Məktəbəqədər
təhsilin əlçatanlığı və keyfiyyətinin artırılması sahəsində aparılan işlər daha
da prioritetləşdirilməlidir. “Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri
Emin Əmrullayev bu gün keçirilən “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış”
adlı II beynəlxalq konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, təhsilin
ən vacib pillələrindən biri olan məktəbəqədər təhsillə bağlı müzakirələr təhsil siyasəti ilə məşğul olan həmkarların
təcrübə və biliklərinin artmasına müsbət təsir göstərir. “İnsan hər zaman öyrənir
və bir-birindən öyrənmək çox qiymətli bir təcrübədir” deyən nazir əlavə edib
ki, son illər Azərbaycanın əsas hədəflərindən biri məktəbəqədər təhsilin əlçatanlığını
təmin etməkdir. Çünki tarixən Azərbaycanda məktəbəqədər təhsilin əlçatanlığı
aşağı səviyyələrdə olub. Hazırda hədəfimiz hər iki uşaqdan birinin (yəni 1-5
yaş arası uşaqların 50%-nin) məktəbəqədər təhsillə əhatə olunmasıdır. Bu,
olduqca ambisiyalı və tarixi bir hədəfdir, çünki indiyə qədər bu göstəriciyə
yaxınlaşa bilməmişik”. Emin Əmrullayev əlavə edib ki, keçmişə nəzər salsaq, sovet
dövründə belə məktəbəqədər təhsillə əhatə olunma səviyyəsi 10, 15, ən yaxşı
halda 20% civarında olub. Hətta bəzi bölgələrimizdə bu göstərici cəmi bir neçə
faizlə ifadə edilirdi: “Buna görə də məktəbəqədər təhsilin əlçatanlığı və
keyfiyyətinin artırılması sahəsində aparılan işlər daha da prioritetləşdirilməlidir.
Ümumtəhsil sisteminin keyfiyyəti ilə bağlı olan problemləri də təhsilin bu
mühüm pilləsində həll etməyə çalışmalıyıq”.
Mənbə: https://muallim.edu.az/news/6750026b0856e6b67eda28e3


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)