiyəsində uğur əldə etməyin təməl
prinsipi ailənin mikroiqliminə bağlıdır. Təlim-tərbiyə müəssisələrinin ailələrlə
apardıqları pedaqoji-psixoloji iş bu mikroiqlimi müsbət mənada dəyişə bilər. Bu
da öz növbəsində bağça və məktəblərdə tərbiyə işinin təşkilində çətinlikləri
aradan qaldırar.
Vacib suallardan biri də budur:
Uşağa fərdi yanaşa bilirikmi? Təhsil sistemləri, proqramlar buna imkan verirmi?
Hər bir uşaq fərdi xüsusiyyətlərə malik olduğu üçün onun tərbiyəsi işinə də fərdi
yanaşmaq vacibdir. XVII əsrdə yaşamış Britaniyalı mütəfəkkir, tərbiyə haqqında
bir sıra əsərlər və mütərəqqi fikirlərin müəllifi Con Lokk hesab edirdi ki, tərbiyənin
yaxşı nəticələr verməsi üçün tərbiyəçi uşağa onun fərdi xüsusiyyətlərini nəzərə
alaraq yanaşmalıdır. Valideynlərlə aparılan pedaqoji işin sistemində də bu amil
mütləq olaraq nəzərə alınmalıdır.
Uşaq mərkəzli tərbiyə qura
bilirikmi? Yoxsa buna ancaq sözdə əməl edirik? Uşaqları həddindən artıq zehni
yüklənməyə məruz qoymuruqmu? Onlara məsuliyyət hissi aşılaya bilirikmi? Uşağın
qarşısında qoyduğumuz tələblər sərt deyilmi? Uşağın sağlamlığı qayğısına necə
qalırıq? Uşağı təbii inkişafdan kənar tutmuruqmu? Onlarda xeyirxahlıq, mərhəmət
hissi formalaşdıra bilirikmi? Müasir dövrdə gənclərdə müşahidə olunan
aqressiyanın, müxtəlif xəstəliklərin səbəbləri nədir? Bunun təməllərinin
uşaqlıq dövründə qoyulduğunu bir valideyn və tərbiyəçi olaraq bilirikmi? Əgər
biliriksə, bunun qarşısını necə alırıq?
Əgər uşaqlar dəyişibsə, demək böyüklər
də dəyişməlidir...
Bu sualların cavabını uzun illərdir
ki, yalnız tədqiqatçı kimi deyil, həm də bir valideyin kimi axtarıram. Bunlar
bizə övladlarımızın tərbiyəsi üçün olduqca vacib olan suallardır. Bu sualların
hər birini tərbiyə işi ilə məşğul olan hər bir kəs özünə verməlidir. Onların
bir qisminə “Yaradıcılıq axtarışları”, “Müasir dərs, yeni yanaşmalar”, digər
qisminə “Övladınızın dünyasına bələdsinizmi?”, “Şagirdi məktəbdə necə xoşbəxt
etməli?”, “Dünyanın təhsil mənzərəsi”, “Sinqapur təhsilinin fəlsəfəsi”
kitablarında, eləcə də böyük pedaqoq, həkim və yazıçı Janusz Korczakın yaradıcı
irsini tədqiq edərkən cavab tapmağa çalışmışam. Şübhəsiz ki, hər bir tədqiqat
qoyulan sualların cavablandırılması baxımından əhəmiyyətli rol oynayıb.
Dünyanın müxtəlif ölkələrinin məktəbəqədər təhsil müəssisələrində və orta məktəblərində
apardığım araşdırmalar, tədqiqata cəlb etdiyim pedaqoji konsepsiyalar, təhsil tədqiqatçılarının
fikirləri belə bir qənaətə gəlməyimə əsas verib ki, dünyanın ən inkişaf etmiş təhsil
sistemləri belə ciddi islahata ehtiyac duyur. İslahatların səmərəli nəticələnməsi
ilk növbədə onların elmi tədqiqatların nəticələrinə əsaslanmasıdır. İslahat
formal xarakter daşımalı deyil, illərin təcrübəsinə dayanarsa, faydalı ola bilər.
