Sentyabrın
23-də Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası
keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iclasda
iştirak edib.
Deputatlar
dövlətimizin başçısını hərarətli alqışlarla qarşılayıblar.
İclasın
əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra
Yeddinci çağırış Milli Məclisin birinci iclasında Azərbaycan Respublikasının
Prezidenti, zati-aliləri cənab İlham Əliyev geniş nitq söyləyib. Prezident Milli Məclisin üzvlərini Yeddinci
çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibəti ilə təbrik edib, onlara
uğurlar arzulayıb. Prezidentin çıxışı sürəkli alqışlarla qarşılanıb. (Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin Milli Məclisdə söylədiyi nitqin geniş mətni mətbuatda
dərc olunacaq.)
Sonra
Milli Məclisin ən qocaman deputatı kimi iclasa sədrlik edən Ziyad Səmədzadə
Yeddinci çağırış Milli Məclisin ilk iclasını açıq elan edib. Milli Məclisin birinci
iclasına sədrlik edən Ziyad Səmədzadə açılış nitqində Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin bu gün Milli Məclisə təşrif
buyurmasını, dəyərli fikirlərini bölüşməsini və proqram xarakterli tövsiyələrini
verməsini parlamentin tarixinə yazılan ən mühüm hadisələrdən biri kimi dəyərləndirib.
O, Ulu Öndər Heydər Əliyevin yolunu layiqincə davam etdirərək Azərbaycanı zirvələrə
yüksəltdiyinə, dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevirdiyinə görə
deputatlar adından Prezident İlham Əliyevə təşəkkürünü bildirib və ona gələcək
işlərində yeni böyük uğurlar arzulayıb. Ziyad Səmədzadə bildirib ki, Azərbaycan
Respublikası müstəqil inkişaf yolunda qarşıya çıxan böyük çətinlikləri aradan
qaldırıb, dövlət və cəmiyyət həyatının bütün sahələrində heyrətamiz uğurlar
qazanıb. Vurğulanıb ki, Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik və diplomatik məharəti,
Silahlı Qüvvələrimizin qəhrəmanlığı və fədakarlığı sayəsində əzəli
torpaqlarımızın 30 illik işğaldan azad olunması milli tariximizdə yeni səhifə
açıb. O, diqqətə çatdırıb ki, erməni işğalından azad edilmiş torpaqlarda –
Qarabağda və Şərqi Zəngəzurda bu gün genişmiqyaslı bərpa və quruculuq işləri həyata
keçirilir, məcburi köçkünlərin yurd həsrətinə son qoyulur. O, qeyd edib ki,
müstəqillik dövründə ilk dəfə olaraq Milli Məclis ölkəmizin bütün ərazisində
keçirilən seçkilər yolu ilə formalaşıb.
Ziyad Səmədzadə Milli Məclisə üzv seçildiklərinə görə
deputatları təbrik edib və Yeddinci çağırış Milli Məclisə seçilmiş deputatların
siyahısını oxuyub. Sonra deputat Ziyad Səmədzadə bildirib ki, Milli Məclisin
Daxili Nizamnaməsinin müvafiq maddələrinə əsasən, iclasın gündəliyinə 9 məsələ
daxildir. Bunlar - Milli Məclisin Hesablayıcı komissiyasının yaradılması, Milli
Məclisin sədrinin və sədr müavinlərinin seçilməsi, İntizam komissiyasının
yaradılması, Milli Məclisin komitə sədrlərinin və sədr müavinlərinin seçilməsi
ilə bağlı məsələlərdir.
İclasın
gündəliyi təsdiq olunub.
Sonra
iclasda Milli Məclisin Hesablayıcı komissiyasının yaradılması barədə məsələyə
baxılıb. Deputatlar Naqif Həmzəyev,
Sevinc Hüseynova, Eldar Quliyev, Soltan Məmmədov, Rövşən Muradov, Səbinə
Salmanova, Mixail Zabelin komissiyanın üzvləri seçiliblər. Ziyad Səmədzadə diqqətə
çatdırıb ki, ikinci məsələ - Milli Məclis sədrinin seçilməsi məsələsidir. O,
qeyd edib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 33-cü maddəsinə görə, Milli
Məclisin sədri vəzifəsinə namizədliyi Milli Məclisin deputatları irəli sürə bilərlər.
