“Təhsil bizim gələcəyə biletimizdir. Çünki gələcək
bugündən ona hazırlaşanlarındır.”
Məlumdur ki, cəmiyyət inkişaf etdikcə, təhsil
sferası da inkişaf edir, yeniləşir, təkmilləşir və dünyəviləşir. Qloballaşan
dünyada ölkələrin inkişaf səviyyəsi iqtisadi meyarlarla yanaşı, həm də onun təhsil
sistemindəki vəziyyəti və mövcud kadr potensialı ilə ölçülür. Heç də təsadüfi
deyil ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası” keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri
sırasında aparıcı mövqe tutan, qabaqcıl texnologiyalara əsaslanan
infrastruktura malik təhsil sisteminin yaradılması üçün bir sıra genişmiqyaslı
tədbirlər müəyyənləşdirib. Respublikamızda son onillikdə Beynəlxalq təhsil
sisteminə inteqrasiya sahəsində yeni addımlar atılıb.
Ölkənin ən çoxsaylı sosial platformalarından biri
olan Təhsil Forumu - 2024 sosial platformasının 5 illiyi münasibətilə 1250 nəfərin
iştirakı, “Life Academy”nun rəsmi tərəfdaşlığı ilə keçirilən Beynəlxalq Təhsil
Forumunu bu istiqamətdə atılan növbəti addım hesab etmək olar.
Beynəlxalq Təhsil Forumununda dünyanın aparıcı təhsil
ölkələrindən sayılan Finlandiya, Sinqapur, Çin və Türkiyədən təşrif buyurmuş
mütəxəssislərin təqdimatında “Məktəb işinin təşkili və idarə olunması”, “Müəllim-şagird
münasibətlərinin qurulması”, “Sinfin idarə olunması və disiplinin qorunması”,
“Şagirdlərə psixoloji yanaşma”, “Məktəbəqədər təhsilin təşkili” kimi məruzələr
tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur. Beynəlxalq Forumda
Respublikamızdan spiker olaraq tanınmış jurnalist, peşəkar təhsil
araşdırmaçısı, bir çox tədqiqatların müəllifi Böyükağa Mikayıllı çıxış
etmişdir.
Onu da qeyd etmək yerinə düşər ki, Forumda Böyükağa
Mikayıllının Ülviyyə Mikayıllı ilə birgə nəzəri və təcrübi araşdırmalarının nəticələrinə
əsaslanan, Təhsil Forumunun bilavasitə sponsorluğu ilə nəşr olunan “Şagirdi məktəbdə
necə xoşbəxt etməli?” kitabı bütün Forum iştirakçılarına hədiyyə edilmişdir. Bu
günki günümüzdə maarifçilik missiyası yerinə yetirmək heç də asan iş deyil.
Onun oxucu auditoriyası əsas etibarilə müəllimlər, təhsil tədqiqatçıları,
pedaqoji sahənin mütəxəsisləridir. Uzun illərdən bəri tanıdığım Böyükağa müəllimin
yazıları klassik pedaqoji irslə müasir elm, təhsil, pedaqoji problemləri əhatələyir,
oxucuya, belə demək mümkünsə, “qatı açılmamış mövzular” təqdim edir. Onun son
illər çap olunmuş “Dünyanın təhsil mənzərəsi”, “Sinqapur təhsilinin fəlsəfəsi”,
“Yanuş Korçak”, “Bir səma altında”, “Stiven Hokinq – təslim olmayan adam”,
“Dünyanın Kıbrısı, Kıbrısın dünyası” kitabları dediklərimə əyani sübutdur.
Bu kitabların hər birində araşdırılan mövzular,
qaldırılan problemlər Azərbaycanın təhsil və pedaqoji ictimaiyyəti üçün tamamilə
yenidir. Doğrusu, jurnalist dostumuzun bəhs etdiyi mövzular, eləcə də həmin
mövzulara nümayiş etdirdiyi yanaşma bir jurnalistin fəaliyyət dairəsindən xeyli
kənardır, desəm, yəqin ki, Böyükağa Mikayıllının oxucuları məndən inciməzlər.
Bu əsərlərin hər biri elmi-tədqiqat işi səviyyəsində işlənmiş əsərlərdir.
Kitablarla tanış olduğum üçün elə bilirəm ki, fikrimdə yanılmıram.