Hələ 2000-ci illərin əvvəllərində görkəmli psixoloq, professor Əbdül Əlizadənin
“Müasir Azərbaycan məktəbinin psixoloji problemləri” adlı əsərində oxuduğum bu
fikir daim məni düşündürür: “Vaxtilə uşaqlara nə barədə danışırdın danış,
onların hansısa sualına necə - ətraflı və ya ötəri, təfərrüatı ilə və ya
başdan-sovdu cavab verirdin ver, fərqi yoxdu, ağızlarını açıb matdım-matdım sənə
baxırdılar, nə deyirdin razılaşırdılar, qane olub sakitləşdirdilər...İndi isə
uşaqlar gözlərimizin qarşısında necə də dəyişiblər, çox şey bilirlər, necə deyərlər
yaşlılar kimi fikirləşirlər”. [Ə.Əlizadə, 1998]. Alimin yazdığı bu fikir belə
bir qənaəti hasil edir ki, əgər uşaqlar dəyişibsə, demək böyüklər də dəyişməlidir,
tərbiyə metodları fərqli olmalıdır. Ailə cəmiyyətin təsiri fonunda uşaqların dəyişilməsinə
hazırlıqlı olmalıdır. Tərbiyəçilər də o cümlədən... Düşünürəm ki,
texnologiyaların inkişaf etdiyi müasir dövr yeni pedaqoji yanaşmaların
formalaşmasını zərurət kimi qarşımıza çıxarır. Bu gün klassik pedaqoji fikri təhlil
etdikcə, yeni pedaqoji yanaşmaların məhz klassikaya, onun mütərəqqi tərəflərinə
istinad etməli olduğu qənaətinə gəlirsən.
Bu araşdırmada irəli sürdüyümüz
problemin, sualların həm nəzəri, həm də təcrübi baxımdan öyrənilməsi imkanımız
yaranıb. Bu imkanı “Bağçam” uşaq bağçaları şəbəkəsinə daxil olan məktəbəqədər tərbiyə
müəssisələrinin fəaliyyətini öyrənməklə dəyərləndirəcəyik. “Bağçam”da tətbiq
olunan yeni yanaşmalar bizi onun fəaliyyətini öyrənib təhlil etməyə
ruhlandırdı...
“Xoşbəxt uşaq hər zaman uğur əldə
edir”
Bəs xoşbəxtliyi ona necə verməliyik?
Uşaqların xoşbəxtliyi məsələsi üzərində
daim düşünmüşəm. İstər müəllimlərin pedaqoji təcrübəsini araşdırarkən, istərsə
də məktəbləri və bağçaları tədqiq edərkən uşaqların onlara ünvanlanan suallara
verdikləri cavablardan öncə, onların baxışlarını, gözlərindəki mənanı müşahidə
etməyə çalışmışam. Uşaqları tanımaq üçün onların daxili aləmini görməyi
bacarmalıyıq. Onlar nə hiss edirlər, nə düşünürlər, nə arzulayırlar? Pedaqoji
prosesdə bu, mühüm məsələdir. Əgər biz onu görmürüksə, demək uşağı tərbiyə etmək
üçün pedaqoji-psixoloji hazırlığa malik deyilik. Uşaq xoşbəxtdirmi? Ailə, məktəb,
yaxud bağça mühiti, pedaqoji kollektiv onu xoşbəxt edə bilirmi? Əgər buna nail olsaq, o zaman uğurlu insanlar
formalaşdıra biləcəyik.
“Bağçam”ın ideyası mənim uzun illər
apardığım araşdırmalar və üzərində düşündüyüm suallarla ahəngdarlıq təşkil
edir: “Xoşbəxt uşaq hər zaman uğur əldə edir”. Şübhəsiz ki, bu ideya uşaqların
tərbiyəsində pedaqoji – psixoloji – sosioloji yanaşmaların vacibliyini ehtiva
etməklə, tərbiyəçilərin və valideynlərin qarşısında ciddi məsuliyyət hissi
yaradır. “Bağçam”, eyni zamanda valideynləri “Övladınız hər şeyin ən yaxşısına
layiqdir” çağırışı ətrafında birləşdirir. Bu çağırış uşağa qarşı ehtirama,
xeyirxahlığa, onu olduğu kimi qəbul etməyə və sevməyə çağırışdır.