Bildirilib ki, parlament çoxluğunu təşkil edən Yeni Azərbaycan Partiyasının
nümayəndələri bu gün yığıncaq keçirərək, Milli Məclisin sədri vəzifəsinə öz
namizədlərini müəyyən ediblər. Sonra deputat Eldar İbrahimov parlamentin sədri vəzifəsinə Yeni
Azərbaycan Partiyasının namizədini təqdim edib. Millət vəkili çıxışında
bildirib ki, bu il sentyabrın 1- də azad
və şəffaf şəraitdə keçirilmiş demokratik parlament seçkilərində Yeni Azərbaycan
Partiyasının inamlı qələbəsi partiyamızın sədri, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətinə xalqın
göstərdiyi böyük etimadın yeni ifadəsi idi. Ulu
Öndər Heydər Əliyevin arzuladığı Azərbaycanı qurmaq naminə möhtərəm Prezidentin
həyata keçirdiyi strateji inkişaf xətti ölkəmizi dünyanın ən dinamik inkişaf edən
dövlətlərindən birinə və Cənubi Qafqazın liderinə çevirib. O, vurğulayıb ki,
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağın və Şərqi Zəngəzurun 30
illik işğaldan azad edilməsi xalqımızın
tarixi taleyi ilə bağlı olan son dərəcə mühüm bir məsələnin həllini təmin edib. Eldar İbrahimov qeyd edib ki,
dövlətçilik konsepsiyasının müxtəlif istiqamətlərində əldə edilmiş bu möhtəşəm
uğurlar Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərinə
geniş xalq dəstəyinin əsas amillərinə çevrilib. Beləliklə, YAP 68 deputat
mandatı qazanaraq parlament çoxluğuna sahib olub. Sonra deputat Eldar İbrahimov
diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyasından Milli Məclisə seçilmiş
deputatlar parlamentdə çoxluq hüququndan istifadə edərək və partiya sədrinin
tövsiyəsini nəzərə alaraq, Azərbaycan Respublikası Milli Məclisinin sədri vəzifəsinə
deputat Sahibə xanım Qafarovanın namizədliyini irəli sürür.
İclasda çıxış edən Milli Məclisin deputatı Sahibə
Qafarova Milli Məclisin sədri vəzifəsinə onun namizədliyinin irəli sürülməsinə
görə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və partiya həmfikirlərinə
dərin minnətdarlığını bildirib. O, deyib ki, əgər
deputatlar mənə etimad göstərərsə, Milli Məclisin sədri kimi məsul və şərəfli
vəzifəni layiqincə yerinə yetirməyə çalışacağam. Ulu Öndər Heydər Əliyevin
başladığı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin
davam etdirdiyi siyasi xəttin parlament səviyyəsində həyata keçirilməsini təmin
etmək mənim fəaliyyətimin əsas məramı olacaqdır.
Deputat
Sahibə Qafarovanın çıxışı alqışlarla qarşılanıb.
İclasda
deputat Ziyad Səmədzadə bildirib ki, deputat Eldar Quliyev Hesablayıcı
komissiyanın sədri, deputat Mixail Zabelin isə komissiyanın katibi seçiliblər.
Sonra
Sahibə Əli qızı Qafarova gizli səsvermə nəticəsində Milli Məclisin sədri vəzifəsinə
seçilib. İclasda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova deyib:
“Hörmətli
deputatlar! Xanımlar
və cənablar!
Etimad
göstərib məni Azərbaycan Respublikası Milli Məclisinin sədri seçdiyinizə görə
sizə minnətdarlığımı bildirirəm. Bu mənim üçün həm böyük şərəf, həm də sonsuz məsuliyyətdir
və sizi əmin edirəm ki, parlamentin sədri kimi öhdəmə düşən vəzifələri layiqincə
yerinə yetirmək üçün bütün bilik və bacarığımı sərf edəcəyəm. Bu baxımdan xüsusi vurğulamaq
istəyirəm ki, ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını
Milli Məclisin rəhbərliyində təmsil edərkən güclü və nüfuzlu qanunvericilik
orqanı barədə partiyamızın ideyalarını reallaş-dırmağa çalışacağam. Ulu Öndər
Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası möhtərəm cənab
İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətimizin siyasi inkişafında, dövlətimizin
strateji hədəflərinin əldə edilməsində, sosial həmrəyliyin möhkəmləndirilməsində
önəmli rol oynayır.
Hörmətli deputatlar! Xanımlar və cənablar!
