Məktəbli bir günlük komitə sədri oldu

 

UNICEF “Uşaqlar idarəetmədə” (Kids Takeover) layihəsi çərçivəsində məktəbli Əsma Mənsurzadə bir günlük Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə rəhbərlik edib. “Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, məktəbli hüquqları ilə bağlı qərarların necə qəbul edildiyinin şahidi olub və bu sahədə öz fikirlərini formalaşdıraraq, təkliflər irəli sürmək imkanı əldə edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova:

“Bu gün bütün dünyada, həmçinin Azərbaycanda uşaq hüquqları günü kimi qeyd olunur. Məqsədi isə uşaqların hüquqlarının qorunmasını təmin etmək, onların sağlam, təhlükəsiz və bərabər şəraitdə yaşamaq, təhsil almaq və inkişaf etmək hüquqlarını bir daha vurğulamaqdır. Bu gün biz cəmiyyətin diqqətini uşaqların üzləşdiyi problemlərə, konfliktlər, iqlim dəyişiklikləri və digər səbəblərdən meydana çıxan zorakılıq, ayrı-seçkilik, yoxsulluq və təhsildən məhrum olma kimi məsələlərə yönəldir və onları həll etməyə çağırırıq. Bu, bizim üçün uşaqların rifahını yaxşılaşdırmağa yönələn qlobal həmrəyliyi və iş birliyini gücləndirən əlamətdar bir tarix, onların öz tükənməz enerjisi, yaradıcılığı və qətiyyətləri ilə harmonik bir dünyanın qurucuları və insanlığın sabahı olduqlarını vurğuladığımız gündür. Gəlin hamılıqla Gələcəyə doğru irəliləyərkən onların missiyasını dəstəkləməyə davam edək!”.

Əsma Mənsurzadə: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar xanım Muradovanın rolunu bir günlük əvəz etmək mənim üçün unudulmaz həm gözəl xatirə həm də maraqlı təcrübə oldu. Bu təcrübə mənə komitənin fəaliyyətini anlamaqla yanaşı uşaqların hüquqlarını qorumağın cəmiyyətimiz üçün nə qədər vacib olduğunu bir daha göstərdi və məni gələcəkdə uşaqların səsi olmağa, onların hüquqlarını qorumağa daha da ruhlandırdı”.

Mənbə: https://muallim.edu.az/news/673e17ef2c591c8019e64b3d

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.