2025-ci ildə
təhsil süni intellekt kimi yenilikçi texnologiyalar və dəyişən iş dünyasının tələbləri
ilə formalaşacaq. “Azərbaycan
müəllimi” xəbər verir ki, bu haqda dünyaca məşhur futurist, qabaqcıl düşüncə
lideri Bernard Marr özünün “Forbes” jurnalına təqdim etdiyi məqaləsində ətraflı
məlumat verib. Ənənəvi təhsil modeli dəyişikliklərin ildırım sürəti ilə baş
verdiyi bir cəmiyyətlə uyğunlaşa bilmir. Eyni zamanda, ənənəvi təhsil modellərində
bəzən nəzərdən qaçan emosional intellekt və ünsiyyət kimi bacarıqlar robotların
bir çox texniki tapşırıqları yerinə yetirməsi ilə daha da önəmli hala gəlir. Odur
ki, 2025-ci ildə təhsili formalaşdıran əsas trendlərə və bu trendlərin sürətlə
dəyişən dünyada uğur əldə etməyə hazırlaşan fərdlər üçün təklif etdiyi fürsətlərə
baxmaq lazımdır.
İnsan mərkəzli bacarıqlar
yenidən kurikuluma daxil olur
Texnologiyalar trendləri
analiz etmək, rəqəmləri hesablamaq və hesabatlar hazırlamaq mövzusunda effektiv
olduqca onların hələ də edə bilmədiyi bacarıqların dəyəri daha da artacaq. Bu,
o deməkdir ki, müəllimlər daha çox kritik düşüncə, ünsiyyət, emosional
intellekt, liderlik və komandada işləmək kimi insana məxsus bacarıqlarını
inkişaf etdirməyə yönəlməlidirlər. Bu bacarıqların ənənəvi təhsil sisteminə
daha çox inteqrasiyasını gözləmək olar, çünki biz insanlarla qarşılıqlı əlaqələr
qurmağı və dünyanın mürəkkəb, xaotik real vəziyyətlərilə qarşılaşmağı öyrənirik.
Bunlar süni intellekt dövründə liderləri və mütəxəssisləri fərqləndirəcək əsas
məsələlərdir.
Generativ
süni intellekt sinifdə
Generativ
süni intellekt (məsələn, ChatGPT kimi çat-botlar) indi hər yerdədir və 2025-ci
ildə siniflərdə olacağı da istisna edilmir. Əmək bazarında işçilərin 57 faizi
süni intellektin onları daha məhsuldar edəcəyini düşünür. Süni intellektin daha
effektiv şəkildə istifadə edilməsini öyrənmək isə müəllimlər üçün önəmli bir
prioritet olacaq. Bununla yanaşı, tədris sahəsində süni intellektin müxtəlif
sahələrdə istifadə dairəsi araşdırılmalıdır. Məsələn, müəllimlər qiymətləndirmə
zamanı işlərə fərdi rəy vermək və xüsusi məzmun və dərs planları hazırlamaq
üçün süni intellektdən istifadə edə bilərlər. Eyni zamanda süni intellektin məsuliyyətli
istifadəsi və nə zaman və necə istifadə olunacağına dair təlimlər də olacaq. Tələbələrə
süni intellektdən təhlükəsiz istifadə etməyi və hansı hallarda insan zəkasından
istifadə etməyin daha yaxşı olduğunu öyrətmək vacib olacaq.
Fərdi təhsil
Hər bir təhsilalan
individualdır: biz məlumatı müxtəlif sürətlərdə qəbul edirik; bəzilərimiz
videolardan daha yaxşı öyrənir, digərləri isə qrup müzakirələrindən və ya fəaliyyət
əsaslı öyrənmədən daha çox faydalanır. Fərdi təhsil hər bir tələbənin fərdi
bacarıqlarına uyğunlaşdırılmış təhsil verməyi vəd edir. Bu fərdi tədris
planları, qiymətləndirmələr və öyrənmə materialları deməkdir. 2025-ci ildə süni
intellektdən istifadə edərək bunların həyata keçirilməsi ilə bağlı təcrübələr və
pilot layihələrə daha çox rast gələcəyik, eyni zamanda, tələbələrin real vaxtda
irəliləyişlərini izləyən və dərs prosesini dinamik şəkildə tənzimləyərək cəlbedici
öyrənmə mühitləri yarada bilən süni intellekt kimi təlim köməkçilərinin ortaya
çıxması gözlənilir.
Ömür boyu təhsil
2025-ci ildə
təhsilin məzuniyyətdən sonra bitdiyini düşünmək artıq köhnəlmiş bir fikirdir.
