İdmançılarımız
2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya Oyunlarında uğurla çıxış edərək
7 medal qazanıb və Azərbaycan dünyanın iki yüzdən çox ölkəsi arasında 38-ci
yeri tutub. Prezident İlham Əliyevin Sərəncamı ilə “İdman İli” elan edilən
2012-ci il də Azərbaycan idmançıları üçün uğurlu il olub. Komandamız Londonda
keçirilən XXX Yay Olimpiya Oyunlarında daha yaxşı nəticə göstərib. London
Olimpiadasında idmanın 16 növü üzrə 53 idmançı ilə təmsil olunan Azərbaycan iki
qızıl, iki gümüş və altı bürünc medal qazanmaqla bundan əvvəlki
olimpiadalardakı rekordunu yeniləyib. 2016-cı ildə Rio-de-Janeyroda keçirilən
XXXI Yay Olimpiya Oyunlarında isə Azərbaycan milli komandası medal sayına görə
14-cü yerdə qərarlaşdı. İdmançılarımız milli komandamızın aktivinə 18 medal
yazdırıblar.
İdman
sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda mükəmməl idman
infrastrukturu yaradılıb. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası,
Bakı Su İdmanı Sarayı və digər möhtəşəm idman obyektləri bunun göstəricisidir.
Bütün bunlar ölkəmizi beynəlxalq yarışların, dünya çempionatlarının keçirilməsi
üçün əlverişli məkana çevirib. Təsadüfi deyil ki, belə möhtəşəm idman qurğuları
2012-ci ildə futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatının, 2015-ci
ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə futbol üzrə 17 yaşadək oğlanlar
arasında Avropa çempionatının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci
ildə IV İslam Həmrəyliyi Oyunlarının və qadınlar arasında voleybol üzrə Avropa
çempionatının, 2020-ci ildə bədii gimnastika üzrə dünya çempionatına, habelə
Formula-1 Azərbaycan Qran-Prilərinin yüksək səviyyədə təşkil olunmasına imkan
verdi.
Daim
Azərbaycan bayrağını qürurla dalğalandırmaq üçün bütün yarışlarda yüksək əzmkarlıqla
mübarizə aparan idmançılarımız Vətən müharibəsində də eyni amal - üçrəngli
bayrağımızın əzəli torpaqlarımızda ucaldılması üçün cəbhəyə yolandılar. Vətən
müharibəsində idman sahəsi üzrə 500 nəfər İkinci Qarabağ müharibəsində iştirak
etdi. Onlardan 54 nəfəri şəhidlik zirvəsinə yüksəlib. Azərbaycanın ərazi
bütövlüyü uğrunda gedən döyüşlərə 390 nəfər könüllü kimi qatılıb. Hərbi xidmətə
çağırılanlar 33, hərbçi kimi iştirak edənlər isə 23 nəfər olub. Müharibə
iştirakçılarından 67 nəfər yaralanıb. Bütün bunlar Azərbaycan idmançılarının
doğma Vətəni canları qədər sevdiklərini, onların nümunəvi vətəndaş olduqlarını
bir daha sübut edir.
Bütün
bu uğurlar Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş
idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident
İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə
olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən
diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman
infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü
zəmin formalaşdırır.
İdmanın gənc nəslə sevdirilməsində idman müəllimlərinin də
əməyi danılmazdır.
Azərbaycanın idman müəllimləri və idmançıları bayramınız mübarək!


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)