Süni intellektin təhsildə etik məsələləri

 

Süni intellektin təhsil sahəsində tətbiqi getdikcə genişlənir və bu, təhsil siyasətçiləri və mütəxəssislər tərəfindən ciddi şəkildə araşdırılır. Bu istiqamətdə tədqiqatlar aparan platformalardan biri də tanınmış nəşr olan “EdWeek”dir. Burada təhsil təcrübələri və təhsil siyasətləri haqqında xəbərlər, ətraflı təhlillər və hesabatlar təqdim olunur. Yaxın günlərdə bu platformada “Foundry10” təhsil təşkilatının baş elmi işçisi Cenifer Rubinin “Süni intellektin “çoxşaxəli etikası” haqqında” məqaləsi nəşr olunub. Məqalədə müəllimlər və tam orta məktəb şagirdləri arasında süni intellektin mənimsənilməsi ilə bağlı etik məsələlər 15 müəllim və 33 şagirdin iştirakı ilə araşdırılıb. Araşdırma təhsildə süni intellektlə bağlı kompleks qavrayış və narahatlıqları müəyyən etməyi hədəfləyib. Tədqiqat nəticəsində “ChatGPT” kimi süni intellekt alətlərinin dərs planlaşdırılması və oyun əsaslı tapşırıqlarda effektiv olduğu aşkar edilib. Lakin süni intellektin yaratdığı məlumatların etibarlılığı ilə bağlı problemlər də mövcuddur. Məqalədə həmçinin süni intellekt alətlərinin cavablarının yenilənməməsi və təhsil standartlarına uyğun olmaması vurğulanır. Bu, süni intellektin tədris keyfiyyətinin artırılmasında faydası ilə bağlı müəyyən şübhələr yaradır. Bundan əlavə, müəllimlər şagirdlərin tapşırıqları yerinə yetirməkdə süni intellektdən hədsiz dərəcədə istifadəsinin onların tənqidi düşünmə bacarıqlarını zəiflədəcəyindən narahatdırlar.

Etik məsələlər və bununla bağlı nümunələr:

 Akademik dürüstlük

 Süni intellekt alətləri, xüsusilə mətn yaratma qabiliyyəti olan “ChatGPT” plagiat riski yarada bilər. Belə ki, şagirdlər süni intellektin köməyi ilə yazılmış tapşırıqları öz işləri kimi təqdim edə bilərlər. Nümunə üçün bir şagird, esse yazarkən süni intellektdən istifadə edərək mövzu haqqında geniş məlumat və struktur əldə edir, lakin bunun fərdi təhlili olmadan təqdim edir. Bu da, öz növbəsində, akademik dürüstlüyün pozulmasına gətirib çıxarır.

Tənqidi düşünmə bacarıqlarının zəifləməsi

 Süni intellektə həddən artıq asılılıq şagirdlərin tənqidi düşünmə və problem həlletmə bacarıqlarını zəiflədə bilər. Belə ki, şagirdlər mürəkkəb məsələlərin həllində süni intellektə güvəndikdə özlərinin yaradıcı və analitik düşünmə bacarıqları inkişaf etməyə bilər. Məsələn, riyaziyyat tapşırığını həll etmək əvəzinə, şagird süni intellektdən hazır cavabları tələb edə bilər.

Etibarlılıq və yenilənmə problemləri

 Süni intellekt alətlərindən əldə olunan məlumatların həmişə etibarlı və yenilənmiş olmaması tədris prosesinə mənfi təsir göstərir. Müəllim dərs planlaşdırarkən “ChatGPT”dən aldığı məlumatın köhnəlmiş olub-olmadığını araşdırmalıdır. Çünki bu, şagirdlərə yanlış və ya aktual olmayan məlumatların ötürülməsinə səbəb ola bilər.

Qiymətləndirmə və rəy verməkdə etik dilemmlar

 Bununla yanaşı, müəllimlər qiymətləndirmə prosesində süni intellektin istifadəsi ilə bağlı ciddi etik məsələlərlə qarşılaşa bilərlər. Süni intellektdən istifadə edilərək yazılmış bir esse müəllim tərəfindən qiymətləndirilir. Lakin müəllim yazının süni intellekt tərəfindən yaradıldığını bilmədiyi üçün düzgün qiymətləndirmə və rəy vermə prosesində çətinlik çəkə bilər.

Etik çərçivələrin zəruriliyi

 Məqalədə qeyd edilib ki, şagirdlər və müəllimlər süni intellektin istifadəsi üçün aydın təlimatlara və etik çərçivələrə ehtiyac duyurlar. Tədqiqatda şagirdlər süni intellektin plagiat üçün deyil, esse mövzuları və ya qrammatikanın dəqiqləşdirilməsi kimi humanitar tapşırıqlarda istifadə edilməsini vurğulayıb və etik narahatlıqlarını bildiriblər. İştirakçılar məktəblərində strukturlaşdırılmış siyasətlərin və etik çərçivələrin tətbiqinin vacibliyini qeyd ediblər.

Beləliklə, süni intellektin təhsildə istifadəsi üçün hərtərəfli etik təlimatlara və təhsil strategiyalarına təcili ehtiyac var. Müəllimlər, təhsil siyasətçiləri və şagirdlər texnologiyanın öyrənmə mühitində ədalətli və effektiv inteqrasiyasını təmin etməli və idarə etməlidirlər. Süni intellekt təhsil mühitinə nüfuz etməyə davam etdikcə, bu etik məsələlərin həlli və balansın təmin edilməsi təhsilin keyfiyyətini və ədalətliliyini qorumaq üçün vacibdir.

Mənbə: https://www.edweek.org/technology/4-things-to-know-about-ais-murky-ethics/2024/06

Qaynaq: https://muallim.edu.az/news.php?id=30953

#AzərbaycanMüəllimi #Süniİntellekt #ChatGPT


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.