26 noyabr
saat 15:00-dan etibarən Respublika Fənn Olimpiadalarında iştirak üçün elektron
qaydada qeydiyyat prosesinə başlanılacaq. Nəzərinizə çatdıraq ki, qeydiyyat
prosesi 9 dekabr tarixinədək davam edəcək. Şagirdlər https://portal.edu.az/ platforması üzərindən
qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron
xidmətdən faydalana bilərlər.
Respublika Fənn
Olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə VIII-IX siniflər
üçün 28 dekabrda, X-XI siniflər üçün 29 dekabrda, digər fənlər üzrə isə 22
dekabrda əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək. Fənn
olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil
alma, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək,
ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar
etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər
müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin
yaratmaqdan ibarətdir.
VIII-XI
sinif şagirdlərinin iştirak etdiyi Respublika Fənn Olimpiadaları riyaziyyat,
fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya
və tarix olmaqla 8 fənn üzrə təşkil olunur.
Olimpiadalar
rayon (şəhər) və Respublika olmaqla iki mərhələdən ibarətdir. Respublika mərhələsi
isə yarımfinal və final turları olaraq keçirilir. Qeydiyyat prosesi ilə bağlı
yaranan hər hansı çətinliklə əlaqədar qeyd olunan nömrəyə (+994507914631) “Whatsapp”
üzərindən problemin ətraflı təsvirini yazaraq müraciət edə bilərsiniz.
Qeyd edək
ki, Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə təşkil
edilir.
Mənbə: https://arti.edu.az/2024/11/26/respublika-f%c9%99nn-olimpiadalarina-qeydiyyat-baslayir-2/