Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
28
dekabr 2024, 13:17
Müstəqil
və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət
və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər
boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində
kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini,
mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin
sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.
1991-ci
il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi
haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə
tutulsa da, 1991-1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının
bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib
çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların
azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır.
Yalnız
1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider
Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli
proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət
quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə
hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan
Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və
institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin
müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi
dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri
ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali
niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu
oynamışdır.
Konstitusiyanın
preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi
bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Lakin
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin
30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının
həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə
son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan
xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin
bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir.
2020-ci
il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən
müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş
uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və
suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi
işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr
tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan
Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.
Bu
gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni
reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam
etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq,
qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
Konstitusiyamızın
bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam
bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən
müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara
alıram:
1. 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya
və Suverenlik İli” elan edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və
Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir
ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2024-cü il
Hörmətli oxucular 2025-ci il "Konstitusiya və Suverenlik İli"niz uğurlu olsun.
ОтветитьУдалить