Dekabrın 24-də Şirvan-Salyan Regional Təhsil İdarəsinin inzibati binasında "Zəfər" respublika yaradıcılıq festival-müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilmişdir. Tədbirdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Vüqar Dadaşov, təhsil idarəsinin əməkdaşı və şagirdlər iştirak etmişlər.
Vüqar
Dadaşov çıxışında, festival-müsabiqənin şagirdlərin yaradıcılıq potensialını üzə
çıxarmaq və inkişaf etdirmək baxımından böyük əhəmiyyət kəsb etdiyini
vurğulamış, belə müsabiqələrin istedadlı gənclərin aşkar olunması və onların
bacarıqlarının daha geniş auditoriyaya təqdim olunmasında mühüm rol oynadığını
qeyd etmişdir. O, həmçinin şagirdlərə təhsildə və şəxsi inkişaflarında
yeni-yeni uğurlar arzulamışdır.
Mərasimdə
iştirak edən şagirdlərə Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanları və hədiyyələri
təqdim olunmuşdur. "Zəfər" respublika yaradıcılıq festival-müsabiqəsinin
final mərhələsində müxtəlif istiqamətlər üzrə 21 nəfər şagird Şirvan-Salyan
Regional Təhsil İdarəsini təmsil etmişdir. Bunlardan 1 nəfər I yerə, 6 nəfər II
yerə, 2 nəfər isə III yerə layiq görülmüşdür.
Qeyd edək
ki, festival-müsabiqənin keçirilməsində əsas məqsəd milli mədəniyyət və incəsənətin
təbliği, uşaqları vətənpərvərlik və adət-ənənələrə hörmət ruhunda tərbiyə etmək,
Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla
anmaq və Azərbaycan ordusunun Vətən müharibəsində qazandığı zəfəri gənc nəsil
arasında daha geniş şəkildə təbliğ etmək olmuşdur.
Şagirdlərimizi
təbrik edir, uğurlar arzu edirik.