Sevgi tərbiyənin “Brilyant qaşıdır”
Dünyaya övladı gələn hər bir
valideynin atalıq, analıq hissi onun övladı ilə birgə doğulur və hər bir
valideynin övladına sevgi vermək imkanı mövcuddur. Övladımıza verə biləcəyimiz
yaxşı hər şeyin təməlində də məhz sevgi dayanır. Sevgi tərbiyənin “Brilyant
qaşıdır”. Bizim ona verəcəyimiz maddi heç nə olmasa belə, bəxş edəcəyimiz sevgi
dünyalara dəyər. Uşağın gələcəkdə meydana çıxa biləcək potensialı da bu sevgi
ilə bağlıdır. Sevgi uşağı xoşbəxt edir, uğura isə onu xoşbəxtliyi aparır, deməli,
uğurun da, xoşbəxtliyin də təməlində sevgi dayanır. Sevgi özünəinam, həyat eşqi
yaradır, ruhu daim diri saxlayır, uşağın “Mən”ini formalaşdırır. Unutmayaq ki,
uşağa sevgi verməklə, ona da başqalarına sevgi verməyi öyrədirik. Bu, insanlar
arasında səmimi ünsiyyətin, harmoniyanın yaranmasına yol açır.
“Bağçam”da uşaqların təlim-tərbiyəsinə
yeni yanaşma formalaşdırılıb
Təhlillərə keçməzdən öncə “Bağçam”ın
praktik fəaliyyətinə nəzər yetirməyi zəruri hesab edirəm. “Bağçam” məktəbəqədər
təhsil müəssislərinin geniş şəbəkəsidir və bu müəssisələrin hər birində təlim-tərbiyə
prosesində müasir dövrün psixo-pedaqoji və sosial çağırışlarına cavab verən
klassik pedaqoji texnologiyalar tətbiq olunur. Müəssisənin qurucusu Rasif
Dünyamalıyevlə söhbətimiz və ilkin müşahidələrimiz belə bir qənaətə gəlməyimizə
əsas verir ki, “Bağçam”da uşaqların təlim-tərbiyəsinə yeni yanaşma
formalaşdırılıb. Bu yanaşmanın mahiyyətini tədqiqat zamanı aşkara çıxarmağa
çalışacağıq. Onu bir cümlə ilə belə ifadə etmək olar: “Abraham Maslou – Hovard
Qardner - Pozitiv psixologiyanın vəhdətindən yaranan idraki inkişafın təməl
yanaşması”. Bu yanaşmanı insan potensialının inkişafı üçün kompleks çərçivə də
adlandıra bilərik. Bunu anlamaq üçün hər bir nəzəriyyəni ayrı-ayrılıqda və
sintez şəklində, eləcə də bağçalarda tətbiqi fonunda təhlil edəcəyik.
Nə üçün məhz Abraham Maslou və
Hovard Qardner?
“Bağçam”ın qurucuları Maslounun
“Ehtiyaclar iyerarxiyası piramidası”nın, Qardnerin “Çoxnövlü intellekt” nəzəriyyəsinin,
eləcə də Pozitiv psixologiyanın hansı üstün cəhətlərini əsas götürərək, onun tətbiqinə
qərar veriblər? Bu texnologiyaların tətbiqi uşaqların tərbiyəsində hansı fərqli
nəticələrə gətirib çıxarır? “Bağçam”ın kadr potensialı fərqli texnologiyalardan
istifadəyə imkan verirmi? Onlar uşaqları xoşbəxt edirmi?
Araşdırmamız göstərir ki, “Bağçam”da
mütərəqqi dünya təcrübəsi mütəmadi olaraq diqqətdə saxlanılır, ən yaxşıların təcrübəsi
öyrənilir və yeri gəldikcə pedaqoji prosesin ayrı-ayrı məqamlarında onlardan
peşəkarlıqla istifadə olunur. Diqqət yetirək: Azərbaycan Respublikası məktəbəqədər
təhsilin kurikulumu fəaliyyətin istiqamətləndirilməsində birmənalı olaraq
prioritet təşkil edir. İstifadə olunan proqram və vəsaitlər arasında isə Türkiyə
Respublikasının məktəbəqədər təhsil proqramı, Rusiyanın məktəbəqədər təhsil üzrə
dövlət federal təhsil standartları, Sinqapur uşaq bağçaları üçün kurikulum çərçivəsi,
Finlandiya milli kurikulum təlimatları üzrə erkən uşaqlıq təhsili proqramı,
N.E.Veraksın, T.S.Komarovun, M.A.Vasilyevin redaktəsi ilə hazırlanmış doğumdan
məktəbəqədər təhsilə qədər təhsil proqramı, E.V.Solovyovun redaktəsi ilə
hazırlanmış “Göy qurşağı” məktəbəqədər təhsil proqramı, E.A.Xiltunenin
redaktorluğu ilə hazırlanmış “Montessori sistemi üzrə uşaq bağçası” məktəbəqədər
təhsil proqramı, Valdorf pedaqogikası əsasında fəaliyyət göstərən “Şam ağacı”
uşaq bağçasının V.K.Zavodkina və S.A.Trubitsınanın ümumi redaktəsi ilə
hazırlanmış proqramı və vəsaitləri fundamental mənbə kimi nümunə göstərilə bilər.