Bu gün biz müasir dünyanın pedaqoji mənzərəsini, təhsil
problemlərini, yeni təhsil tendensiyalarını, qısaca desək, dünya təcrübəsini
öyrənməliyik və müəyyən məqamlarda öyrənirik də. Böyükağa Mikayıllının tədqiqatlarında
da bu cəhət özünü göstərir, amma fərqli formatda. Bu fərq jurnalistin dünyanın
elmi pedaqoji irsi ilə müasir təhsil məsələlərini vəhdətdə təqdim etməsidir. Yəni,
düşünmək olar ki, o, bir tədqiqatçı jurnalist olaraq ya müasir təhsil məsələlərini,
dünyanın qabaqcıl universitetlərini araşdırar, ya da klassik pedaqoji irsə
müraciət edib onları oxucuya təqdim edər.
Böyükağa müəllim yazıları ilə dünyanın müasir təhsil
sistemləri, qədim və müasir universitetləri, onların keçdikləri inkişaf yolu
haqqında əhatəli materiallarla çıxış edir. Jurnalistin elmi-publisistik üslubu
da bir tərəfdən ona geniş oxucu auditoriyası qazandırır. Etiraf edim ki, bu
yazıların hər birini mən də maraqla oxumuşam və düşünmüşəm ki, nə yaxşı ki, təcrübəsindən
bəhrələnməli olan bizim öz mütəxəssislərimiz var. Sərvəti dəryanın dərin
qatlarında axtarmayaq, o, bizim öz aramızdadır, əl uzatsaq,
çatacaq.TehsilForumu Az - Bu əsərlər
taftalogiyadan, sözçülükdən tam uzaqdır. Onlar sözün həqiqi mənasında oxucunun
gözləri qarşısında müasir dünyanın təhsil sisteminə, klassik pedaqoji irsə pəncərə
açır, zəngin məlumat mənbəyi formalaşdırır.
Müəllifin əsərlərinin bir qisminin xarici dillərə tərcümə
edilməsi də həm onun özünün, həm də təhsil mətbuatımızın uğurudur. Yeri gəlmişkən
Böyükağa Mikayıllının tədqiqat xarakterli məqalələrinin yer aldığı “Yaradıcılıq
axtarışları” və “Müasir dərs, yeni yanaşmalar” kitabını xüsusi vurğulamaq
lazımdır. Qabaqcıl pedaqoji təcrübədən bəhs edən bu yazılarla jurnalist unudulmaqda
olan bir tendensiyaya-qabaqcıl pedaqoji təcrübənin öyrənilib yayılması
tendensiyasına yeni həyat verir. Bununla da Böyükağa Mikayıllı təhsildə,
pedaqoji mühitdə zəngin ənənənin yaşamasına, müasir pedaqoji tendensiyaların
yayılmasına, müasir ruhlu müəllimlərin tanınmasına, onların mənəvi həvəsləndirilməsinə
nail olur.
Mənim üçün, elə oxucu üçün maraqlı olan cəhət həm də
burasıdır ki, o, tədqiq etdiyi mövzuların arxasınca, minlərlə kilometr məsafə qət
etməyə cəsarət tapır, dünyanın məşhur universitetlərinin arxivlərində, muzeylərində,
elmi laboratoriyalarında araşdırmalar aparır. Bu tədqiqat obyektləri
Almaniyanın Humboldt adına Berlin Universiteti, Berlin Texniki Universiteti,
Düsseldorf Henrix Heyne Universiteti, Praqada Karlovi, Krakovda Yagellon, Quzey
Kıbrısda Girnə Amerikan, Doğu Akdeniz və digər universitetlərdir, elmi tədqiqat
mərkəzləridir. Jurnalist bu universitetləri tədqiq edib oxucuya çatdırmaqla,
yüz illərlə yaşı olan, dünyada tanınan, böyük nailiyyətləri ilə seçilən
universitetlərin inkişafına yol açan amilləri göstərir, universitet
quruculuğunun təməlində dayanan faktorları sadalayır.
Onun tədqiq etdiyi universitetlər müasir
universitet modelinin özüdür. Yalnız bilik deyil, insanın malik olduğu ürək onu
gördüyü işdə irəli apara bilər. Jurnalist dostumda da məhz bu xüsusiyyəti illərdir
ki, müşahidə edirəm: onun yaradıcılıq yoluna məhz biliyi ilə ürəyi rəvac verir.
Böyükağa müəllimin peşəyə sədaqəti sayəsində yaşatmaqda davam etdirdiyi “Məktəbəqədər
və ibtidai təhsil” jurnalıdır. Bu yazıda jrunalist dostum Böyükağa Mikayıllının
yaradıcılığının və xarakterinin müəyyən cizgilərindən bəhs etdim. Əslində
yazmağa, danışmağa, təhlil etməyə çox nüanslar var. Düşünürəm ki, dünya təcrübəsinə
istinad etməklə yanaşı, öz dəyərlərimizi də tanımalı və tanıtmalıyıq. Onlar
bizim gənclərimiz də ola bilər, orta nəslin nümayəndələri də, yaşlılar da...