2024-cü ilin parlament seçkiləri ölkəmizin
demokratik inkişafı yolunda irəliyə doğru mühüm addım olmuşdur. Seçkilər ölkəmizin
siyasi sisteminin yetkinliyini və cəmiyyətimizdə cərəyan edən demokratik
proseslərin sabit və davamlı olduğunu göstərmişdir. Parlament seçkilərinin ən
yüksək standartlara uyğun şəkildə azad, ədalətli və şəffaf şəraitdə keçirilməsi
xalqımızın iradəsinin dəqiq ifadə olunmasını təmin etmişdir. Xalqdan etimad
alan namizədlər parlamentin üzvü mandatını əldə etmişlər. Seçkilər nəticəsində
Yeni Azərbaycan Partiyası üzvlərinin parlamentdə yerlərin əksəriyyətini
qazanması möhtərəm Sədrimiz İlham Əliyev başda olmaqla partiyamızın xalq
arasında nə qədər böyük nüfuza malik olduğunu bir daha nümayiş etdirmişdir.
Beləliklə, Azərbaycan Respublikasının yeddinci
çağırış Milli Məclisi fəaliyyətə başlamışdır.
Bu münasibətlə mən istərdim deputat həmkarlarımı ürəkdən
təbrik edim və onlara gələcək işlərində uğurlar arzulayım!
Hörmətli xanımlar və cənablar!
Hörmətli xanımlar və cənablar!
Altıncı çağırış Milli Məclisin fəaliyyəti Azərbaycan
Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi
daxili və xarici siyasətin parlament ölçüsünü təmin etməyə yönəlmişdir. Milli Məclis
öz işini 2020-ci il martın 10-da keçirilmiş ilk iclasında dövlət başçısının irəli
sürdüyü tövsiyələr əsasında qurmuşdur. Milli Məclisin və onun komitələrinin rəhbərliyində
hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı, müxalif partiyaların nümayəndələrinin
də təmsil olunması siyasi sistemin möhkəmlənməsinə və siyasi münasibətlərin
sağlam zəmində güclənməsinə xidmət etmişdir. Parlamentin fəaliyyətində
demokratiya, plüralizm, qanunun aliliyi prinsipləri daha da genişləndirilmişdir.
Altıncı çağırış dövründə Milli Məclisin Aparatında və İşlər İdarəsində struktur
və kadr islahatları aparılmışdır. Bu da qeyd edilməlidir ki, 44 günlük Vətən
müharibəsindən sonra qazilərə və şəhid ailələrinə dövlət qayğısının ifadəsi
olaraq, onların nümayəndələri parlamentdə işə qəbul edilmişlər.
Hörmətli xanımlar və cənablar!
Qanun yaradıcılığı prosesində Azərbaycan
Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi,
Аli Məhkəmə, digər icra və məhkəmə hakimiyyəti orqanları, ölkənin aparıcı elm,
təhsil, yaradıcılıq mərkəzləri ilə sıx qarşılıqlı əlaqə saxlanılmışdır. Qeyd
edilməlidir ki, möhtərəm cənab Prezidentin tövsiyəsinə uyğun olaraq, Milli Məclis
ilə Prezident Administrasiyası və onun müvafiq şöbələri, xüsusən Siyasi
partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi arasında mütəmadi
konstruktiv əməkdaşlıq mühüm rol oynamışdır. Möhtərəm cənab Prezidentin tövsiyəsinə
əsasən Milli Məclis, Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi
arasında ölkəmizin xarici siyasət məsələləri ilə bağlı koordinasiya həyata
keçirilmişdir. Altıncı çağırış Milli Məclisin fəaliyyətində önəmli məqamlardan
biri də geniş ictimai maraq doğuran qanun layihələrinə və xüsusi əhəmiyyət kəsb
edən məsələlərə dair ictimai dinləmələrin keçirilməsində dinamik artımın
müşahidə edilməsidir. Bu dinləmələr qanun layihələri üzərində iş prosesində
qarşıya çıxan məsələlərin daha səmərəli həllinə və nəticə etibarilə layihələrin
daha yüksək səviyyədə hazırlanmasına xidmət etmişdir. Onu
da qeyd edim ki, bu illər ərzində 41 bu
cür dinləmə keçirilmişdir.
Hörmətli xanımlar və cənablar!
