Virtual təkamül: ilk sosial şəbəkə necə meydana gəlib


Hər il iyun ayının 30-da Ümumdünya Sosial Şəbəkə Günü qeyd olunur. Müasir reallıqlar elədir ki, foto lentinizi vərəqləmədən, messencerlərdə və sosial şəbəkələrdə gülməli şəkillər paylaşmadan bir günü belə təsəvvür etmək mümkün deyil. Bəs hər şey haradan başlamışdır: kompüteri kim icad edib, ilk veb-sayt nə haqqında olmuşdur və ilk olaraq hansı sosial şəbəkə meydana çıxmışdır? 30 iyun Ümumdünya Sosial Media Günündə biz bu məsələlərə nəzər salmaq və rəqəmsal cəmiyyətin dinamikasına işıq salmaq qərarına gəldik.

Bir az əvvəldən başlayaq: ilk kompüter necə meydana çıxdı?

İlk kompüteri kimin icad etdiyi barədə çoxlu fərziyyələr vardır. Bəzi ekspertlər hesab edirlər ki, onun ilk versiyası 1622-ci ildə Vilyam Otred tərəfindən icad edilən loqarifmik xətkeş olmuşdur. Digərləri 1833-cü ildə dizaynını təqdim etdiyi ingilis riyaziyyatçısı Çarlz Bebbicin Analitik Mühərrikinin ilk kompüterin prototipi olduğuna inanırlar. Ancaq müasir kompüterə ən çox bənzəyən fərdi cihazdan danışırıqsa, XX əsrə qayıtmaq və başqa bir alimi xatırlamaq lazımdır. 9 dekabr 1968-ci ildə San-Fransiskoda Hesablama Texnologiyaları üzrə Birgə Konfransda D. K. Engelbart həmkarlarına öz innovativ ixtirasını - adi insanların gündəlik işlərini asanlaşdıra bilən ilk fərdi kompüteri (PC) və onunla birlikdə siçanı təqdim etmişdir (yəni- klaviatura və istifadəçi interfeysi). Bundan əvvəllər, bütöv bir ixtisaslaşdırılmış otağı tuta bilən kompüterlər fərdi şəxslər üçün mövcud deyildi və əsasən hərbi və ya dövlət məqsədləri üçün istifadə olunurdu. Məsələn, 1951-ci ildə ABŞ Siyahıyaalma Bürosu üçün yaradılmış UNIVAC kompüterinin çəkisi 7258 kiloqram və 5000 vakuum borusu var idi. SSRİ-də ilk fərdi kompüter yalnız 1980-ci ildə meydana çıxmışdı, lakin 1980-ci illərin ortalarında cihazla tanış olan yüksək texnologiyalı dahilər artıq “Radio” jurnalının diaqramlarından istifadə edərək onun sadələşdirilmiş versiyasını yığmışdılar.Yeri gəlmişkən, montaj üçün hissələr daha sonra sərfəli dəst kimi satılırdı.

İlk veb sayt nə barədə olmuşdur?

İlk “PC” 1968-ci ildə kütlələrə nümayiş etdirilsə də, ilk internet saytı 1991-ci il avqustun 23-nə kimi görünmədi. O, bir il əvvəl Stiv Cobsun NeXT kompüterindən istifadə edərək britaniyalı alim Tim Berners-Li tərəfindən hazırlanmışdı. İnkişafı zamanı Berners-Li veb-səhifələrin yaradılması üçün “Hypertext Markup Language”  (HTML), “Hypertext Transfer Protocol” (HTTP), resurs lokatorları (URL) və bütün dünya üzrə məlumatların ötürülməsi üçün bir sıra qaydalar hazırladı. Qeyd edək ki, siz bu yazını oxumaqla bütün bunlardan istifadə edirsiniz. “World Wide Web Project” (WWW) saytının özü əvvəlcə “CERN”-də (Avropa Nüvə Tədqiqatları Təşkilatı) daxili istifadə üçün hazırlanmışdı, lakin 1991-ci ilin avqustunda bütün istifadəçilər üçün əlçatan oldu.

İlk hansı sosial şəbəkə olmuşdur?

