Oktyabrın 21-də regional təhsil
idarələrinin rəhbərləri, maliyyə-mühasibatlıq və insan resursları üzrə əməkdaşlarının,
eləcə də Elm və Təhsil Nazirliyindən birbaşa maliyyələşdirilən bir sıra ümumi təhsil
müəssisələrinin baş mühasiblərinin iştirakı ilə praktiki seminar
keçirilib. Seminarın açılışında çıxış edən
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli təhsil sahəsindəki əsas
strateji hədəflər, bu istiqamətdə görülən işlər, tədbirin məqsəd və əhəmiyyəti
barədə iştirakçıları məlumatlandırıb, onlara uğurlar arzulayıb. Sonra Dövlət
Vergi Xidmətinin Sosial Sığorta və Əmək Münasibətlərinə Nəzarət İdarəsinin Əmək
münasibətlərinə nəzarət şöbəsinin rəisi Vüsal Qəhrəmanov “Muzdlu işlə əlaqədar
ödəmə mənbəyindən tutulmalar üzrə vahid bəyannamə (hesabatı)” və Dövlət Sosial
Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktor
müavini Ruslan Abuşov “Sosial sığorta ödəmələri ilə bağlı sığortaedənlərə
texniki-metodiki dəstəyin göstərilməsi, bu sahədə tətbiq edilmiş yeniliklər”
barədə təqdimatlarla çıxış ediblər. Daha sonra Mərkəzi Aran Regional Təhsil
İdarəsinin müdiri Elçin Kərimov və Şirvan-Salyan Regional Təhsil İdarəsinin
müdiri Sənan Mənsimli təhsil idarələrinin tabeliyində olan müəssisələrdə xərclərin
səmərəli və optimal idarəedilməsi istiqamətində görülən tədbirlər barədə təqdimatlar
ediblər. Seminar Bakı Şəhəri üzrə Təhsil İdarəsi, eləcə də Elm və Təhsil
Nazirliyinin Maliyyə şöbəsinin müvafiq təqdimatları və müzakirələrlə başa
çatıb.
Mənbə:https://edu.gov.az/az/news-and-updates/21597-1