Con Kennedinin öldürülməsi: Tramp dövründə məxfiliyi ləğv edilmiş sənədlərdə ABŞ prezidentinin ölümü haqqında deyilənlər

Milyonlarla insanın eşitdiyi bəzi hadisələr hələ də mübahisə və müzakirələrə səbəb olur. Bunlardan biri də Amerika prezidenti Con Kennedinin öldürülməsidir. Bu faciə o qədər gözlənilməz və səs-küylü idi ki, bir çox şayiələrə və sui-qəsd nəzəriyyələrinə səbəb olmuşdur.

Çox vaxt demokratik ölkələrdə qanuni hakimiyyət müəyyən müddətdən sonra səsvermə yolu ilə bir prezidentdən digər prezidentə keçir. 1963-cü ildə Con Kennedinin öldürülməsindən sonra ABŞ-a Lindon Conson rəhbərlik etməyə başladı. Bəziləri sonuncunun sui-qəsd cəhdi hazırlamaqda şübhələnirdilər və illər sonra Amerika rəhbərliyi səs-küylü iş üzrə sənədlərin məxfiliyini ləğv etmək qərarına gəldi.

Con Kennedi kimdir ?

Amerika prezidenti haqqında əsas məlumatlar aşağıdakı cədvəldə verilib.

Con Kennedi harada və nə vaxt öldürülüb?

Con Kennedi 1963-cü il noyabrın 22-də Texasda qətlə yetirilib: həmən gün Amerikanın 35-ci prezidenti Dallas şəhərinə səfər edib. Siyasətçi snayperin açdığı atəşindən maşının arxa oturacağında ölüb.

Dallasda qətli necə törədilib?

Həmin gün ABŞ rəhbəri seçki turu zamanı “Dallas Lav Fild” hava limanına gəlir. Kennedi ilə görüşü minlərlə insan gözləyirdi və kortecin marşrutu əvvəlcədən mətbuatda dərc olunmuşdu.

Prezident kabrioleti şəhərin mərkəzi küçələrindən biri ilə hərəkət edirdi. Kabinədə Kennedinin özü, arvadı Jaklin və Texas qubernatoru Con Konnalli olub. Onlar dövlət başçısını qarşılamağa toplaşan kütləyə gülümsəyərək əl yelləyirdilər.

Limuzin “Hyuston-strit” və “Elm-strit” küçələrinin küncündə yerləşən məktəb kitab anbarının yanından keçdikdən sonra saat 12:30-da atəş açıldı. Con Kennedi boynundan tutub irəli əyildi. Sonra başının üstünə qan sıçradı və o arxaya əyildi - bu ikinci atəşdən sonra olub və bu dəfə güllə beyni zədələyib. Onun yanında oturan qubernator kürəyindən yaralanıb.

Jaklin Kennedi ərinə tərəf əyilir, daha sonra maşının yanında gedən mühafizəçinin yanına tərəf. Kortej sürətini artıraarq küçəni tərk edir. Saat 13:00-da səlahiyyətlilər Con Kennedinin öldüyünü rəsmən elan edirlər.

ABŞ prezidentinin öldürülməsi ilə bağlı araşdırma: Con Kennediyə kim atəş açmışdır? Kriminoloqlar prezidentin qətlini çox diqqətlə araşdırdılar, lakin araşdırmanın nəticələri hələ də insanları qane etmir. Faciədən dərhal sonra cinayətin arxasında kimin ola biləcəyi ilə bağlı bir çox nəzəriyyələr ortaya çıxdı.

Li Harvi Osvald

ABŞ Gizli Xidməti və FTB-nin birgə araşdırması 10 ay davam etdi. Komissiyanın hesabatına görə, atəş açan keçmiş dəniz piyadası Li Harvi Osvald olub və o, tək  hərəkət edib. Kişi məktəb kitab anbarının altıncı mərtəbəsinin pəncərəsindən üç dəfə atəş açıb, onlardan biri hədəfə dəyməyib. Hadisə yerindən 3 ədəd giliz və 1 ədəd Karkano tüfəngi aşkar olunub.

Müstəntiqlərin sözlərinə görə, atışmadan sonra Osvald silahı qutuların arxasında qoyub və binanı tərk edib. Daha sonra onu patrul işçisi J.D.Tippit saxlayıb. Osvald tapança ilə hüquq-mühafizə orqanının əməkdaşını öldürüb və qaçmağa cəhd edib, lakin o, tezliklə saxlanılıb və bir neçə saat sonra həmin şəxsə qarşı ittiham irəli sürülüb.