Ötən dövrdə parlamentin fəaliyyətinə dövlət başçısının
böyük qayğı və diqqətini biz daim hiss etmişik. Azərbaycan Prezidenti
Konstitusiyada təsbit edilmiş qanunvericilik təşəbbüsü hüququna əsaslanaraq
müasir standartlara uyğun qanunların hazırlanıb qəbul edilməsi işinə dəyərli
töhfələr vermişdir. Qanunvericilik fəaliyyətinin yekunlarına gəlincə, qeyd etmək
istərdim ki, altıncı çağırış Milli Məclisin
175 iclası keçirilmiş, 1202 akt, o cümlədən 1031 qanun və 171 qərar qəbul
edilmişdir. Ölkəmizin davamlı iqtisadi inkişafının ən mühüm göstəricisi olan dövlət büdcəsi və büdcə zərfinə daxil olan
digər sənədlər vaxtlı-vaxtında müzakirə və qəbul edilmişdir. Bundan əlavə, hər
il dövlət büdcəsinin icrası haqqında məsələ parlamentin müzakirəsinə
çıxarılmış, lazım gəldikcə büdcədə dəqiqləşdirmələr aparılmışdır. Milli Məclis
nəzarət funksiyasını da uğurla yerinə yetirmişdir. Nazirlər Kabinetinin və digər
qurumların illik hesabat, məruzə və məlumatları dinlənilmişdir. Eyni zamanda,
Azərbaycan parlamenti qanunların icrasının monitorinqini həyata keçirmişdir. Deputatlar
vaxtaşırı seçki dairələrinin ərazisində olmuş, seçiciləri düşündürən məsələləri
Milli Məclisdə və icra hakimiyyəti orqanları qarşısında qaldırmışlar. Ötən
dövrdə Milli Məclisə əhalidən 80 minə qədər təklif, ərizə və şikayət daxil
olmuş, 21 mindən çox vətəndaş parlamentdə qəbul edilmişdir.
Hörmətli xanımlar və cənablar!
Altıncı çağırış Milli Məclisin beynəlxalq əlaqələrinin
inkişafı üçün də lazımi tədbirlər görülmüşdür. Belə ki, deputatların 80-dən çox
ölkəyə 1200-dən artıq səfəri həyata
keçirilmiş, o cümlədən Milli Məclis sədrinin 70 rəsmi və işgüzar səfəri
olmuşdur. Bu dövr ərzində Milli Məclis 96 dövlətin və 42 beynəlxalq təşkilatın 3030 nəfər nümayəndəsinin iştirakı ilə 30
beynəlxalq tədbirə ev sahibliyi etmişdir. Bu tədbirlər sırasında mən xalqımızın
Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər
Əliyevin 100 illik yubileyi münasibəti ilə Milli Məclisin xüsusi iclasını
ayrıca vurğulamaq istərdim. İclasda xarici ölkələrin 510 nəfər təmsilçisi, o
cümlədən parlament sədrləri və sədr müavinləri, beynəlxalq parlament təşkilatlarının
rəhbərləri iştirak etmişlər. Bu da qeyd edilməlidir ki, Milli Məclisin təşkilatçılığı
ilə ölkəmizdə keçirilən bir sıra beynəlxalq tədbirlərin iştirakçılarının
işğaldan azad olunmuş ərazilərə 51 səfəri təşkil edilmişdir. Xarici ölkələrin
parlamentləri ilə əməkdaşlığa dair 18 yeni sənəd imzalanmışdır. Altıncı çağırış
Milli Məclisin fəaliyyəti dövründə 21 ölkənin parlamentləri ilə əlaqələr üzrə yeni işçi qrupları yaradılmış və bu qrupların
sayı bu gün 103-ə çatmışdır. Hazırda
Milli Məclis Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə, Asiya Parlament
Assambleyasına və Türk Dövlətlərinin Parlament Assambleyasına sədrlik edir. Onu
da qeyd edim ki, 2021-ci ilin noyabrında yaranmış Qoşulmama Hərəkatının
Parlament Şəbəkəsi bu gün 6 beynəlxalq təşkilatda müşahidəçi statusu əldə
etmiş, 7 beynəlxalq təşkilata isə Parlament Şəbəkəsində müşahidəçi statusu
verilmişdir. Eyni zamanda, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi 6 beynəlxalq qurumla, o cümlədən dünyanın ən
böyük və mötəbər parlamentlərarası təşkilatı sayılan Parlamentlərarası İttifaq
ilə Anlaşma memorandumları imzalamışdır.
Hörmətli xanımlar və cənablar!