Bu təcrübələrə sistemli olaraq müraciət edilməsi, ümumilikdə “Bağçam”da
akademik mühitin yüksək səviyyədə təmin edilməsinə yol açır. Pedaqoji kollektiv
tərəfindən yeniliklərin öyrənilməsi, mütərəqqi təcrübəyə müraciət olunması,
şübhəsiz ki, təlim-tərbiyə prosesinin uşaq mərkəzli qurulmasına, innovativ
baxışın formalaşmasına imkan yaradır. Bu proqramlar və vəsaitlərlə mən də
yaxından tanışam. Apardığım araşdırmalarda onlara yeri gəldikcə istinad etmişəm.
Hesab edirəm ki, bu texnologiyalardan peşəkarlıqla istifadə olunarsa, uşaqların
təlim-tərbiyəsində arzuladığımız çox hədəflərə nail ola bilərik. “Bağçam”ın
nümunəsində də bunu ifadə etmək mümkündür.
“Bağçam”da ümumən uşaq mərkəzli
sistemin yaradıldığını görürük. Uşağa onun arzu və istəkləri, maraq və
ehtiyacları çərçivəsində yanaşmaq zaman-zaman pedaqoq və psixoloqların
konseptual baxışlarında yer alıb. Bu, uşağa sevgi ilə və ən ədalətli
yanaşmadır. “Bağçam”ın istinad etdiyi Abraham Maslou nəzəriyyəsinin təməlində də
bu konsepsiyanı görürük. Biz bununla uşağa mənəvi rahatlıq və xoşbəxtlik hissləri
bəxş edirik. Bu zaman onun gözlərinə diqqət yetirin, özünəinamdan, sevgidən və
sevincdən parlayan baxışlar görəcəksiniz. Bu, uşağın özünü dəyərli hiss
etdiyini göstərən sevinc baxışlarıdır. Bu, uşağı xoşbəxt edəcək yolun
başlanğıcıdır. Onu elə yönəltmək lazımdır ki, özünü dalğalar qoynunda yelkənsiz
qayıq kimi hiss etməsin. Öz qollarının özünə yelkən ola biləcəyinə inansın.
“Abraham Maslounun təsiri”
Maslou qeyd edir ki, “məktəbəqədər
yaşlı uşağın həyatında rifah və təhlükəsizlik hissi əsasən ətraf mühitdən
asılıdır. Çünki bu dövrdə uşaq əsas həyat ehtiyaclarını ödəmək üçün böyüklərin
köməyinə maksimum ehtiyac duyur və bu yaşda olan uşaq özünü ətraf mühitin təsirlərindən
qorumaq üçün minimum imkanlara malikdir”. Xüsusi olaraq qeyd etmək lazımdır ki,
uşağın inkişafında dominantlıq təşkil edən çox amillər var - ətraf mühit,
sosial münasibətlər, ailə - bütün bunlar şəxsiyyəti yaradan ən təsirli cəhətlərdir.
Maslou vurğulayır ki, əgər uşağın əhatəsində gündəlik rejim və nizam-intizam
yoxdursa, o, özünü müdafiəsiz hiss edəcək və özünə daha sabit bir mühit
axtarmağa çalışacaq. Məsələn, əgər uşaq müdafiəsiz mühiti bağçada hiss edəcəksə,
oradan xilas olub evə getməyə can atacaq. Əgər müdafiəsiz mühiti evdə hiss edəcəksə,
babasının, nənəsinin yanına qaçacaq. (Problem o zaman daha ciddi olur ki, uşaq
qaçmaq üçün küçəni, yaxud da sosial şəbəkələri seçmək məcburiyyətində qalır.).