Li Harvi Osvald qətllərdə hər hansı əli olduğunu tamamilə təkzib edib. İki gün sonra, şübhəli şəxs küçədə aparılarkən, Cek Rubi tərəfindən vurularaq öldürülür. C. Rubi prezidentin ölümünün qisasını bu yolla almaq istədiyini bildirib. Bu səbəbdən də Osvaldın günahı heç vaxt məhkəmədə sübuta yetirilməyib.

Alternativ versiyalar: mafiya, MKİ, radikallar

Yeni Orlean rayon prokuroru Cim Qarrison araşdırmasına 1966-cı ildə başlayıb. O əmin idi ki, Kennedinin öldürülməsini ifrat sağçı fəallardan ibarət yarımhərbi qrup təşkil edib, üzvləri Kennedinin Amerika hərbçilərini Vyetnamdan çıxarmaq və SSRİ ilə razılaşmaq niyyətindən narazı idilər. Prokuror qətldə yeddi nəfərin əli olduğuna inanırdı və Osvald günahkar kimi qələmə verilib və dərhal aradan götürülüb.

1967-ci ilin martında Qarrison hətta iddia edilən cinayətkarlardan birini məhkəməyə verir. Qəribədir ki, bu, Kennedinin qətlində şübhəli bilinən şəxsin iştirak etdiyi yeganə məhkəmə prosesi olmuşdur. Sonda münsiflər heyəti həmin şəxsə bəraət veriirlər.

Başqa nəzəriyyələr də olmuşdur. Məsələn, Kennedinin ölümü MKİ-nin işi idi. 1975-ci ildə Birləşmiş Ştatlar rəhbərliyin sui-istifadə və qanunsuz əməliyyatlarla bağlı çoxsaylı iddialarını araşdırmaq üçün komissiya yaradılmışdı. Departamentin prezidentin qətlində mümkün əli olması məsələsi də araşdırıldı, lakin heç bir sübut tapılmadı.

Prezidentin öldürülməsinin mümkün təşkilatçıları arasında mafiya başçılarının da adı çəkilib. Onların motivi Kennedi altında mütəşəkkil cinayətkarlığa qarşı artan təzyiqə görə ondan qisas almaq istəyi ola bilərdi. Bu versiya Cek Rubinin italyan mafiyası ilə əlaqələri haqqında məlumatla dəstəklənirdi.

O da maraqlıdır ki, Kennedinin öldürülməsinə qədər Li Harvi Osvald bir neçə il SSRİ-də yaşamışdır. Bu səbəbdən bəzi sui-qəsd nəzəriyyəçiləri onu sovet idarəçilərinin kömək etdiyi KQB agenti hesab edirdilər. Bununla bağlı heç bir real sübut təqdim edilməmişdir.

Con Kennedinin öldürülməsinin səbəbləri: cinayətkarın motivasiyası

Uorren Komissiyası belə nəticəyə gəldi ki, Osvald yalnız onun başa düşə biləcəyi motivlərlə motivasiya edilib. Şübhəli həbs olunduqdan iki gün sonra güllələndiyindən heç kim dəqiq məlumat ala bilməyib. Yalnız bir sıra fərziyyələr var:

1. Ordudan sonra Osvald heç vaxt cəmiyyətdə özünə layiq yer tapa bilməmişdi, ona görə də onun törətdiyi qətl bütövlükdə Amerika cəmiyyətinə etiraz idi.

2. Tarixdə iz buraxmaq istəyi.

3. Kubaya kömək. Linin öldürülməsi ərəfəsində Harli Nyu-Yorkdakı “Fair Play for Cuba” (“Kuba üçün ədalətli oyun”) qərargahı ilə əlaqə saxlayıb və Nyu Orleanda filial açmağı təklif edib. Həmin şəxsin ABŞ-ın düşmənlərindən olan Fidel Kastroya dəstək verdiyi də məlumdur.

4. Kommunist baxışlar. Osvaldın bir müddət SSRİ-də yaşadığı məlumdur.

5. Şəxsi motiv. Belə bir versiya var ki, Osvald belə bir hərəkəti ilə həyat yoldaşı və başqaları üçün əhəmiyyətini sübut etmək istəyib.

Məxfilikdən çıxarılan sənədlər: həqiqətən nə baş verdi

Kennedinin qətli ilə bağlı o qədər söz-söhbət var idi ki, 1992-ci ildə ABŞ Konqresi 2017-ci ilə qədər işdəki bütün sənədlərin məxfiliyinin ləğv edilməsini nəzərdə tutan xüsusi akt qəbul edir. Lakin bu, vaxtında baş vermədi: Prezident Donald Tramp təhlükəsizlik orqanları nümayəndələrinin bütün sənədlərin dərcinin milli təhlükəsizliyə zərər verə biləcəyi ilə bağlı arqumentləri ilə razılaşdı və onu beş il müddətinə təxirə saldı.

