UNESCO-nun
Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 2009-cu il
28 sentyabr -2 oktyabr tarixlərində keçirilən dördüncü sessiyası zamanı
“Novruz” çoxmillətli nominasiya kimi, (Azərbaycan, Hindistan, Qırğızıstan, Pakistan,
Türkiyə, Özbəkistan) UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə
Reprezentativ siyahısına daxil edilmişdir.
Novruz
bayramı Azərbaycan xalqının ən mühüm və sevimli bayramlarından biridir. O,
yazın gəlişini və 20-21 mart astronomik yeni ilin başlanmasını bildirir.
Bayram
bir neçə gün davam edir, lakin onun üçün hazırlıq qışın son
ayından başlayır. Bu bayramın
mahiyyəti ondan ibarətdir ki, insanlar köhnə illə, qışla vidalaşaraq, təbiətin oyanışını bildirən bu bayramı
qarşılamağa hazırlaşırlar.
Qədim
köklərə malik olan bu bayram bir çox adət və ənənələrə malikdir. Bu adət ənənələr
məhv olan və canlanan təbiətlə, sehrli qüvvələrlə bağlıdır. Ay ərzində hər həftənin çərşənbə
axşamı günü 4 ünsürə - su, od, torpaq və bayram qabağı sonuncu çərşənbə axşamı
- “Axır çərşənbə” küləyə həsr olunur (P.S. hazırda ardıcıllıq belədir: Su, Od,
Külək, Torpaq çərşənbələri), həmin gün agaclarda tumurcuqlar açır və yaz gəlir.
Hesab
edilir ki, birinci çərşənbədə su hərəkətə gəlir və yenilənir, ikinci çərşənbədə
tonqal qalanır. Bu günlərin hər biri ilə xalq arasında inanclar, şeirlər, ayinlər,
oyunlar mövcuddur.
Ən
mühüm və əhəmiyyətli “axır çərşənbə” hesab edilir. Bu gün öz milli xüsusiyyətləri ilə zəngin olan
bir gündür və evdə təmizlik işlərini və bayram yeməklərini hazırlayıb çatdırmaq
lazımdır. Əvvəlcədən səməni yetişdirilir, yumurta boyanır və milli şirniyyatlar
bişirilir. Bayram qabağı hamı bir-birini təbrik edir. Bayram süfrəsində ailə
üzvlərinin sayı qədər şam yandırılır və niyyət edilir. Uşaqlar adətə görə
qonşuların qapılarına papaq atır və gizlənirlər, sonra bayram şirniyyatı ilə
doldurulmuş papaqlarını götürürlər. Axşam düşdükdən sonra küçələrdə tonqallar
qalanır, ətrafına toplananlar oynayır, xəstəliklərdən, pisliklərdən təmizlənmək
üçün tonqaldan tullanırlar.
Novruzda
bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin
ətrafına milli şirniyyatlar: paxlava - yer kürəsinin 4 istiqamətini, qoğal-günəşi,
şəkərbura-ayı, rənglənmiş yumurta-həyatı simvolizə edir. Adətə görə süfrədə “S”
hərfi ilə başlayan 7 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni və s. Bayram
süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya
yığılmış şirniyyatlara qonaq etməklə davam edir.
Adətə
görə, bayramın ikinci günü vəfat etmiş doğmaların, yaxınların xatirəsini yad
etmək məqsədilə mərhumların qəbirləri ziyarət edilir.
Novruz
bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən
kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş
etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir.
Kosa qışı, keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, keçəl
qalib gəlir. Kənd yerlərində at yarışları - çovqan oyunu keçirilir. Bakıda əsas
bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. Həmin gün nəhəng
qalanın yüksəkliyini nəhəng səməni bəzəyir, gözəl Bahar qızı Qız qalasında təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli
yandırır...
P.S: 2006-cı ildən bayram günü istirahət gününə
düşdükdə, növbəti iş günü istirahət günü sayılır.
Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk
gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik
fırlanması ilə əsaslanır. Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir.
Elmi araşdırmalar Novruz bayramının ibtidasını çox əski çağlarla-Zərdüşt peyğəmbərin
yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər
edirlər. Qədim Babildə bu bayram mart ayının 21-i günü qeyd olunurdu və 12 gün
davam edirdi. Bununla belə bu 12 günün hər birisinin öz ritualları (mərasim,
ayin), öz əyləncələri mövcüd idi. İlk yazılı mənbədə qeyd olunur ki, Novruz bayramı
eradan əvvəl 505-ci ildə yaranmışdır.