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün
parlament diplomatiyasının bütün imkanlarından istifadə edilmişdir. Məlum
olduğu kimi, Azərbaycana qərəzli münasibət bəsləyən qüvvələr son dövrdə, xüsusən
Qarabağ məsələsi həll edildikdən sonra ölkəmizə qarşı hücumları daha da gücləndirmişlər.
Bu qüvvələrin sırasında məlum beynəlxalq təşkilatlar da, bəzi Avropa ölkələri də
var. Milli Məclis bu təşkilatların və ölkələrin parlamentlərinin qərəzli qətnamələrinə,
onların siyasi xadimlərinin əsassız iddialarına münasibətini qətiyyətlə və kəskin
şəkildə ifadə etmişdir. Xarici ölkələrin parlamentləri və beynəlxalq
parlament təşkilatları ilə qarşılıqlı əlaqələrdə xalqımızın maraqlarının müdafiəsi istiqamətində zəruri işlər aparılmışdır.
Hörmətli
deputatlar!
Azərbaycan
Respublikası günbəgün inkişaf edir və dövlətimizin beynəlxalq aləmdə nüfuzu
artır. Odur ki, möhtərəm cənab Prezidentin sabit, qüdrətli və heç kəsdən asılı
olmayan dövlət barəsində baxışlarının həyata keçməsinə Milli Məclis bundan
sonra da var gücü ilə kömək göstərməlidir.
Əminliklə demək olar ki, Milli Məclisin fəaliyyəti dövlət
siyasətinin parlament ölçüsünün daha da möhkəmləndirilməsi baxımından önəmli
rol oynayacaqdır. Bununla əlaqədar olaraq, bu gün möhtərəm cənab Prezidentin öz
çıxışında irəli sürdüyü tövsiyələr Milli Məclisin fəaliyyətində rəhbər göstərişlər
kimi daim nəzərə alınacaq. Eyni zamanda, hesab edirəm ki, dövlət başçısının müəyyən
etdiyi məqsədləri əsas götürməklə, Milli Məclis bir neçə önəmli istiqamətə mütəmadi
diqqət yetirməlidir.
Hörmətli deputatlar! Xanımlar və cənablar!
Ölkəmiz öz inkişafının mühüm və sınaqlarla dolu
olan bir mərhələsinə qədəm qoymuşdur. Ərazi bütövlüyünü və suverenliyini təmin
etdikdən sonra Azərbaycan dövlətinin keyfiyyətcə yeni bir səviyyəyə yüksəlməsi
özü ilə bərabər çoxsaylı çağırışlar da gətirmişdir. Parlament ölçüsündə bu çağırışlara
cavab vermək üçün düşünürəm ki, Vətənə və xalqa məhəbbət, dövlətə sədaqət, dəyişən
şəraitə və hadisələrə çevik münasibət bildirmək bacarığı tələb olunur. Bizim
hər birimiz bu tələbə cavab verməliyik.
Hörmətli
deputatlar !
Biz çalışmalıyıq ki, parlament fəaliyyətini möhtərəm cənab Prezident İlham Əliyevin xalqımızın və dövlətimizin bu günü və gələcəyi naminə nümayiş etdirdiyi liderliyə layiq yüksək səviyyədə həyata keçirə bilək. Əminəm ki, Milli Məclis Azərbaycan dövlətinin və cəmiyyətinin qanunvericilik orqanına bəslədiyi ümidləri doğruldacaq, xalqımızın parlamentarizm ənənələrinin inkişafına yeni töhfələr verəcəkdir”. Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin üçüncü məsələsi Milli Məclis sədrinin birinci müavininin seçilməsidir. O, qeyd edib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 34-cü maddəsinə görə, Milli Məclis sədrinin müavini vəzifəsinə namizədliyi ilk növbədə Milli Məclisin sədri irəli sürür. Sahibə Qafarova Milli Məclis sədrinin birinci müavini vəzifəsinə deputat Əli Əhmədovun namizədliyini təklif edib. Açıq səsvermə yolu ilə Əli Cavad oğlu Əhmədov Milli Məclis sədrinin birinci müavini seçilib. Spiker Sahibə Qafarova dördüncü məsələnin Milli Məclis sədrinin müavininin seçilməsi olduğunu deyib və bu vəzifəyə Ziyafət Əsgərovun namizədliyini təklif edib. Səsvermə nəticəsində Ziyafət Abbas oğlu Əsgərov Milli Məclis sədrinin müavini seçilib. Parlamentin sədri bildirib ki, gündəliyin beşinci məsələsi də Milli Məclis sədrinin müavininin seçilməsidir. O, qeyd edib ki, parlament seçkilərində heç bir siyasi partiyaya mənsub olmayan, müstəqil 44 nəfər deputat mandatı alıb və bu gün Milli Məclisin iclasından öncə onlar öz