Böyüklər arasında baş verən mübahisələr, fiziki zorakılıq, boşanmalar – bütün
bunlar uşağı ümidsizliyə gömür və onun təhlükəsizlik hisslərini məhv edir. Uşaq
bu zaman ətraf mühitə etibarını itirir. Hiperaktivlik, impulsivlik, qəzəb,
aqressivlik, narahatlıq, asteniya yaranır. Abraham Maslou “Ehtiyaclar
iyerarxiyası Piramidası”nda tərbiyə prosesinin təməlinə sevgi, anlama,
qarşılıqlı ehtiramlı ünsiyyət, insani dəyərlərin qorunmasının vacibliyi məsələlərini
qoymaqla şəxsiyyətin harmonik inkişafının yollarını göstərir. Maslounun
piramidada irəli sürdüyü məsələlər sağlam inkişafın təməl prinsipləridir. Bu məsələlər
insanı fiziki və ruhi, psixi təsirlərdən və xəstəliklərdən qorumaq üçün
fundamental formul təsiri bağışlayır. O, insanın daxili gücünü, ruhi
potensialını yüksək qiymətləndirərək yazırdı: “İnsan həyatının hər bir anında
öz mənini dinləməyə, öz daxili səsini eşitməyə cəsarət etməsə, heç vaxt müdrik
həyat seçimi edə bilməyəcək”. Robert Freyqer “Abraham Maslounun təsiri” adlı məqaləsində
yazır: “Maslounun əsas üstünlüyü onun ən vacib sualları tərtib etmək
bacarığında idi. O, psixologiya qarşısında bizim hər birimiz üçün vacib olan
suallar qoyurdu: Yaxşı insan olmaq nə deməkdir? İnsan nəyə qadirdir? İnsanı
xoşbəxt, yaradıcı, məmnun edən nədir? Uşağın infantilliyini və inamsızlığını
necə aradan qaldırmaq olar və bunu hansı şərtlər daxilində etmək mümkündür?
İnsanın müstəsna potensialını, onun anlaqsız başlanğıcı və natamamlıqları,
hansı ki, bizim hamımızda bunu görmək mümkündür, nəzərə almaqla, onun təbiətinin
hərtərəfli modelini necə yarada bilərik? Psixoloji cəhətdən sağlam insanın
motivasiyası nədir?” Maslonun araşdırmağı hədəflədiyi bu və digər suallar insan
şəxsiyyətini bütün yaş qruplarında öyrənmək üçün əhəmiyyətlidir, şübhəsiz ki, məktəbəqədər
yaş dövrü də bu baxımdan istisna deyil. Kiçik yaşlı uşaqlar üçün tərbiyə
mühitinin yaradılması, onların təlimə hazırlaşdırılması, onlarda həyat eşqinin
formalaşdırılması - bütün bunları
Maslounun psixo-pedaqoji konsepsiyasında görmək mümkündür. Maslounun həyatından
bir fraqmentə, özünün sözləri ilə diqqət yetirək: “Uşaqlıq illərimə nəzər
salanda ruhi xəstə olmadığıma yalnız təəccüblənmək olar. Mən qeyri-yəhudi
mühitində balaca yəhudi uşağı idim. Bu, ağdərililərin oxuduğu məktəbdə bir nəfər
qara dərilinin oxuduğuna bənzəyirdi. Mən tənha və bədbəxt idim. Kitabların
arasında böyüdüm, heç vaxt dostum olmadı. Valideynlərim təhsilsiz insanlar idi.
Atam hüquqşünas olmağımı arzulayırdı. Hüquq fakültəsində iki həftə dərsə
getdim. Bir gün evə gəldim və zavallı atama, - vəkil ola bilməyəcəyimi dedim.