Nəhayət, gəlirik ən maraqlı hissəyə - ilk sosial şəbəkənin ixtirasına. Ehtimal olunur ki, Rusiyada 1995-ci ilin dekabrında ortaya çıxan məktəb təşkilatlarının siyahısı olan “Sinif yoldaşları” (Classmates) (rus dilində: «Одноклассники») saytı onun mənbəyinə çevrildi. Daha sonra onun funksionallığı, kataloqu yayımlamaqla yanaşı, profil yaratmaq və dostlar əlavə etmək imkanı əlavə etdi. Lakin bu sosial şəbəkə dar çərçivədə idi. Buna görə də, kütləvi kompüter istifadəçisi üçün mövcud olan ilk onlayn icma haqqında öyrənək. 1996-cı ilin may ayında Endryu Vaynrayx “Six Degrees” veb-saytını işə saldı, burada istənilən istifadəçi öz profilini yarada və ünsiyyət qurmaq üçün dostlar tapa bilərdi. Yeri gəlmişkən, bir milyona yaxın insan bu fürsətdən yararlanıb. Rəsmi olaraq məhz bu sosial şəbəkə dünyada ilk olub və onun prototipi bu gün tanıdığımız icmaların əsasını təşkil edib. Daha sonra, 2001-ci ildə oxşar sosial şəbəkə “Ryze” meydana çıxdı və bu gün tanınan “LinkedIn” saytının sələfi oldu. Yeri gəlmişkən, o, yalnız 2003-cü ildə icad edilmişdir. “MySpace” sosial şəbəkəsi də 2003-cü ildə yaradılıb və 2006-cı ilə qədər 1 nömrəli sayt olmuşdur. 2007-ci ildə artıq 12 milyard dollar dəyərində qiymətləndirilirdi.

FB-ni qeyd etməmək mümkün deyil

Tarixin ən mübahisəli saytlarından biri olan Facebook (Rusiyada ekstremist hesab edilən və qadağan olunmuş Meta şirkətinə məxsusdur) 2004-cü ilin fevralında Mark Zukerberq tərəfindən yaradılmışdır. Harvardın ikinci kurs tələbəsinin saytın ideyasını Tayler və Cameron Uinklvosslar və Divya Narendradan oğurladığı iddia edilir. Hər üçü Zukerberqə qarşı iddia qaldırsalar da, məsələ məhkəməsiz  həll olundu. Sayt əvvəlcə yalnız Harvard tələbələri üçün nəzərdə tutulmuşdu, lakin sonda 2006-cı ilin sentyabrında geniş ictimaiyyətə təqdim olundu. Sosial şəbəkənin yaranma tarixi haqqında 2010-cu ildə çəkilmiş “Sosial şəbəkə” filmində daha çox məlumat əldə edə bilərsiniz.

Rusiyada yerli ilk sosial şəbəkə hansıdır?  

İlk rus sosial şəbəkəsi “Dostlar dairəsində” (В кругу друзей) 2003-cü ildə meydana çıxmışdı. Bütövlükdə onun konsepsiyası çox sadə idi və bir qədər xarici sələflərini xatırladırdı: sinif yoldaşları və tələbə yoldaşları təhsil məlumatlarından istifadə edərək dostlarını tapa bilirdilər. “Dostlar dairəsində” bu gün də istifadəçilər üçün əlçatan olsa da, onun 2006-cı ildə meydana çıxan “VKontakte” (Вконтакте) və “Odnoklassniki” (Одноклассники) ilə əvəz olunduğunu söyləmək olar.

Bu gün Rusiyada hansı sosial şəbəkə ən çox populyardır?

2023-cü ildə Rusiyada ən populyar sosial şəbəkə “VKontakte” olub. Saytdan hər ay təxminən 89 milyon istifadəçi istifadə edir. Rəsmi qurulma günü 2006-cı il oktyabrın 10-dur, saytın ilk funksiyaları yaranıb. 2007-ci ildə sosial şəbəkə istifadəçilərinin sayı 100 mindən 3 milyona yüksəlib. 2010-cu ildə sayt 100 milyonuncu istifadəçisini qeydiyyatdan keçirib. 2013-cü ildə saytın yaradıcısı 22 yaşlı Pavel Durov səhmlərin qalan 12%-ni satmaq üçün müqavilə bağlamışdır. 12 oktyabr 2021-ci il tarixində sosial şəbəkəni əldə edən “Mail.ru Group”  (MRG) rebrendinq edərək sayta  yeni ad - “VK” verdi.

Mənbə: https://vfokuse.mail.ru/article/virtualnaya-evolyuciya-kak-poyavilas-pervaya-socialnaya-set-61669899/

Rus - dilindən tərcümə:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

P.S.

Heç şübhəsiz ki, yuxarıda sadaladığımız sosial şəbəkələrdən Azərbaycan vətəndaşları da istifadə edir. Hazırda Azərbaycanda ən populyar sosial şəbəkələr isə bunlardır: Instagram, Facebook, TikTok (əgər sosial şəbəkə demək mümkündürsə), X.com-dur. ...Bəs sizlər hörmətli oxucular, necə düşünürsünüz?

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.