iclaslarını keçiriblər. Sonra Milli Məclis sədrinin müavini vəzifəsinə müstəqil deputatların namizədi Musa Cəfər oğlu Qasımlının namizədliyi deputat Ziyad Səmədzadə tərəfindən təqdim edilib və səsə qoyularaq qəbul edilib. Spiker Sahibə Qafarova 6-cı məsələnin də Milli Məclis sədrinin müavininin seçilməsi ilə bağlı olduğunu deyib. İclasda Milli Məclis sədrinin müavini vəzifəsinə Milli Məclisdə azlıq təşkil edən siyasi partiyalar arasında ən çox deputat mandatı qazanmış Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi deputat Rafael Baba oğlu Hüseynovun namizədliyi deputat Tənzilə Rüstəmxanlı tərəfindən təqdim edilib və səsə qoyularaq qəbul edilib. Parlamentin sədri Sahibə Qafarova gündəliyin yeddinci məsələsinin Milli Məclisin İntizam Komissiyasının yaradılması olduğunu bildirib. O, İntizam komissiyasının tərkibinə deputatlar Kamal Cəfərov, Afət Həsənova, Məlahət İbrahimqızı, Eldar İbrahimov, Kamaləddin Qafarov, Nəsib Məhəməliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov, Asim Mollazadə, Səttar Möhbalıyev və Nizami Səfərovun namizədliklərini təklif edib. Komissiyanın tərkibi səsə qoyularaq qəbul edilib.
Sədr gündəliyin səkkizinci məsələsinin Milli Məclisin
komitələrinin sədrlərinin seçilməsi olduğunu diqqətə çatdırıb. İclasda deputat
Əli Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin,
Arzu Nağıyev Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin,
Zahid Oruc İnsan hüquqları komitəsinin, Sadiq Qurbanov Təbii ehtiyatlar,
energetika və ekologiya komitəsinin, Azər Əmiraslanov İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin, Musa
Quliyev Əmək və sosial siyasət komitəsinin, Əhliman Əmiraslanov Səhiyyə komitəsinin,
Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Şahin İsmayılov Gənclər
və idman komitəsinin, Fazil Mustafa İctimai birliklər və dini qurumlar komitəsinin,
Siyavuş Novruzov Regional məsələlər komitəsinin, Anar İsgəndərov Elm və təhsil komitəsinin, Polad Bülbüloğlu Mədəniyyət
komitəsinin, Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədrləri təsdiq ediliblər.
Sahibə Qafarova gündəliyin sonuncu - doqquzuncu məsələsinin
Milli Məclisin komitələrinin sədr müavinlərinin seçilməsi haqqında olduğunu
söyləyib. Sonra Deputat Elşən Musayev Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin, Qüdrət Həsənquliyev Müdafiə, təhlükəsizlik və
korrupsiya ilə mübarizə komitəsinin, Arzuxan Əlizadə İnsan hüquqları komitəsinin,
Fatma Yıldırım Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Azər
Badamov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Razi Nurullayev
Aqrar siyasət komitəsinin, Elşad Musayev Əmək və sosial siyasət komitəsinin, Rəşad
Mahmudov Səhiyyə komitəsinin, Jalə Əliyeva Ailə, qadın və uşaq məsələləri komitəsinin,
Könül Nurullayeva Gənclər və idman komitəsinin, Sahib Alıyev İctimai birliklər
və dini qurumlar komitəsinin, Nurlan Həsənov Regional məsələlər komitəsinin,
Fariz İsmayılzadə Elm və təhsil komitəsinin, Günay Əfəndiyeva Mədəniyyət komitəsinin,
Nigar Arpadarai Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin
sədr müavinləri təsdiq ediliblər. İclasın sonunda Milli Məclisin sədri Sahibə
Qafarova əmin olduğunu bildirib ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisin işi ilə bağlı
tövsiyələrini birlikdə yerinə yetirmək üçün var gücümüzü sərf edəcəyik. Spiker
deputatları bir daha təbrik edib, işlərində uğurlar arzulayıb.
Bununla
da Yeddinci çağırış Milli Məclisin bugünkü iclası başa çatıb.
Milli
Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsi
Mənbə: https://www.meclis.gov.az/news.php?id=5653&lang=az