Atam, “Yaxşı, oğlum, bəs kim olmaq istəyirsən”?, deyə soruşdu. Mən ona dedim
ki, oxumaq, hər şeyi öyrənmək istəyirəm. Atam təhsil almamışdı və mənim elmə
olan həvəsimi başa düşmürdü, amma o, çox yaxşı insan idi” [Maslow, in Hall,
1968, p. 37]. Maslonun ailəsində elm, təhsil mühitindən söhbət belə gedə bilməzdi,
onun ətrafında uşaq vaxtı, ümumiyyətlə onu təhsilə bağlayacaq bir qüvvə mövcud
deyildi. Bununla belə, Abraham uşaq vaxtından kitabların əhatəsinə düşür,
insanlardan, doğmalarından ala biləcəyi enerjini, motivasiyanı kitablardan
alır. “Maslounun elmə olan sevgisi intellekti ilə birləşərək onu parlaq bir tələbəyə
çevirdi. İllər sonra gənc elm sevdalısının İQ səviyyəsi o dövr üçün yüksək
hesab olunan 195-ə bərabər idi. Maslou Nyu Yorkun yüksək mədəni həyatını
araşdırırdı, o, klassik musiqi və teatra aşiq idi, həftədə iki dəfə Karnegi
Hallda konsertlərə gedirdi. Teatra bilet almaq üçün pulu olmadığına görə fıstıq
satırdı” [Маслоу, А., 2019].
İnsan ömrünün “Qızıl dövrü”
“Xoşbəxt uşaq hər zaman uğur əldə edir” - “Bağçam”ın
bu ideyası ciddi və qlobal bir məsələyə
diqqət yönəldir. Dünyanın hər yerində təhsil idarəçiləri, pedaqoqlar, tərbiyəçilər
və valideyinlər uşağı xoşbəxt etməyin yolları üzərində düşünürlər. Uşaqların tərbiyəsində
və xoşbəxt böyüməsində ən vacib məsələ nədir? Mən bu suala, araşdırdığım
pedaqoji konsepsiyalara əsasən, belə cavab vermişəm: Uşağın uşaqlıq dövrünü
uşaq kimi yaşaması...Bu, olduqca sadə həqiqətdir. Uşaqlıq dövründən alınan təcrübə
gələcək ömür yolunun ən qiymətli təməlidir. Lev Tolstoy insanın beş yaşadək
ömrünü “Qızıl dövr” adlandıraraq yazır: “Məgər indi nələrlə yaşayıramsa,
bunların hamısını o vaxt əldə etməmişəmmi, həm də o qədər çox, o qədər sürətlə əldə
etmişəm ki, bütün qalan həyatımda onun yüzdə birini belə əldə edə bilməmişəm.
Doğulmağımla beş yaşım arasında uzun bir dövr keçib, beşyaşlı uşaqdan isə mənə
yalnız bir addım var” [Kərimov, Y., 2009].
Uşaqlıq dövrü həyatın təməli olduğu
kimi, tərbiyənin də təməlidir. Bu dövrdəki kiçik büdrəmələr gələcəkdəki
böyük axsaqlıqlardır. Böyük pedaqoq və həkim Janusz Korczak tərbiyəçilərə və
valideynlərə xitabən yazırdı ki, uşaqlıq, yalnız gələcək həyata hazırlıq mərhələsi
deyil, özlüyündə insan həyatının çox qiymətli bir dövrüdür və həyatının bu
dövründə də xoşbəxt olmaq insanın haqqıdır. Uşağın xoşbəxtliyinin təməlində isə
hər şeydən öncə ona olan sevgi və ehtiram hissi dayanır. Əgər bu hisslər
yoxdursa, uşağı ən gözəl saraylarda yaşatmaq, ona ən ləziz yeməkləri belə verməyin
heç bir əhəmiyyəti olmayacaq. Janusz Korczak hesab edirdi ki, uşağı sevmək, ona
ehtiram göstərmək, ona şəxsiyyət kimi yanaşmaq, onun tərbiyəsi ilə məşğul olmaq
üçün ilk növbədə uşağı yaxından tanımaq, onun mənəvi aləminə bələd olmaq, onun
arzu və istəklərini hiss etmək, duymaq zəruridir. Bunun üçün tərbiyəçi, müəllim
peşəkar hazırlıqdan əlavə, duyan, hiss edən ürəyə malik olmalıdır. Uşaq bu
sevgini hiss etməli və sevgi ilə əhatə olunmuş mühitdə böyüməlidir. Bu, onun
xoşbəxtliyi üçün əsas olacaq. Bu hiss onu ağıllı, cəsarətli, iradəli, həyatın hər
cür sınaqlarından üzüağ çıxmaq üçün güclü edəcək.
Mənbə: https://bit.ly/4hbvhux


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)