Bu gün ölkəmizin
hərb quruculuğuna öz töhfəsini verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin yaradılmasının 13 ili tamam olur. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 13 fevral 2012-ci il tarixli fərmanı ilə
yaradılan Dövlət Xidməti yaradıldığı gündən fəaliyyət istiqamətinə uyğun olaraq
səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi
qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə
çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni
zamanda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun
təmin edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı
mübarizə, xidmətin daha bacarıqlı və savadlı kadrlarla komplektləşdirilməsi,
maddi-texniki bazanın gücləndirilməsi və digər sahələrdə müvəffəqiyyətlər
qazanıb.
Ötən ildə
Xidmət tərəfindən bir sıra yeniliklər və tədbirlər həyata keçirilib. Dövlət
Xidməti Müzəffər Ali Baş Komandanın müəyyənləşdirdiyi məsul və şərəfli vəzifələri
layiqincə yerinə yetirməyə çalışıb. Qanunla müəyyən edilmiş vəzifələrin həyata
keçirilməsində, o cümlədən vətəndaş məmnuniyyətinin, şəffaflığın təmin edilməsində
yeni nailiyyətlər qazanılıb.
Xidmətin
qarşısında qoyulan əsas vəzifələrdən biri səfərbərlik hazırlığı və səfərbərlik
işinin təşkilidir. Bu baxımdan səfərbərliyin idarə olunması, səfərbərlik zamanı
və müharibə dövründə Silahlı Qüvvələrin hərbi vəzifəlilərlə və hərbi nəqliyyat
vasitələri ilə komplektləşdirilməsi üçün komandalara təyin edilmiş ehtiyatda
olan resursların çağırılması, toplanılaraq hərbi hissələrin qəbul mən¬təqələrinə
göndərilməsi məqsədi ilə mütəmadi olaraq məşğələlər keçirilib, həmçinin
ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığının, bilik və
bacarıqlarının daha da inkişaf etdirilməsi, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsi
üçün ötən ilin hazırlıq planına əsasən Müdafiə Nazirliyi ilə birgə təlim
toplanışları davam etdirilib.
Xidmətin fəaliyyətinin
mühüm istiqamətlərindən biri olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə
göndərilməsi işi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq
2024-cü ildə də uğurla davam etdirilib. Müvafiq işlərin koordinasiya edilməsi məqsədilə
Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə yanvar, aprel, iyul,
oktyabr çağırışının gedişatı ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclasları
keçirilib. Bu iclaslarda Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi məqsədilə görülən işlər, həmçinin
gündəliyə çıxarılan məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Müddətli həqiqi hərbi xidmətə çağırışın əsas istiqamətlərindən biri də
çağırışaqədərki yaş həddində olan gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə
olunması, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji
statuslarının yüksək səviyyədə saxlanılması, həmçinin yeniyetmə və gənclər
arasında sağlam həyat tərzinin təbliğidir. Bu məqsədlə 2024-cü ildə Ağcabədi,
Şamaxı, Sabunçu, Lənkəran, Göygöl, Daşkəsən, Neftçala, Gəncə və Biləsuvar
rayonlarında yuxarı sinif şagirdlərinin iştirakı ilə gənclər üçün silsilə
görüşlər keçirilib.
Prezident
İlham Əliyevin müvafiq Fərmanına əsasən, 2024-cü il iyulun 1-dən müddətli həqiqi
hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun
tibbi müayinənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial
Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilməsinə
başlanılıb. Həmçinin, ilkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan
vətəndaşların tibbi müayinəsinin regional xəstəxanada aparılması ilə bağlı
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyi (TƏBİB) ilə birgə pilot layihənin həyata keçirilməsi nəticəsində
2024-cü ilin may ayından etibarən Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran
rayonları üzrə ilkin hərbi qeydiyyata alınan və müddətli həqiqi hərbi xidmətə
çağırılan vətəndaşların tibbi müayinəsi Quba Rayon Mərkəzi Xəstəxanasında
aparılır.