Ömür boyu təhsil müasir dünyada yaşamaq üçün əsas amilə çevrilib. Peşəkarlara
texnologiyadakı sürətli dəyişikliklərə və iş dünyasındakı yeniliklərə ayaq
uydurmaq üçün daim yeni bacarıqlar öyrənmək və köhnəlmiş olanları yeniləmək
vacibdir. Hətta bəziləri deyir ki, bu gün bir çox hallarda universitet diplomu
ilə əldə edilən texniki bacarıqlar məzun iş dünyasına qədəm qoyduqdan sonra tez
bir zamanda köhnəlir. Onlayn təhsil, modul kurslar və mikro və nanoöyrənmə kimi
konsepsiyalar həllin bir hissəsi olacaq, çünki bunlar kiçik və yığıla bilən təhsil
yolları təqdim edir ki, bu da peşəkarların karyeralarına uyğun şəkildə həyata
keçirilə bilər.
Virtual siniflər və distant təhsil
Tələbələrin evlərindən çıxmadan qədim
sivilizasiyaları və ya uzaq planetləri araşdırdıqları bir təhsil prosesi təsəvvür
edin. Bu, 2025-ci ildə getdikcə bir həqiqətə çevrilir, çünki təhsilalanlar
tədris proseslərinə virtual və artırılmış reallıq – AR texnologiyalarını daxil
edirlər. Bu meyil, eyni zamanda, onlayn təhsil platformalarının və kurs təminatçılarının
təhsil imkanlarını artırmaq və daha çox əməkdaşlığa əsaslanan rəqəmsal öyrənmə
mühitləri yaratmaq məqsədi güdür. Distant təhsil və virtual siniflər müxtəlif səbəblərdən
təhsil müəssisələrinə getməkdə çətinlik çəkənlər üçün daha əlçatan olacaq.
Yüksək
texniki peşə təhsili üçün yeni əməkdaşlıqlar
Gələcəkdə təhsil
müəssisələri və bizneslər arasında yeni tərəfdaşlıqların yaranmağa başladığını
görəcəyik. Çünki işəgötürənlər və təhsil təminatçıları bacarıq çatışmazlığını
aradan qaldırmaq üçün yeni yollar axtarırlar. Hazırda təhsil sistemindən süni
intellekt və kibertəhlükəsizlik kimi yüksək texnoloji bacarıqlara əsaslanan sənaye
tələblərini ödəyən kifayət qədər tələbə məzun olmur. Bu əməkdaşlıqlar təhsilverənlərə
real dünyanın tələblərinə uyğun kurslar hazırlamağa və tələbələrin işəgötürənlərin
ehtiyaclarına uyğun bacarıqlar ilə məzun olmasına kömək edəcək.
“EdTech”
böyük biznesə çevrilir
Burada qeyd
edilən trendlərin həyata keçirilməsi üçün tələb olunan texnologiyaların təmin
edilməsi sürətlə böyüyən bir biznes sahəsinə çevrilib, “ed-tech” – təhsil texnologiyası
sənayesinin 2030-cu ilə qədər 142 milyard dollardan təxminən 350 milyard
dollara qədər artması proqnozlaşdırılır. Təhsil sahəsində onlayn təhsil
platformaları, immersiv virtual reallıq (VR) və süni intellekt köməkçilərinə
olan maraq artdıqca texnologiya 2025-ci ildə təhsilin çatdırılma formasını dəyişdirmək
üçün daha da əhəmiyyətli olacaq. Bu sahəyə davamlı investisiyaların yatırılması
və innovasiyalar müəllimlərin sürətlə dəyişən dünyanın tələblərinə cavab verə
bilməyini təmin edəcək.
2025-ci ilin
təhsil mənzərəsi ənənəvi modellərdən daha dinamik, texnologiya ilə zənginləşdirilmiş
və insan mərkəzli bir yanaşmaya doğru əsaslı keçidi nümayiş etdirir. Süni
intellekt və avtomatlaşdırma dünyamızı yenidən formalaşdırmağa davam etdikcə
qabaqcıl texnologiyanın insan bacarıqlarına daha çox fokuslanması yalnız öyrənmə
formasını dəyişmir, həm də rəqəmsal dövrdə təhsil almağın nə demək olduğunu
yenidən müəyyənləşdirir. Təhsilin gələcəyi sadəcə məlumatı mənimsəməkdən ibarət
deyil; daha mürəkkəb və sürətlə inkişaf edən dünyada uğur qazana biləcək,
uyğunlaşmağı bacaran, həyatı boyu öyrənən fərdlər yaratmaqdır. Təhsilverənlər,
tələbələr və peşəkarlar üçün bu trendləri mənimsəmək sadəcə seçim deyil, gələcəyin
dünyasında uğur qazanmaq üçün zəruridir.
Mənbə: https://muallim.edu.az/news/675056b56c9fc258d6a19c07


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)