Sovet dövründə Novruz qeyri-rəsmi qeyd olunurdu,
çünki hökumət orqanları buna icazə vermirdilər və insanları təqib edirdilər.
Ancaq bütün bunlara baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq olaraq, hər
bir azərbaycanlı ailəsi bu bayramı qeyd edirdi. Bayram ərəfəsində valideynlər
ailədəki uşaqla üçün mütləq təzə pal-paltar və ayaqqabı alardılar.
Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan
xalqı bunu çox təntənəli və həm də Yeni ilin, yeni günün - Novruzun gəlişinə ən
azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri
Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur.
Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə
gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel və nəhayət dördüncü Torpaq çərşənbəsində
təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir.
Novruz bayramı qədim ənənələrlə, oyunlarla zəngindir.
Qədim ənənələrdən “Xıdır İlyas” (məhsuldarlıq, çiçəklənmə rəmzi), “Kos-kosa” -meydan
məzəli oyunu (baharın gəlməsi rəmzi) və falabaxmanı qeyd etmək olar.
Su və odla bağlı maraqlı ənənələr var. Azərbaycan
bir odlar ölkəsi kimi odla bağlı zəngin ənənələrə malikdir və bu saflaşma, təmizlənmə
əlamətidir. Tonqallar qalanır və Novruzdan əvvəl “Axır çərşənbə”də yaşından və
cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə,
ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir
dəfə. Tullanarkən bu sözlər deyilir: “Sarılığım sənə, qırmızılığın mənə”.
Tonqal heç vaxt su ilə söndürülmür. Tonqal özü sönəndən sonra cavan oğlan və
qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o
deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi
atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.
Su ilə saflaşma isə suyun real əlamətilə əlaqədardır.
Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə illə bağlıdır. Təzə ildə axar
suyun üstündən tullanmaqla keçən ilin günahlarını yumuş olursan. Bundan başqa
bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi, yatmazdan əvvəl biri-birinin
üstünə su çiləyirlər. Deyilənə görə axırıncı çərşənbə gecəsi bütün axar sular
dayanır və hamı ona səcdə edir, hətda ağaclar da yerə əyilir. Əgər təzə il
axşamı hər kəs bu sudan içərdisə, onlar Təzə ildə bütün xəstəliklərdən
uzaqlaşardılar.
Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərini
təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən
yaylım atəşləri açılır. Hələ XIX əsrdə N. Dubrovin bu haqda belə yazmışdır: “Azərbaycanda
Baharın gəlməsini şəhər və kəndlərdə açılan yaylım atəşləri bildirirdi”. Azərbaycanda
Novruz bayramı təntənəsinin iştirakçısı olan Adam Oleari hələ 1637-ci ildə
yazırdı: “Münəccim (astroloq) tez-tez arxasından qalxaraq, astronomik cihaz və
günəş saatı vasitəsilə günəşin hündürlüyünü təyin edərək, gündüzlə gecənin bərabərləşdiyi
anda elan etdi: “Təzə il gəldi” və elə bu anda yaylım atəşləri başlandı, şəhərin
qüllələrindən və divarlardan musiqi sədaları ucaldı. Beləliklə Bahar bayramı
başlandı”.
Ənənəyə görə bayramın ilk günü hamı evdə olmalıdır.
Xalq arasında deyirlər: “Əgər bayram günü evdə olmasan, yeddi il evdə
olmayacaqsan”. Keçmişdə bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin
birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlaməti
sayılırdı.
Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini:
quru və yaxud yağıntılı, məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə görə
Novruzun birinci gününü - yaz, ikincini - yay, üçüncünü - payız, dördüncü
gününü isə - qış sayırlar. Əgər birinci gün küləksiz və yağmursuz olarsa, deməli
bu yaz kənd təsərrüfatı işləri üçün əlverişli olacaq. Əksinə yağmurlu, külək
olsa, deməli bütün yaz belə olacaq. Qalan üç günlərdə də yayın, payızın və
qışın necə olacağı təyin olunurdu.
Novruz şən və sevimli bayramdır. Novruz xalqımızın
bütün varlıqlarını özündə cəmləşdirən bayramdır.
İstifadə edilmiş internet resursları:
1.https://unesco.az/az/articles/intangible_cultural_heritage/novruz-bayrami
2.https://azerbaijan.az/related-information/65
Əziz və hörmətli Sinxron Fənlər oxucuları hər birinizi Nöbruz Bayramı
münasibətilə təbrik edirəm! Bayramınız mübarək!