Sağlam məktəbli

 

Bu gündən etibarən TƏBİB-in sosial şəbəkə səhifələrində “Sağlam məktəbli” rubrikası təqdim olunacaq. Rubrikanın məqsədi mütəxəssislər tərəfindən məktəbli və onların valideynlərinə düzgün məsləhətlər vermək, sağlam həyat tərzini təşviq etməkdir!  “Valideynlər uşaqların sağlam qidalanması, zehni fəaliyyəti yaxşılaşdırmaq üçün müxtəlif qida əlavələrinin verilməsi, çox sayda əlavə məşğələlərə qoyulması mövzusunda çox diqqətlidirlər. Lakin istədikləri nəticələri ala bilmirlər. Onlar çox önəmli bir faktoru – yuxu rejimini nəzərdən qaçırırlar”.  Respublika Pediatriya Mərkəzinin nəzdində olan Uşaq Nevroloji Xəstəxanasının həkim-nevroloqu Firuzə Bayramovanın sözlərinə görə, məktəbli uşaqların sağlam böyüməsi və inkişafları üçün keyfiyyəti yuxu rejimi çox önəmlidir:

“Uşaqlarda mental və fiziki sağlamlıq üzərində əhəmiyyətli təsiri olan yuxu ilə bağlı son dövrlər daha çox araşdırmalar aparılaraq yuxunun önəmi vurğulanır. Ümumiyyətlə, tibbi ədəbiyyatda məktəbli uşaqların günlük 10-11 saat yuxuya ehtiyacları olduğu qeyd olunur.  Yetərsiz yuxu məktəbli uşaqlarda öyrənmə və diqqət pozğunluqlarına səbəb olur. Aparılan bir çox araşdırmalarda yuxu problemi olmayan uşaqların akademik nəticələrinin daha yaxşı olduğu göstərilir”. Həkim-nevroloq qeyd edib ki, düzgün yuxu rejimi immun sistemin güclənməsinə səbəb olur və xəstələnmə riskini azaldır:

“8 yaş və daha kiçik uşaqlar 20:00-da, 9 yaş və daha böyük uşaqlar isə ən geci 21:00-da yatmalıdırlar. Yatağa getməzdən əvvəl hər gün eyni saatda yuxuya hazırlıq prosesi olmalı, dişlər fırçalanmalı, paltar dəyişilməlidir. Ən azı 1 saat əvvəldən bütün ekranlardan uzaq tutulmalı, yataq otağında isə elektronik əşya olmamalıdır. Televizor, kompüter və mobil telefonun çox istifadəsi melatonin hormonunun sintezinin azalmasına səbəb olaraq yuxunu pozur. Günlük olaraq internet istifadəsi ibtidai siniflər üçün maksimum 45 dəqiqə, 5-9-cu siniflər üçün 1 saat, 10-11-ci siniflər üçün isə 2 saat olmalıdır”. F.Bayramova yuxu problemlərinə səbəb olacaq bəzi nüanslara da diqqətə çəkib:

“Gün ərzində 2 saat və ya daha çox televizor izləmək, yatağa gec getmək, gün ərzində kompüter və mobil telefondan çox istifadə, sağlam qidalanma planının olmaması, xüsusilə fastfud və qazlı içkilərdən çox istifadə etmək, fiziki aktivliyin az olması nüanslara aiddir.

Yuxu rejiminin qurulması asan proses olmasa da, valideynlər bu mövzuda səbirlə çalışmalı, lazım gələrsə, həkim-mütəxəssislərdən dəstək almalıdırlar”.

Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının həkim-nevroloqu Sevinc Hüseynova bildirib ki, məktəblilərdə beyin qabığının formalaşması fonunda ilk yaddaş təfəkkürü 3-5 yaş arasında yaranıb, 9-12 yaşa qədər yüksələn xətti üzrə gedir: “İnkişafda olan uşaq beyninin hədsiz yüklənməsi ciddi fəsadlara yol açır. Hansısa bir psixi funksiyanın daha çox inkişafına tələbatdan artıq enerji sərf edilir, bu halda “balans uyğunsuzluğu” yaranır. Bu ilkin dövrdə müşahidə edilməsə də, sonrakı yaş dövründə özünü diqqət zəifliyi, görmə-hərəki koordinasiyanın pisləşməsi və s. kimi əlamətlərlə göstərir. Zehni yorğunluğun bir çox səbəbləri ola bilər. Əsas səbəb daimi stres, emosional travma, qeyri-sağlam həyat tərzi, qidalanma, nizamsız yuxu, fiziki fəaliyyətin olmamasıdır. Zehni yorğunluq hiss edən uşaqlar sadə məlumatları belə emal etməkdə çətinlik çəkir, diqqətini cəmləyə bilmir. Buna görə də uşaqlarda ümidsizlik, motivasiya problemi yaranır. Əsəbilik, təcrid, baş ağrıları, yorğunluq, arıqlama və ya çəki alma problemləri yaşanır”. S.Hüseynova əlavə edib ki, məktəb şagirdlərinin balanslı və vitaminli qidalanması, A, B, C, D vitamin qəbulu təmin olunmalı, yuxu rejiminə əməl olunmalı, ekrandan və telefon oyunlarından uzaqlaşdırılmalıdır:

“Balıq, qoz, yumurta, badam, süd məhsullarından istifadə olunmalıdır. Səhər və axşamlar bal şərbəti beynin qlükozaya olan tələbatını ödəməklə yaddaşı yaxşılaşdırır. İdman hərəkətləri, xüsusilə də onurğa sütunu idmanları beyin qan dövranını gücləndirir.

Uşaqlar bizim gələcəyimizdir. Onların sağlamlığına və tərbiyəsinə önəm verməliyik ki, ölkəmizin və dövlətimizin sabahı parlaq olsun”.

#Sağlamməktəbli #Yuxurejimi #Zehniyorğunluq

Mənbə: https://x.com/tabibgovaz/status/1839176078033650039


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.