Elm və Təhsil
Nazirliyi ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tabe
qurumlarda növbəti dövri yoxlama tədbirləri çərçivəsində Dağlıq Şirvan Regional
Təhsil İdarəsində (RTİ) yoxlamalar aparıb. Yoxlamalar yerli bölmələr tərəfindən
təhsilin dövlət standartlarına uyğun təşkilinə nəzarətin həyata keçirilməsi,
direktor və direktor müavinlərinin işə qəbulu prosesinin mövcud qaydalara uyğun
təşkili, kadrların təyinatı və yerləşdirilməsi, eyni zamanda qayda və təlimatların
icra vəziyyətinin yoxlanılması məqsədilə həyata keçirilib. Aparılan yoxlamalar
zamanı sözügedən idarənin fəaliyyətində müsabiqə qaydaları və şərtlərinin, təlimati
sənədlərin tələblərinin ciddi şəkildə pozulması halları aşkarlanıb. Bununla
yanaşı, RTİ-nin tabeliyində fəaliyyət göstərən müəssisələrə nəzarətin təşkilində
nöqsanlar aşkar edilib. Araşdırmanın nəticəsinə əsasən, Dağlıq Şirvan Regional
Təhsil İdarəsinin müdiri Rövşən Əliyev elm və təhsil nazirinin müvafiq əmri ilə
iyulun 1-dən tutduğu vəzifədən azad edilib. Dağlıq Şirvan Regional Təhsil İdarəsinin
müdir vəzifəsinin icrası müvəqqəti olaraq idarənin müdir müavini Həmid Qasımova
həvalə edilib. Agentlik tərəfindən yerli bölmə və tabe müəssisələrin fəaliyyətinə
nəzarətin təşkili məqsədilə aparılan yoxlamalar il ərzində davam etdiriləcək.
Mənbə: https://muallim.edu.az/news.php?id=30985