Adambaşına maliyyələşmə nədir? – AÇIQLAMA

 

Adambaşına maliyyələşmə orta ümumi təhsil müəssisələrində hər şagirdbaşına düşən vəsaitin hesablanmasıdır.

“Adambaşına maliyyələşmə orta ümumi təhsil müəssisələrində hər şagirdbaşına düşən vəsaitin hesablanmasıdır”. "Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Elnur Əliyev mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, orta ümumi təhsil müəssisələrində adambaşına maliyyələşməyə keçid “Azərbaycan Respublikasının 2022-2026-cı illər sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapıb. Sənəddə bu məsələ Elm və Təhsil Nazirliyinə verilmiş tapşırıqlar içərisində yer alıb:

“Ənənəvi modeldə ümumi vəsait hansısa xərc maddələrinə görə bölünürdü. Adambaşı maliyyələşmədə vəsait hər şagirdə hesablanır. Kənd və ya şəhər məktəbində təhsil almasından asılı olmayaraq, şagirdlərə bərabər vəsait, bərabər imkanlar ayrılır”.

 E.Əliyevin fikrincə, bu həm də o deməkdir ki, məktəblərdə hesabatlılıq və məsuliyyət artacaq:

“Yəni şagird hara getsə, vəsaiti də özü ilə ora aparır. Şagird bir məktəbdən çıxanda həmin müəssisəyə ayrılan vəsait də azalır. Bu, şagirdlərin tədrisinə daha həssas yanaşmaq üçün əlavə məsuliyyət hissi yaradacaq. Həmçinin bu, pilot layihə gedişində onlara müvafiq təlimlər mütləq veriləcək".

 E.Əliyev adambaşına maliyyələşməni hesabatlılıq baxımından çox müsbət layihə hesab edir:

“Paralel olaraq qeyd edim ki, bu tip yanaşma ilə məktəbin özünəməxsus ehtiyacları ola bilər. İndiki halda resurslar mərkəzdən paylanır və hamıya bəlli resurslar verilir. Amma adambaşına maliyyələşmədə müəssisələrin özünün şagird sayına görə büdcəsi var və bu, resurs ehtiyacına görə spesifik istiqamətlərə xərclənir. Məsələn, hansısa fənn istiqamətində əlavə diqqət, yaxud resurs ayırmaq istəyirsə, məktəb idarəçilərinin muxtariyyəti olur. Bu da onlara büdcədən istifadə imkanları verir ki, nəticədə bu, təhsilin keyfiyyətinin artırılmasına xidmət edir. Yəqin ki, adambaşına maliyyələşməyə keçid məktəblərin idarəetmə strukturlarına yanaşmanın da dəyişməsinə gətirib çıxaracaq”.  Nazir müşaviri adambaşına maliyyələşmədə müəlimlərin maaşının haradan və necə ödəniləcəyinə də münasibət bildirib:

“Bir məktəb buna spesifik yanaşa bilməz. Layihəyə tam keçiddən sonra, yəqin ki, məktəblərin büdcəsi olacaq və məktəb rəhbərlərinin əlavə müəllim cəlb etmək, müəllimə əlavə mükafat vermək kimi imkanları olacaq”.  O həmçinin 2026-cı ilə qədər pilot olaraq nəzərdə tutulan layihənin hələlik bir neçə məktəbdə başlayacağını diqqətə çatdırıb:

“Strategiyada hədəf olaraq 100 məktəbə çatdırılması nəzərdə tutulub”.

Mənbə: https://www.muallim.edu.az/news.php?id=31030


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.