2024-cü il seçki kampaniyası zamanı Tramp bütün mövcud məlumatların məxfiliyini ləğv edəcəyinə söz verdi və 2025-ci ilin yanvarında bununla bağlı sərəncam imzaladı. Federal Təhqiqatlar Bürosunun əməkdaşları əvvəllər itirilmiş 2400-ə yaxın sənədi aşkarlayıblar və indi tədqiqatçılara təqdim ediləcəkdir.

Sənədlər qətlin rəsmi versiyasını təsdiq edirmi?

Əksəriyyəti illərdir məxfiləşdirilən yeni sənədlərin ortaya çıxmasına baxmayaraq, Con Kennedinin sui-qəsdi ilə bağlı şok açıqlamalar ortaya çıxmadı.

Yeni materialların bəzilərində münsiflərin şəxsiyyətinin məxfiliyini qorumaq üçün gizlədilən məlumatlar var idi. Sənədlər həmçinin qətldən bir neçə ay əvvəl əsas şübhəli Li Harvi Osvaldın həyatını təfərrüatı ilə yenidən quran müstəntiqlərin işlərini əks etdirir.

Bundan əlavə, məlum oldu ki, Osvald heç vaxt DTK-da işləməyib, ona görə də SSRİ-dən gələn əmrin versiyası dəstək tapmayıb. Moskvadakı amerikalı agentlərin hesabatında göstərilirdi ki, sovet kəşfiyyatı bu adamı yalnız müşahidə edir, lakin onunla əlaqə saxlamır və ona nəzarət etmirdi.

Prezident Donald Trampın 17 mart 2025-ci il tarixli sərəncamı ilə ən son məxfi sənədlər ABŞ Milli Arxivinə təhvil verilib. Orada onlar hər kəs üçün əlçatan olacaqlar.

Kennedinin öldürülməsinin ABŞ tarixinə təsiri

Dəhşətli hadisə ABŞ vətəndaşlarına ciddi təsir etmişdi. C. Kennedinin sui-qəsdi XX əsr tarixinin bir hissəsi oldu: o, ədəbiyyatda tez-tez əks olundu və bu barədə çoxlu filmlər çəkildi.

Bundan əlavə, faciə Soyuq Müharibə dövründə, dünyada ümumi inamsızlıq və paranoya mühitinin hökm sürdüyü bir vaxtda baş vermişdi. Bu, sui-qəsd nəzəriyyələrinin populyarlığının artmasına səbəb oldu: getdikcə daha çox amerikalı hakimiyyətin daim nəyi isə gizlətdiyinə inanmağa başladı.

Sonrakı illər vəziyyəti daha da pisləşdirdi, çünki Kennedinin ölümündən sonra daha bir neçə dəhşətli hadisə baş verdi. Məsələn, Kennedinin qardaşı Robert və afroamerikalıların hüquqları uğrunda mübarizə aparan Martin Lüter Kinq qatillərin əlində həlak oldular. Uoterqeyt qalmaqalı göstərdi ki, hətta prezident hakimiyyət naminə cinayət törədə bilər.

Hesab edilir ki, bu, ABŞ-ın qızıl dövrünün sonunun başlanğıcı idi. O vaxtdan bəri yerli siyasətçilərin xalqın dəstəyini qazanması xeyli çətinləşdi və Kennedinin nail olduğuna heç kim nail ola bilmədi.

ABŞ hökumətinin bu araşdırmaları onilliklər ərzində gizli saxlaması səbəbindən sui-qəsd nəzəriyyələri yalnız çoxaldı. 2025-ci ildə məxfilikdən çıxarılan məlumatlar faciənin bəzi təfərrüatlarına işıq salmağa kömək edəcək. Ancaq bütün suallara cavab verə bilməyəcəkdir.

Mənbənin siyahısı:

1. The Shots from the Texas School Book Depository. Warren Commission Report.

2. Declassification of Records Concerning the Assassinations of President John F. Kennedy, Senator Robert F. Kennedy, and the Reverend Dr. Martin Luther King, Jr. Официальный сайт Белого дома.

İnternet resursları:

1.https://news.mail.ru/society/65360914/?frommail=1&utm_partner_id=625

2.https://news.mail.ru/society/65360914/

Rus dilindən tərcümə:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

Xülasə:

https://multiurok.ru/files/con-kennedinin-oldurulm-si-tramp-dovrund-m-xfiliyi.html


 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.