Ölkəmizdə
müasir texnologiyanın rəqəmsallaşdırılması istiqamətində aparılan islahatlarda
Xidmətin fəaliyyəti uğurla davam etdirilir. Belə ki, müddətli həqiqi hərbi xidmətə
çağırılan vətəndaşların tibbi müayinələrdən keçirilməsi üçün verilən göndərişlərin
elektronlaşdırılması, həmçinin tibbi müayinə aktlarının elektron şəkildə əldə
edilməsi məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Səhiyyə
Nazirliyi və TƏBİB-in müvafiq altsistemi arasında inteqrasiyalar təşkil olunub.
Hazırda müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların hansı tibb müəssisəsində
müayinə edilməsinə dair məlumatların SMS və ya “mygov” portalı vasitəsilə göndərilməsi
həyata keçirilir.
Vətəndaşların
Xidmətin səlahiyyətinə aid müraciətlərinin dinlənilməsi, onların müvafiq
problemlərinin həlli məqsədilə Xidmət rəisi Mürsəl İbrahimov 2024-cü il ərzində
Salyan, Saatlı, Quba, Qəbələ, Masallı, İsmayıllı, Sumqayıt, Gədəbəy, Naxçıvan,
Ağdaş, Ağcabədi və Gəncə şəhərlərində vətəndaş qəbulu keçirib. Qəbullarda 300 vətəndaşın
müraciəti dinlənilib, 93 nəfərin müraciəti araşdırılması üçün qeydiyyata
alınıb, 57 nəfərin müraciəti müsbət həllini tapıb, 113 nəfərə qanunvericiliyin
tələbləri izah olunub, 37 nəfərin müraciəti digər qurumlara aid olduğundan
müvafiq qaydada yönləndirilib. Həmçinin vətəndaşların müraciətlərinin çevik,
obyektiv araşdırılması və cavablandırılması məqsədi ilə yaradılmış “Çağrı Mərkəzi”nə
ötən il ərzində 24 000-dən artıq müraciət daxil olub.
Dövlət
qurumlarının fəaliyyətində vətəndaş məmnuniyyəti və şəffaflığın artırılması, eləcə
də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin
edilməsi məqsədilə, cənab Prezidentin müvafiq sərəncamına uyğun olaraq 2024-cü
ildə də iş planına uyğun tədbirlər həyata keçirilib. Belə ki, ötən il ərzində
qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər haqqında xidməti
yoxlamalar aparılaraq 249 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri
görülüb, 13 əməkdaş isə mənfi motivlə ehtiyata buraxılıb və əmək müqaviləsinə
xitam verilib. 51 fakt üzrə 95 nəfər barəsində toplanmış materiallar prosessual
qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hər zaman şəhid ailələrinə,
müharibə veteranlarına, onların müraciətlərinə həssaslıqla yanaşır və bu ənənə
bu gün də davam edir. Bu məqsədlə Xidmət tərəfindən Azərbaycan Respublikasının
suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canından keçən şəhidlərin
övladları üçün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir
təşkil edilib.
Həmçinin ötən
il ərzində 44 günlük Vətən müharibəsində iştirak etmiş bir neçə veteran həqiqi
hərbi xidmətə və işə qəbul edilib.
Ölkədə
ekologiyanın qorunması, ətraf mühitin sağlamlaşdırılması istiqamətində aparılan
işlərə töhfə vermək naminə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə
ağacəkmə aksiyası baş tutub. Aksiya Prezident İlham Əliyev tərəfindən elan edilən
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirlər planına
uyğun olaraq həyata keçirilib. Bundan başqa ətraf mühitin və təbiətin mühafizəsi
məqsədilə "Yaşıl ASAN" ekoloji proqramı ilə əməkdaşlığa başlanılıb və
istifadə olunmuş kağız tullantıları toplanılaraq təkrar emal üçün təhvil
verilib.
Bu gün Xidmətin
hər bir əməkdaşının amalı Vətənə sədaqət, insana qayğı, ən başlıcası isə
milli-mənəvi dəyərlərə hörmətdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin şəxsi heyəti bundan sonra da ümummilli liderimiz Heydər
Əliyev ideyalarına sadiq qalacaq, Prezident, Ali Baş Komandan cənab İlham
Əliyevin etimadını doğruldacaq, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata
keçirilməsi üçün var qüvvələri ilə çalışacaqlar.
Mənbə: https://bit.ly/4hAiJOn